Modern.az

80 yaşlı informatika müəllimi tələbəyə nə öyrədə bilər?

80 yaşlı informatika müəllimi tələbəyə nə öyrədə bilər?

Ölkə

10 Fevral 2010, 18:14

Azərbaycanda gənclər üçün kifayət qədər şərait yaradılıb. Sadəcə, bu şəraiti düzgün qiymətləndirmək lazımdır. Fevralın 10-da Azərbaycan Media Mərkəzində keçirilən debatın  iştirakçıları belə qərara gəldilər. “Yeni Nəsil” Jurnalistlər Birliyinin təşkilatçılığı ilə keçirilən debatda “Dalğa” Gənclər Hərəkatının  sədr əvəzi Ağarəhim Poladovla Gənc Hüquqşünaslar Birliyinin sədri Elmari Məmişov opponent qismində iştirak edirdilər.

 

Debat iştirakçıları Azərbaycan gənclərinin  mövcud problemləri barədə fikir mübadiləsi apardılar. Hər iki tərəf təhsil, ordu və digər sahələrdə gənclərin fəaliyyəti ilə bağlı  müəyyən çatışmazlıqların olduğunu vurğuladılar. Təhsildə  rüşvət və qeyri-peşəkar müəllimlərlə bağlı məsələlər qaldırıldı. “Dalğa” Gənclər Hərəkatının üzvləri dövlət universitetlərində dərslərin hələ də köhnə sovet sisteminə  uyğun şəkildə aparılmasından gileyləndilər. “80 yaşında dərs keçən, səsi auditoriyada eşidilməyən informatika müəllimindən nə öyrənə bilərik” kimi suallar verdilər. Hərəkatın sədr əvəzi Ağarəhim Poladov Azərbaycan gəncləri üçün müəyyən sahələrdə lazımi şərait yaradıldığını etiraf etdi: “Əgər şərait deyəndə sovet üsullu tədris, cüzi sayda tələbələrin xaricdə təhsilinin təmin edilməsi nəzərdə tutulursa, bəli, belə şərait yaradılır. Bəs tələbələrin ifadə azadlığı, rüşvətə qarşı mübarizə aparması, azad fikir bildirməsinə görə institutdan qovulmaq? Bu cür hallar da var” .

 

Gənc Hüquqşünaslar Birliyinin sədri Elmari Məmişov gənclərlə bağlı müəyyən sahələrdə problemlər olduğunu etiraf etdi: “Elə söz azadlığının  təminatında da kifayət qədər problemlər var. Amma hər bir insan müxtəlif vasitələrlə öz fikrini ifadə edə bilər”. E.Məmişov rəhbərlik etdiyi təşkilatın antikorrupsiyaya dair dövlət proqramlarının monitorinqini apardığını və bu sahədə də kifayət qədər problemlər olduğunu bildirdi: “İndi sağlamlıq haqqında arayışı 20 manata almaq olar. Burda məsuliyyət bir tərəfdən baş həkimin üzərinə düşürsə, digər tərəfdən vətəndaşın öz üzərinə düşür”.

 

Debat iştirakçıları 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramının da tətbiqini yüksək qiymətləndirdilər. Amma bu proqramdan istifadə etmək istəyənlərin sayının az olduğunu da vurğuladılar. Belə bir versiya da səsləndi ki, bunun səbəbi həmin proqram üzrə təhsil alanların məcburən 5 il ərzində dövlət idarəsində işləməsi ilə bağlı şərtin mövcudluğu ola bilər.

 

Diskussiyalar zamanı gənclərin yaralı yeri olan ordu ilə bağlı vəziyyətdən də söz düşdü. Hərbi xidmətdə olan gənclərin başına gələnlərdə komandirlərlə yanaşı, əsgərlərin özlərini də müəyyən qədər günahı olduğu vurğulandı.

 

Yekunda debat iştirakçıları hazırda Azərbaycan gənclərinin problemlərinin həlli uğrunda müəyyən işlər görüldüyünü, amma yenə dəyişikliklərə ehtiyac olması barədə razılığa gəldilər. 

F.Əliyeva

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?