Üç il nə yaman tez keçdi, İlahi! Elə bil dünən idi. Qara xəbər bir anda hamımızı sarsıtdı; ana, ata, bacı, qardaş, qonşu, dost ürəyinə, səsinə, yerişinə, duruşuna təsir etdi. Elə təsir etdi ki, dillər tutuldu, elə təsir etdi ki, dizlər əsdi, elə təsir etdi ki, Moskva, Bakı, Tbilisidə yaşayan doğmalar göz qırpımındaca bir yerə toplaşdılar. Barış Mançonun bir mahnısı yadıma düşdü: “Qara xəbər tez duyulur”.
Axı nə baş vermişdi? Bəlkə bu insanlar toy üçün çağırılmışdı? Bəlkə nişan üçün yığılmışdılar? Ancaq bunların heç biri deyildi - nə toy vardı, nə nişan. Bəs nə idi? İllərdən bəri bir-birinin üzünə həsrət qalan, ayda-ildə telefonla danışan insanlar niyə bir yerdə idilər? Biri hıçqırır, bir için-için ağlayır, o biri o yan-bu yana var-gəl edərək gözlərinin yaşını silirdi. Görəsən, heçmi ümid yoxdu? Bu necə ola bilər? Tale onu niyə belə tez aparır? Axı xəstə deyildi. Heç şikayəti də yox idi. Aman Allah, bu günü də gördük. Həkimlərə yaxınlaşıram. “Çarə yoxdur. Beyninə qan sızıb, komadan çətin çıxa”, - deyirlər.
Ailə olaraq ilk itkimizi verirdik. Allah bir daha göstərməsin. Ana-ata, bacılar başının üstündə keşik çəkir. Qardaşlarından biri ayaq ucunda durur, arada gəlib saçını sığallayır, qulağına nə isə pıçıldayırdı. O birisi isə heç yaxınlaşmırdı. Səbəbi bəlliydi. Ürəyi ağrıyır bu qardaşımın. Həm də ortancıl olsa da, ailəmizin əziyyətini o, daha çox çəkib. Allah atamızın canına dəyməsin, amma o, sanki bizə ata əvəzi olub, ona görə oglunun, qardaşının vəziyyətinin hər an daha da ağırlaşmasına dözə bilmir. Gələnlərlə söhbət edir, “dualar edin”, - söyləyir. Hamının bir istəyi var: gözlərini açıb heç olmasa ətrafa baxsın, son ürək sözünü desin, yolunu həsrətlə gözləyib toyunu çaldırmağa hazırlaşdığı oğlunun üzünü görsün. Görmür, amma eşidir. Göynəyən ürəklərimizin səsini eşidir, gözlərindən yaş süzülür. Oğlu yaxınlaşıb bir əli ilə atasının, o bir əliylə özünün göz yaşlarını silir, astadan «mənəm Nicatdır» - deyir. Qızı da sağ tərəfinə keçir. «Mənəm ata Gəncalədir”. Aman Allah, deyəsən tərpəniş var. Ümid var. Həkimlər də şokdadır. Evə gətirmək üçün, canını doğma divarlar arasında tapşırması üçün xərək də hazırdır. O isə qalxıb yerində oturur və üzünü oğluna tutaraq deyir: «Nicat, nə gec gəldin, bayaqdan yolunu gözləyirdim». Sonra qızına baxır: «Topuş, kiminlə gəlmisən?». Cavab aldıqdan sonra yenidən uzanır. Hamı sevinir, çox ümidlənir. Anamsa için-için ağlayır. «İşıq salır», - deyir. Buna da şükür. Heç olmasa oğlu, qızı ilə görüşdü. Vida görüşü olsa belə…
Həkimlər israrlarımza baxmayaraq “evə aparın”, - dedilər. Gətirdik… “Qulağı yasin eşitsin”, - söylədilər. Onu da etdik. Surə oxundu. Bitdi. Bu surəylə bərabər onun da ömrü bitdi. Yenə ana ürəyi. Yenə də ağsaqqal təmkini. Həmin vaxt anam ağlamadı, ağlayanlara pərvanə oldu, onları qorudu. Nicatı qorudu, Afəti, Bəybalanı qorudu. Hamısını sakitləşdirdi, öz içi göynəsə də… Bircə Bəybalanı sakitləşdirə bilmədi. Hamı sakitləşmişdi, o isə hey durmadan ağlayırdı, ağlamırdı, həm də ağı deyirdi, xatirələrini danışırdı, şirin, mənalı, çətin günlərini yada salırdı…
2009-cu ilin 28 oktyabrı… O, dəfn olundu. Qəbri balaca qayığa oxşuyurdu. Elə bil dəniz qurumuşdu, qayıq torpağın üstündə qalmışdı. Mən indi anlayıram ki, onu ölüm öldürmədi, onu həyat öldürdü. “Ey ölüm gəl, həyat bizi öldürdü”.
Doğuluşuna qurbanlar kəsilən qardaşım Məzahir dünyadan beləcə köçdü. Nakam getdi, gözü arxada qaldı. Nicatında qaldı. Bu dünyada bir yer də boş qaldı. Toyuna hazırlaşdığı oğlunun çiyinlərində haqq dünyasına qovuşdu. Allah yerini cənnətlik etsin!!! Nur içində yatsın!!! İndi üçüncü ildönümü yaxınlaşır. Bəlkə buna görədir ki, tez-tez yuxularımıza girib, etibarsızlığımızdan danışır, onu yoxlmamadığımıza görə bizi qınayır… Gəncəyə gedirəm, onu bir daha görmək üçün, məsum-məsum baxan şəklinə bir daha tamaşa etmək üçün, anama təsəlli olmaq üçün, atama dayaq olmaq üçün…