Modern.az “Bu milli qəhrəmanı tanıyırsanmı?” adlı təbliğatı çərçivəsində oxucularımıza Azərbaycanın bütün Milli Qəhrəmanlarının ömür yolunu qısaca da olsa, tanıtmağa çalışır. Xatırladaq ki, Azərbaycanın 210 Milli Qəhrəmanı var, onlardan 19 nəfəri sağdır. Beləliklə, bu Milli Qəhrəmanı tanıyırsanmı? Rafiq Cəfər oğlu Alıcanov 11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açıb. Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Rusiyanın Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olub. 1988-ci ildə təhsilini bitirib Ukraynada ixtisası üzrə işə başlayan Rafiq Azərbaycan haqqında onu narahat edən xəbərlər alır və vətənə geri dönür. Rafiqin şərəfli döyüş yolu Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçir. Cəbhədə göstərdiyi qəhrəmanlıqlar sayəsində o, kapitan rütbəsinədək yüksəlib. Cəsur zabit dəfələrlə cəbhənin ayrı-ayrı istiqamətlərində ermənilərin canlı qüvvə texnikasının məhvində şəxsən iştirak edib. 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə o, qəhrəmancasına həlak olub. Ailəli idi, bir qızı və bir oğlu yadigar qalıb. Azərbaycan Respubliksı Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə kapitan Alıcanov Rafiq Cəfər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.