st1:*{behavior:url(#ieooui) }
ONLAR BU YOLLA BİR MÜDDƏT MƏSULİYYƏTDƏN YAYINA BİLİBLƏR
Dünyada plastik cərrahiyyə əməliyyatı keçirənlərin sayı sürətlə artmaqdadır. Lakin bu əməliyyata meyl edənlərin heç də hamısının məqsədi xarici görünüşlərini gözəlləşdirmək deyil. Plastik əməliyyat keçirənlər arasında cinayətkarların da öz çəkisi var. Hüquq-mühafizə orqanları əməkdaşlarının məlumatlarına görə, ağır cinayət törətmiş şəxslərin plastik əməliyyat keçirməklə məsuliyyətdən yayınması hallarına tez-tez rast gəlinir. Məlumatlara görə, hazırda İnterpolun axtarışında olan bir çox qatı cinayətkar var ki, onlar xarici görkəmlərini dəyişib, başqa ad altında gizlənirlər.
Plastik əməliyyat yolu ilə insan simasının tam dəyişdirilməsi mümkünləşib ki, bu da milyonlarla dollara başa gəlir. Belə əməliyyatların aparılması üzrə ixtisaslaşan məşhur həkimlər də çoxdur. Pula olan tamah bəzən belə həkimləri Hippokrat andını pozmağa və qatı cinayətkarı başqa bir adam etməyə sövq edir. Buna misal olaraq moskvalı professor Şmelyovu göstərmək olar. O, vaxtilə öz ölkəsində axtarışda olan Çili Kommunist Partiyasının sədri Luis Karvolan üzərində cərrahiyyə əməliyyta aparmaqla onun sifətini tam dəyişdirməyə nail ola bilib. Əməliyyatdan sonra xarici görünüşcə tamamilə başqa bir adam olan Luis Karvalon Çiliyə qayıdaraq orada terror və cinayətkarlıqla məşğul olub. Bu qatı cinayətkar öz ölkəsində minlərlə insanın ölümünü təşkil edib. Moskvalı professor Şmelyovun cinayətkarın simasını dəyişdirməsi SSRİ DTK-sının diqqətindən yayınmayıb. Bəzi məlumatlara görə, Şmelyovun bir müddət sonra müəmmalı şəkildə ölməsi məhz DTK tərəfindən təşkil olunub.
Plastik əməliyyat yolu ilə simasını dəyişdirərək uzun müddət məsuliyyətdən yayına bilən cinayətkarlardan biri də ABŞ-da axtarışda olan manyak Henri Malteks olub. Azyaşlı qızların zorlanmasında günahlandırılan bu şəxs bir neçə dəfə cərrahiyə əməliyyatı keçirib. O, əvvəlcə gözlərinin, daha sonra burnunun və qulaqlarının, ən sonda isə saçlarının görünüşünü dəyişdirməklə iyrənc əməllərini davam etdirərək bir neçə il insanları vahimə içərisində saxlayıb. Təsadüf nəticəsində yaxalanan manyak çıxış yolu tapmadığından intihara əl atıb.
Oxşar hadisə Rusiya da baş verib. 20-dən çox qadına cinsi təcavüzdə günahlandırılan Mişiyev soyadlı xüsusi təhlükəli cinayətkar sifət cizgilərini dəyişdirməklə bir neçə il Rusiyanın hüquq-mühafizə orqanlarını barmağına dolayıb. Maraqlıdır ki, birinci plastik əməliyyatdan sonra iki dəfə milisin yaxaladığı Mişiyev qaçmağa nail olub. Bundan sonra o, yenidən əməliyyat keçirməklə gizlənə bilib. Rus qadınlarının ehtiyat etdikləri Mişiyev düz 7 il məsuliyyətdən qaça bilib.
Fransada isə qısqanclıq zəminində öz dostunu qətlə yetirən Eme Deşam cinayət məsuliyyətdən qaçıb qurtarmağın yolunu cinsini dəyişməkdə görüb. Hollandiyada həkimlərin əməliyyat yolu ilə qadına çevirdiyi E.Deşam xüsusi xidmət orqanlarının bir müddət sonra həyata keçirdiyi əməliyyat nəticəsində yaxalanıb.
Təxminən 10 il öncə Türkiyədə 3 nəfəri qətlə yetirən Ömər Albayraq da plastik əməliyyat keçirən məşhur cinayətkarlar sırasına daxildir.
Azərbaycanda plastik əməliyyatların keçirilməsinə 1980-ci ildən sonra başlanılıb. İndiyədək ölkəmizdə yüzlərlə insan müxtəlif bədən orqanlarının dəyişdirilməsi üçün əməliyyat keçirib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, xarici ölkələrdə olduğu kimi Azərbaycanda da plastik əməliyyat keçirən şəxslər arasında cinayətkarlar olub. Lakin onlardan heç birinin sifətini tam dəyişdirməyə nail ola bilmədiyi bildirilir. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Azərbaycanda axtarışda olan cinayətkarlar arasında burunlarını, ağız və gözlərinin quruluşunu dəyişdirən şəxslər bir müddət məsuliyyətdən yayına bilsələr də, sonda yaxanalanıblar. Məsələn, 1992-ci ildə 10 nəfəri qətlə yetirən Azərbaycan vətəndaşı Rəşid İsmayılov plastik əməliyyat keçirən cinayətkarlardan biridir. Xüsusi təhlükəli bu cinayətkar sifətinin dərisini, burun və göz nahiyəsini dəyişdirməklə uzun müddət xarici ölkələrdə gizlənə bilib. R.İsmayılovun plastik cərrahiyyə əməliyyatını Azərbaycandan kənarda keçirdiyi bildirilir. Bir neçə il gizli həyat sürən R.İsmayılov hüquq-mühafizə orqanlarının keçirdiyi uğurlu əməliyyat nəticəsində Daşkənddə yaxalanaraq Azərbaycana gətirilib.
Adəm Qorxmaz