Modern.az

Azərbaycanda özəlləşdirilən müəssisəyə 50 milyon manat investisiya qoyulacaq

Azərbaycanda özəlləşdirilən müəssisəyə 50 milyon manat investisiya qoyulacaq

Ölkə

15 Fevral 2010, 17:02

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq «Azenco» səhmdar cəmiyyətinin səhmlərinin satışı üzrə elan edilən investisiya müsabiqəsinə yekun vurulub.

Əsas fəaliyyət növünü enerji obyektlərinin, bina və qurğularının tikintisi, quraşdırılması, sazlanması, əsaslı və cari təmirini təşkil edən səhmdar cəmiyyətinin özəlləşdirilməsi ilə bağlı elan edilən investisiya müsabiqəsində iştirakçılar qarşısında bır sıra şərtlər qoyulmuşdu. Belə ki, gələcək investor müəssisənin mövcud fəaliyyətinin beynəlxalq normalar və müasir tələblər səviyyəsində yenidən qurulması və təkmilləşdirilməsi məqsədi ilə İnvestisiya Proqramı təqdim etməli idi. Bu təkliflər əsasən qabaqcıl texnologiyaların və avadanlıqların alınması və quraşdırılması, göstərilən iş və xidmətlərin səviyyəsinin yüksəldilməsi və müasir standartlara uyğunlaşdırılması, habelə müəssisənin ərazisinin abadlaşdırılması kimi məsələləri əhatə edirdi.

Komitənin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün bir neçə iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim edilib. Müvafiq nazirlik və təşkilatlarından nümayəndələrin daxil olduğu Müsabiqə Komissiyasının qərarına əsasən hər iddiaçı iştirakçı statusunu əldə edib. Müsabiqə iştirakçılarının təqdim etdikləri investisiya təklifləri baxıldıqdan sonra Müsabiqə Komissiyası açıq səsvermə yolu ilə qərar qəbul edib. Bu zaman müsabiqə şərtlərinə uyğun olaraq müəssisənin fəaliyyətinin genişləndirilməsi və gələcəkdə inkişaf etdirilməsi məqsədi ilə  daha əsaslı İnvestisiya Proqramı və maksimum həcmdə investisiya yatırımı təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük verilib.

Səsvermənin nəticələrinə uyğun olaraq, «İnter Enerji» Məhdud Məsuliyyətli Cəmiyyəti «Azenco» ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib. Belə ki, müsabiqənin qalibi olmuş “İnter Enerji” MMC təqdim etdiyi investisiya proqramına əsasən səhmdar cəmiyyətinin inkişafına yönəlmiş işlərin həyata keçirilməsinə 50 milyon manat məbləğində investisiya qoyuluşunu öhdəsinə götürüb. Bu vəsaitin 4 il ərzində yatırılması nəzərdə tutulur. Qoyulacaq investisiyalar əsasən  müəssisənin Bakı, Sumqayıt, Gəncə, Lənkəran və respublikanın digər ərazilərində yerləşən istehsalat və xidmət sahələrinin inkişafına və müasir tələblər səviyəssində yenidən qurulmasına yönəldiləcək. Həmçinin bu investisiyalar nəticəsində gələcəkdə Sumqayıt Texnologiyaları Parkına daxil olan müxtəlif sahələrin (polikarbonat şüşələrin istehsalı, paylayıcı transformatorlar, sinkləmə, hidrogenerator, texniki qazların, sayğacların, yüksək gərginlikli avadanlıqların, 110-55 kV-lik kabellərin istehsalı sahələri, habelə dəmir məhsulları, hidroturbinlər və misəritmə istehsalat sahələri) yaradılması və inkişafının təmin edilməsi nəzərdə tutulur. Eyni zamanda Mingəçevirdə mərmər və qranit daşların istehsalının genişləndirilməsi, Sumqayıtda yük maşınları istehsalının təşkili məqsədi ilə tədbirlə görüləcək.

Bunula yanaşı, müsabiqənin digər şərtlərinə müvafiq olaraq, müsabiqə qalibi 6,4 milyon manat məbləğində vəsaiti dövlət büdcəsinə köçürəcək. Eyni zamanda investor silinmək üçün 100 000 ədəd dövlət özəlləşdirmə çekinin təqdim edilməsini öhdəsinə götürüb.

Bütün bunlarla yanaşı təqdim edilmiş investisiya proqramında ekoloji məsələlərin həlli və investisiya qoyuluşu nəticəsində müəssisədə 1000 – 1500 yeni iş yerinin açılması nəzərdə tutulur.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?