
Yaradıcı adam özünün yaratdığı dünyadan hamının yaşadığı dünyaya vaxtaşırı qonaq gedəndə əksər hallarda ya qapıdan qaytarılır, ya da mehmani olduğu aləmin arzuolunmaz sakininə çevrilir. Onu öz dünyasına bürünəndə, o dünyanı özünə çıxılmaz qəfəs edəndə sevirlər. Kafkanın ”Qəsr”i, Qoqolun “Şinel”i öz yeganə sakinini mənimsəməklə yanaşı, onu başqalarının gözündə də tamamilə qəribə bir məxluqa çevirir.
Bizim qəhrəmanin da öz yaratdığı dünya var və o özünü tanıyandan həmin dünyada yaşayır. Hətta deputat olanda belə, oradan çıxıb bu dünyanın siyasətinə qoşula bilmədi. Çünki o, yəni, Əkrəm Əylisli elə ona görə Əkrəm idi ki, öz yaratdığı dünyasının sevimli sakini idi. Mən və gənc qələm dostlarım bu dəfə Əkrəm müəllimdəm danışırıq.
Beləliklə, Modern.az saytının “Ustadlar gənc yazarların gözü ilə” rubrikası davam edir.
Kiminin əlində ağ fırçanı gördük, kiminin də əlində qara. Neyləmək olar daha…
Əkrəm müəllimin dünyasından fərqli olaraq, bu dünyanın ən “xodgedən” rəngləri elə ağla qaradı...
Elnur Eltürk (gənc yazar): “O, ədəbiyyatda gənclərlə yaşlılar arasında bir körpüdür”
- Əkrəm Əylisli sərbəst yazar olmaqla yanaşı, yazdığı əsərlər müasir dövrün tələblərinə cavab verir. Bəzi hallarda onun fikir və düşüncələri gənclərin fikirlərilə üst-üstə düşür. Bu da onu göstərir ki, Əkrəm müəllim zamanın nəbzini tutan yazıçıdır. Mən deyərdim ki, Əkrəm Əylisli ədəbiyyatda gənclərlə və yaşlılar arasında bir körpü və vasitədir. Mən onu bu gün gərginləşməkdə olan münasibətləri barışa gətirən körpü adlandırırdım. Hələ bundan sonra da onun əsərləri yaşayacaq və sevilə-sevilə oxunacaq.
Mirmehdi Ağaoğlu (gənc yazar): “Onun qəhrəmanları bütün çətinliklərə sanki yuxu ilə çarə tapırlar”
- İri həcmli əsərlər üçün bəlkə birinci cümlə o qədər də vacib deyil. Onsuz onların ağırlığı elə ilk baxışdan adamı vurur. İnternetin vaxtımızı sovurduğu dövrdə sıradan oxucuya “Hərb və sülh”ü oxumaq nə qədər ağır gəlsə də, elə o dörd cildi əl götürüb “qantel” kimi iki-üç dəfə qaldırmaq Tolstoya valeh olmaq üçün bəs edir. Bununla belə, iri romanların da ilk cümləsi xüsusi əhəmiyyət kəsb edir. “Anna Karenina”nı xatırlayaq. Amma hekayə janrı üçün birinci və son cümlələrin, xüsusilə birinci cümlənin qüvvətli, vurucu olmasına Əkrəm Əylisli təbiri ilə əşhədü ehtiyac var. Qoqolun “Şinel”ini bu qədər “gen” edən səbəblərdən biri də onun ilk cümləsidir. Bu cümlədən gizlənən intizar, əsrardır: “Departamentdə... Vacib deyil hansı departamentdə”. Əkrəm Əylislinin “Nənəmin tütün kisəsi” də adamı ilk cümlədən vuran hekayələrdəndi. Hekayənin birinci cümləsində elə bil sehr var. Hekayə elə ilk cümlədən oxucunu özünə bağlayır:
“Rəhmətlik nənəm tütünü qurtaranda məni evdən çölə buraxmazdı. Yalvara-yalvara deyərdi ki, ay oğul, otur yanımda, səndən tütün qoxusu gəlir. Mən ciblərimi silkələrdim, köynəyimin ətəyini dönə - dönə iylərdim. Tütün nə gəzirdi, iy nə gəzirdi? Mən ömrümdə ağzıma papiros almamışdım”.
“Gilənar çiçəyinə dediklərim” əsərinin də çəkici başlanğıcı var. “Şanlı məktub”, “Qara dəniz”, “May günü”, “Kiçik qardaş”, “Büllur külqabının nağılı” kimi hekayələr isə əla sonluqlu əsərlərdir. “Tənha narın nağılı”nda Qubadla Sadığın hər gecə evində paltarını soyunan Gülşənin divara düşən kölgəsinə baxmaları, hər gecə bu “kino”nu həsrətlə gözləmələri olduqca realist, dərin psixoloji boyalarla göstərilib. Onun lirik-sentimental qəhrəmanları tez-tez yuxu görməkləri ilə seçilirlər. Onun qəhrəmanları bütün çətinliklərə, müşküllərə sanki yuxu ilə çarə tapırlar. Bu priyom yazıçının əksər əsərlərində geniş istifadə olunur. Bir də Əkrəm Əylislinin əsərlərində kənd, Buzbulaq həsrəti var. Onun əsərləri kənd nəsrinin ən gözəl nümunələrindəndir. Ömrünü şəhərdə keçirmiş kənd adamları üçün onun əsərlərindən gözəl təsəlli olmaz.
Xuraman Hüseynzadə (gənc şairə): “Onun çıxışları mənə çox vaxt Henrix Böllü xatırladır”
- Əkrəm Əylisli hörmət bəslədiyim bir yazıçıdır. Onun çıxışları mənə çox vaxt Henrix Böllü xatırladır. Cəsarətlidi, açıq fikirlidi. Mənim sözün düzünü deyə bilən adamlara böyük hörmətim var. Hələ bu, ziyalı olarsa. Əkrəm müəllim fərqlidi. Ümumiyyətlə, hesab edirəm ki, xalqın dəyər verdiyi, göylərə qaldırdığı yazıçılar, zamanı gələndə o göylərdən üzünü aşağı-xalqa tutub söz deməyi bacarmalıdı. Bir də onu demək istəyirəm ki, kaş ki bizim yazıçılar, ziyalılar lazımsız, əhəmiyyətsiz söz-söhbətlərdə adlarının çəkilməsinə imkan verməyəydilər. O cümlədən Əkrəm müəllim də... Anadolu türkləri demiş, umarım, inciməz..."
Məmməd Ağayev (gənc şair, “Student time” qəzetinin şef-redaktoru): “Təəssüf ki, müxalif cəbhə Əkrəmlərii siyasətin mərkəzinə sürükləyərək, məhv etdi…”
- “Əkrəm Əylisli bu gün nə edir?" sualına cavab axtarmaq və tapa bilməmək Azərbaycan elitar oxucusunu narahat edir. "Gilas ağacı", "Ürək yaman şeydir", "Adamlar və ağaclar"ın yazarının bu gün sükunətdə qalmağa ən az mənəvi haqqı çatmır. Əkrəm Əylisli özü bir tərəzi idi, amma bu gün tərəzinin gözündədi. Bunu edən nə cəmiyyət, nə də hadisələrdir. Bunu Əkrəm Əylisli özü edib. Düşünmək lazımdır, 84 yaşlı Markes, 80 yaşlı Eko bu gün də dövri mətbuatda, ədəbi almanaxlarda esselərlə, hekayələrlə, romanlarla çıxış etdikləri halda, Azərbaycanın Markesi, Ekosu fəaliyyətini tamamilə dondurub. Bu, yalnız Əkrəm Əylisliyə aid deyil, bizim bir çox belə qocaman yazarlarımız var ki, Əkrəm Əylisli kimi hərəkətsizliklərini "uğurla" qoruyub saxlayırlar. Bu, yalnız onların yox, ümumilikdə Azərbaycan söz sənətinin hərəkətsizliyidir. Hərdən düşünürəm ki, yaxşı ki, gənc yazarlar var. Amma Əkrəmlər yoxdu. Təəssüf ki, müxalif cəbhə Əkrəmləri siyasətin mərkəzinə sürükləyərək məhv etdi. Bu, müstəqil Azərbaycanın mədəni mühitinə vurulmuş acımaz zərbədir. Bu, reallıqdır.
***
Bu dünyanın rəngləri qəhət olmasa da, fırçamızı ikisinə batırdıq. İnsan beyni “Kür qırağının meşələri” deyil ki, burada hər şey təmiz olsun, indiki cəmiyyət və siyasi arena Buzbulaq deyil ki, başdan-başa saf olsun. Və o dünyadan gələn qonağı da hərə bir cür boyayar. Ancaq mən elə fikirləşirəm ki, qonaq bəzən fırçanı o rəngə özü batırıb bizlərə verir.
Elmin Nuri