Meşələrin mühafizəsi, bərpası, yeni meşəliklərin salınması sahəsindəki göstəricilər durmadan artır. Təkcə son üç ildə 32 min 211 hektar ərazidə meşəbərpa tədbirləri aparılıb. Modern.az xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər nazir Hüseynqulu Bağırov fevralın 18-də ölkə başçısının yanında keçirilən müşavirədə səsləndirib. Nazir deyib ki, son 15 ildə meşə ilə örtülü sahələr 989 min hektardan 1 milyon 21 min hektara qaldırılıb ki, bu da respublikada meşə ilə örtülü ərazilərin 11,4 faizdən 11,8 faizə qədər artması deməkdir.
H.Bağırovun sözlərinə görə, 2008-ci ilin əvvəlindən başlayaraq Bakı-Qazax magistral avtomobil yolunun Atbulaq yaşayış məntəqəsindən Hacıqabul rayon mərkəzinədək olan 28 kilometrlik hissəsində 172 min ağac və kol əkilib. Ərazidə ümumi tutumu 35 min kubmetr olan su anbarı yaradılıb, müasir damcılı suvarma sistemi ilk dəfə yaşıllaşdırma proqramlarında istifadə edilib. Həyata keçirilən aqrotexniki tədbirlər nəticəsində ərazidə 90 faizdən yuxarı bitişə nail olunub.
”Oxşar nəticələr digər yaşıllaşdırma işləri aparılan sahələrdə də əldə edilib. Zığ-Heydər Əliyev adına Beynəlxalq hava limanı yolunun ətrafında 144 hektar ərazidə 140 mindən çox ting əkilmişdir. Günəşli yamacında 52 hektar ərazidə 69 min üzüm tingləri və ümumi yaşıllığı yaradaraq landşaftı nəcibləşdirən başqa bitkilər əkilmişdir. Əzizbəyov dairəsi - Heydər Əliyev adına Beynəlxalq hava limanı yolu ətrafında landşaftın bərpa edilməsi üçün 109 min kubmetr torpaq işləri aparılmış, 56 hektar sahədə 61,6 min ağac və kol əkilmiş, 63,5 min kvadratmetr sahəyə yaşıl çəmən salınmışdır”,-deyə nazir bildirib.
O,deyib ki, yaşıllaşdırılmış ərazilərin suvarılması üçün əlavə olaraq 2009-cu ilin sonunda 13 artezian quyusu qazılıb və su tutumu 10 min kubmetrdən çox olan su anbarı inşa edilib, uzunluğu 88 kilometr olan suvarma şəbəkəsi yaradılıb.
H.Bağırov deyib ki, Prezidentin Abşeron yarımadasında 3 milyon ağac əkilməsi ilə bağlı tapşırığınızın icrası ilə əlaqədar yaşıllaşdırılacaq ərazilər seçilib, həmin ərazilərdə, keçmiş Binə ticarət mərkəzinin ərazisi də daxil olmaqla, nazirliyin daxili imkanları hesabına 472 min kubmetr torpaq işləri görülüb, hamarlanmış əraziyə 6 min 400 kubmetr münbit torpaq, 2 min 160 kubmetr üzvi gübrə daşınıb, 9 artezian quyusu qazılıb, 10,5 kilometr uzunluğunda suvarma sistemi yaradılıb. Son iki ayda təkcə Bakı, Sumqayıt şəhərlərinin ərazilərində və yarımadanın digər sahələrində 204 mini Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən olmaqla, Bakı və Sumqayıt İcra Hakimiyyəti orqanlarının iştirakı ilə cəmi 573 min ağac və kol əkilib. 2009-cu ilin dekabrında keçirilmiş iməcilikdən sonrakı dövrdə respublikada ümumilikdə 2 milyondan çox ağac əkilib. Ümumiyyətlə isə, son payız mövsümündə - sentyabr ayından bəri respublika ərazisində cəmi 3 milyon 12 min ağac və kol əkilib ki, bunlardan da 668,96 mini müvafiq icra hakimiyyəti orqanlarının iştirakı ilə həyata keçirilib.
”Bioloji müxtəlifliyin qorunub saxlanılması nazirliyin fəaliyyətində əsas istiqamətlərdən biri olaraq qalır. Aparılmış tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət əraziləri inkişaf etdirilmiş, onların sahəsi 2003-cü ildən etibarən 478 min hektardan 876 min hektaradək artırılmışdır. Hazırda 8 milli park, 11 qoruq və 24 yasaqlıqdan ibarət bu şəbəkə ölkənin ərazisinin 10,1 faizini əhatə edir. Başlanğıcda isə bu, 5 faizdən aşağı idi. Xüsusən, Cənubi Qafqazda sahəsi 115 min 895 hektar olan ən böyük Şahdağ Milli Parkının yaradılması ilə bağlı Sərəncamınız biomüxtəlifliyin qorunması işinə böyük töhfə vermişdir”,-deyə nazir bildirib.