Məsələ görə, Şərq aləmində kişini xarakterizə edən amillərdən biri – onun evinin olmasıdır. İndi bu baxımdan vəziyyət bir az çətindir. Həm rayonlarda, həm də paytaxt Bakıda insanların qarşısında ev, mənzil problemi ciddi dayanır. Olan-qalanını yığıb borc-xərc ilə ev tikən, yaxud ata-babadan qalma köhnə mənzilini kökündən təmir etdirənlər də var.
Elə ki söz tikintidən düşdü, tikinti materialları ilə bağlı problemdən danışmaq yerinə düşər. Tikintinin əsasını da sement təşkil edir. Sement də keyfiyyətsiz olanda, bütün tikilinin taleyi sual altında qalır. Mütəxəssislər bu məsələ ilə bağlı həyəcan təbili çalmağın vaxtı çatdığını düşünürlər.
Bazarda saxta sement çoxdur
“Əgər sement bazar qiymətindən çox ucuz satılırsa, deməli şübhələnmək lazımdır, məhsul keyfiyyətsiz ola bilər”. Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir. Onun sözlərinə görə, ötən ilin sonlarında rəhbərlik etdiyi təşkilata Azərbaycanın müxtəlif bölgələrindən bu problemlə bağlı şikayətlər daxil olub. Belə ki, alıcılar sement bazarında “Qaradağ Sement” adı altında aldıqları məhsulun keyfiyyətsiz çıxmasından gileyləniblər. Məsələ ilə maraqlananda məlum olub ki, müxtəlif rayonlarda, xüsusilə də Şimal-Şərq bölgəsində ölkənin əsas sement istehsalçısı olan “Qaradağ Sement”in kisələrinə bənzər kisələrdə, amma tamamilə başqa və daha aşağı keyfiyyətli məhsul bazara çıxarılır: “Bu cür sement istehsalçıları öz məhsullarını “Qaradağ Sement”in kisələrinə bənzər kisələrə qablaşdırırlar. Üstündə də “Qaradağ Sement”in loqosu bir qədər dəyişdirilmiş formada çap olunur. Bəzi istehsalçılar heç fərqinə varmadan, “Qaradağ Sement”in loqosunun köhnə variantından istifadə edirlər. Yəni, istənilən yolla istehlakçıları aldadırlar”.
Yerli istehsalçılar “Qaradağ Sement”i təqlid edir
Eyyub Hüseynov deyir ki, bu cür mallara Azərbaycanın istənilən bölgəsindəki bazarlarda rast gəlmək mümkündür: “Təəssüf ki, təqlidçi və saxta məhsullar daha çox Qaradağ rayonu ərazisində aşkar edilmişdi”. Ekspert bildirir ki, əslində bu məsələyə İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti cavabdeh olmalıdır. Buna baxmayaraq, onların keçirdiyi monitorinqdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də iştirak edib. Monitorinq zamanı təkcə Quba rayonunda bir mağazadan 40 ədəd 50 kq-lıq kisələrdə “Qaradağ Sement” loqotipli “Optimal” əmtəə nişanlı sement aşkar edilib. Bu cür malların satışı dövlət orqanları tərəfindən dayandırılıb. Nəticədə bir neçə ay davam edən monitorinq nəticəsində bazarda saxta və plagiat məhsulların miqdarının 20-25 faiz azaldılmasına nail olmaq mümkün olub. Bununla belə, indinin özündə də istənilən bazarda “Qaradağ Sement”ə aid olmayan, amma onun adı altında satılan sement məhsullarına rast gəlmək olar.
Saxta məhsullar bazardan yığışdırılır
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti də tikinti bazarında saxta sementlərin yığışdırılması ilə bağlı işlər aparır. Son bir neçə ayda müxtəlif rayonlarda tonlarla belə məhsul aşkar edilib və satışdan çıxarılıb. Məsələn, Gəncədə "Qaradağ Sement" ASC-nin əmtəə nişanlarından qanunsuz istifadə edilmiş, ümumi çəkisi 15 ton olan məhsul aşkar edilib. Masallı, Lənkəran, və Biləsuvar rayonlarında satılan saxta sementlər əsasən “Qaradağ Sement”-in “Optimal” və “Spesial” əmtəə nişanlı sementləridir. Respublikanın qərb bölgəsində - Qazax, Şəmkir, Bərdə, Gəncə və Yevlax rayonlarında da saxta sementlər aşkar edilib və satışdan çıxarılıb.
Bu sementləri kim istehsal edir?
Lakin saxta sement istehsalı ilə bağlı yalnız monitorinq keçirməklə kifayətlənmək olmaz. Düzdür, ildə bir neçə dəfə reyd keçirib təqlidçi məhsulları bazardan yığışdırmaq olar. Amma təbii ki, gizli fəaliyyət göstərən təqlidçi firmalar öz işində olacaq, üstəlik reyd nəticəsində onlara dəymiş ziyanı ödəmək üçün daha çox məhsul buraxacaqlar. İstehlakçılarla yanaşı ziyan çəkən qurum – “Qaradağ Sement” məhz bu istiqamətdə araşdırma aparıb. Bəlli olub ki, bu cür təqlidlə məşğul olan iki iri yerli şirkət var - “And” və “AN-Emal Sənaye”.
“Qaradağ Sement”in marketinq üzrə mütəxəssisi Elşad Mirzəyev bildirir ki, əslində bu şirkətlərin buraxdığı məhsul sement üçün qoyulan minimum standartlara cavab verir: “Amma görünür, istehsalçılar “Qaradağ Sement”in əhali arasında populyarlığından istifadə edib öz məhsullarını onlara oxşadıb bazara çıxarırlar. Həmin şirkətlər “Qaradağ Sement”in loqotipini, əmtəə nişanlarını, kisələrin ümumi görünüşünü təqlid edərək öz məhsullarını bazara o formada buraxırlar. Həmin sement kisələrinin ümumi görünüşü bizim istehsal etdiyimiz məhsul kisələrinə oxşayır. Sıravi alıcı ilk nəzərdən fərqi hiss etmir. Belə məhsulların qiyməti də orijinaldan bir neçə manat aşağı olduğuna görə, alıcılar “Qaradağ Sement” adı altında daha aşağı keyfiyyətli və yalançı məhsulu alır və aldanır”. Elşad Mirzəyev bazara gələn sement istifadəçisinin bu baxımdan peşəkar olmadığını istisna etmir: “İstehlakçı görür ki, bir tərəfdə “Qaradağ Sement” 6.5 manata, digər tərəfdə yenə də həmin mal amma daha ucuz, məsələn 5 manata satılır. Satıcı da deyir ki, bahalı olan mal orijinaldır, ucuz olan isə “Qaradağ Sement”-ın kənar sexində düzəldilmiş məhsuldur. Halbuki, bütün alıcılar bilməlidir ki, “Qaradağ Sement”-in zavoddan kənar heç bir sement sexi yoxdur”.
Məhkəmə “Qaradağ Sement”in dizaynından istifadəni qadağan edib
Bu məsələ istehlakçıların kütləvi surətdə aldadılması ilə yanaşı “Qaradağ Sement” ASC-nin də nüfuzuna zərər vurduğundan, şirkət bu cür saxtakarlıq hallarına qarşı mübarizə aparmaq qərarına gəlib. Və buna görə də məhkəməyə üz tutub. Elşad Mirzəyevin dediyinə görə, şirkət tərəfindən ötən ildən etibarən iki böyük təqlidçi şirkətə qarşı – “And” və “AN-Emal Sənaye”yə qarşı məhkəmə iddiası qaldırılıb. Məhkəmə araşdırması nəticəsində məlum olub ki, “And” şirkətinin zavodu Qobustanda, “AN-Emal Sənaye” şirkəti isə Bakının Sabunçu rayonunda yerləşir. Təmsilçi deyir ki, “AN-Emal Sənaye” şirkəti məhkəmə iddiasına daha məsuliyyətlə yanaşıb: “Onların nümayəndəsi elə ilk iclasdaca bu məsələdə günahları olduğunu etiraf edib. Və Bakı şəhər İqtisad Məhkəməsinin qərarı ilə “AN-Emal Sənaye” şirkətinə tapşırılıb ki, onlar öz məhsullarını “Qaradağ Sement”in kisələrindən fərqlənən dizaynlı kisələrdə qablaşdırsınlar. Yəni, özünəməxsus dizaynlı və loqotipli kisələrdə satmalıdır. E.Mirzəyev bildirir ki, həmin qərarın verilməsindən 8 ay keçəndən sonra bazarda monitorinq aparılıb. Nəticədə həmin şirkətin öz vədinə müəyyən dərəcədə əməl etdiyi aşkarlanıb. Yəni, bazarda bu cür məhsulların sayı xeyli dərəcədə azalsa da, yenə də qalmaqdadır. Bu şirkətin sementinin bir qismi yeni dizaynlı kisələrdə bazara çıxarılsa da, müəyyən hissəsi yenə də “Qaradağ Sement” kisələrinin oxşarı olan kisələrdə satılır.
“Qaradağ Sement”in iddia qaldırdığı digər şirkət - “And”ın nümayəndələri onlarla məhkəmədə görüşmək istəməyib. Cavabdehin iştirakı olmadan keçirilən proses nəticəsində Bakı şəhər Apelyasiya Məhkəməsi bu şirkətin məhsul kisələrinin həqiqətən də “Qaradağ Sement”-in kisələrinə oxşar olması və bunun qanunsuzluğu haqqında qərar verib: “Qərar verildi ki, “And” şirkəti bizim kisələrin görünüşündən, loqotipdən istifadə etməsin və öz kisələri üçün tamamilə fərqli bir dizayn yaratsın”. Barəsində söz açılan ikinci məhkəmə prosesi bu ilin yanvarında başa çatıb.
Nə etməli?
Lakin “Qaradağ Sement”in məhkəmə praktikası da göstərir ki, təkcə hüquqi yolla bu cür məsələləri yoluna qoymaq mümkün olmur. Saxtakarlığa yol vermək istəyən istehsalçı bunun üçün müxtəlif üsullardan istifadə etməkdən çəkinmir. Eləsə, tikinti məhsulları bazarından o qədər də başı çıxmayan istehlakçının hüquqlarını kim qoruyacaq? Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov düşünür ki, bu problemi hüquqi yolla həllinə çalışmaqla yanaşı, həm də istehlakçıları maarifləndirmə işini gücləndirmək zəruridir: “Təəssüf ki, əhalidə bu barədə məlumat azdır. İnsanlar heç nəyin dərininə getmədən ucuz olan malı alırlar. Amma fikirləşmirlər ki, sement onların gələcəyinin, evinin bünövrəsinin qoyulmasına iştirak edir. Bu bünövrə düzgün qoyulmadıqda, bədbəxt hadisə və faciə ilə nəticələnə bilər”. Eyyub Hüseynov maarifləndirmək işində KİV-in də yardımına böyük ehtiyac olduğunu bildirdi.
“Qaradağ Sement”in “Optimal” əmtəə nişanlı sementi “Qaradağ Sement”-in “Spesial” əmtəə nişanlı sementi Saxta sementlər
F.Əliyeva