KİŞİLİKDƏN UZAQ “KİŞİLƏRİ” MENTALİTETƏ YAD CİNAYƏTDƏN NECƏ ÇƏKİNDİRMƏLİ?
Azərbaycanda zorlama hadisələrinin statistikası ilə bağlı fərqli məlumatlar səsləndirilir. Modern.az xəbər verir ki, həm Daxili İşlər Nazirliyi, həm də Dövlət Statistika Komitəsinin məlumatlarında zorlama, seksual xarakterli cinayətlərin azaldığı bildirlir. Qeyri-rəsmi mənbələr isə əksinə, belə cinayətlərin artdığını iddia edirlər. Bu günlərdə zorlama cinayətlərinin qarşısının alınması üçün sensaion təkliflə çıxış edən millət vəkili Qüdrət Həsənquliyev də belə hadisələrin çoxaldığını vurğulayır.
Azərbaycan mətbuatı da son dövrlər zorlama, seksual xarakterli cinayətlərlə bağlı tez-tez məlumatlar yayır. Yazılı və elektron KİV-lərin yaydığı bu xəbərlərdən məlum olur ki, son illər Azərbaycanda zorlanmaya məruz qalanlar, seksual xarakterli cinayətlərin qurbanı olanlar təkcə qadınlar deyil, həm də uşaqlardır (azyaşlı qızlar və oğlanlar). Belə hadisələrin hətta ordu hissələrində də baş verməsinə dair faktlar, məhkəmə işləri var. Buna görə də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin narahatlığını başa düşmək olar. Deputatın zorlama xarakterli cinayət əməlinə görə cəzanın yuxarı həddinin 20 ilədək artırılması, eyni zamanda belə cinayətlər törədən şəxslərin cərrahi yolla axtalanması təklifi Azərbaycan ictimaiyyətində müsbət qarşılanıb. Millət vəkili təklifini Milli Məclisdə qaldırmağa hazırlaşır. Qeyd edək ki, Q.Həsənquliyevdən xeyli öncə, Azadlığın və Sülhün Müdafiəsi (ASM) Beynəlxalq Hüquq Təşkilatı da cinsi toxunulmazlıq əleyhinə olan cinayətlərə görə cəzaların sərtləşdirilməsi tələbilə çıxış etmişdi. ASM-in sədri Mətləb Mütəllimli hələ ötən il Milli Məclisin Sədri Oqtay Əsədova bu məsələ ilə bağlı məktubla müraciət də etmişdi. M.Mütəllimli də vurğulayır ki, son zamanlar Azərbaycanda zorlama cinayətləri artıb. Təşkilat sədri hesab edir ki, insanlığa, xüsusən də mentalitetə yad olan belə cinayət hadisələrinin baş verməməsi üçün tətbiq olunan cəzalar qənaətbəxş deyil.
ASM sədri ağır nəticələrə səbəb olan zorlamaya görə, xüsusilə də (qızını, bacısını, anasını) zorlayan şəxslərə qarşı onları kişilikdən salan kimyəvi iynələr tətbiq elilməsini və yaxud öz seçimlərinə uyğun olaraq ömürlük azadlıqdan məhrum edilməsi kimi daha ağır cəzalar tətbiq olunmasını təklif edib.
Bir sıra Qərbi Avropa ölkələrində də zorlama cinayətləri edənlər müxtəlif vasitələrlə kişilik orqanlarından məhrum edilirlər. Elə bizə yaxın olan ölkədə- Türkiyədə də bir müddət öncə uşaqlara qarşı cinsi təcavüz edənlərin cinsiyyət orqanlarının fəaliyyətinin tibbi preparatlar vasitəsilə sıfır nöqtəsinə endirilməsi barədə qanunvericiliyə dəyişiklik edilib. Həm deputat Q.Həsənquliyev, həm də Azadlığın və Sülhün Müdafiəsi Təşkilatının sədri, hüquqşünas M.Mütəllimli hesab edir ki, onlaların təklifləri Azərbaycan qanunvericiliyinə salınarsa, ölkəmizdə zorlama, seksual xarakterli cinayətlərin sayı azalacaq. Yəni ağlından belə cinayətlər törətmək keçən şəxslər kişilikdən ömürlük məhrum olmaq qorxusuni göz önünə alıb, hisslərinə hakim kəsilməyə məcbur olacaqlar.
Dövlət Statistika Komitəsinin məlumatına görə, respublikamızda əsas cinayət növləri üzrə qeydə alınmış cinayətlərin statistikasında zorlama və zorlamaya edilən cəhdlərin sayı belədir: 1995-ci il - 70 hadisə; 2000-ci il – 46 hadisə; 2005-ci il – 44 hadisə; 2008-ci il – 25 hadisə. Rəsmi statistikadan aydın olur ki, zorlama və zorlamaya cəhd edənlər arasında belə cinayətlərə təkrarən əl atanlar var. Məsələn, 1995-ci ildə baş vermiş 70 cinayəti 59 nəfər törədib. 2000-ci ildə 46 cinayət hadisəsini 39 nəfər edib, 2008-ci ildə isə 25 zorlama və zorlamaya cəhdə 19 nəfər əl atıb. Deməli, cinayətkarlardan bəziləri zorlama və zorlamaya cəhdə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cəza müddətindən qorxub çəkinməyərək, öz çirkin əməllərini təkrar həyata keçiriblər. Yuxarıda göstərilən rəqəmlər rəsmi statistikada əksini tapanlardır. Heç kimə sirr deyil ki, bir çox hallarda rəsmi statistika gerçəkliyi əks etdirmir. Həm də mentalitetə yad olan belə cinayət hadisələrindən söhbət gedirsə. Etiraf etmək lazımdır ki, Azərbaycanda zorlanma, seksual xarakterli cinayətlərin bəzi qurbanları, ya da onların valideynləri bir sıra hallarda el içində rüsvay olacaqlarından çəkinərək belə hadisələri açıb-ağartmaqdan, hüquq-mühafizə orqanlarına şikayət eləməkdən ehtiyatlanırlar. Nəticədə kişilik hissinə hakim kəsilə bilməyən hansısa nakişinin təcavüz etdiyi bəzi qadınlar, qızlar, azyaşlı uşaqlar illər boyu daxili iztirab girdabında çabalayırlar.
Təəsüf ki, Azərbaycan mətbuatı mütəmadi olaraq uzun illlər boyu gizlədilən belə çirkin hadisələrin gecikmiş tarixçələri barədə məlumat verir və verməkdədir. Ona görə də bir daha indiki deputat Q.Həsənquliyevə və sabiq deputat M.Mütəllimliyə təkliflərinə görə haqq qazandırmamaq olmur.
Sonda onu qeyd etmək lazımdır ki, hətta kriminal aləmin özü də zorlama, seksual xarakterli cinayətlərin əleyhinədir. Cinayət aləminin yazılmamış qanunlarına görə, zorlamaya görə cəzaçəkmə müəssisəsinə düşən şəxslərin özünün başına digər məhbuslar həmin oyunu açırlar ki, onlara etdikləri səhv görk olsun. Adəm Qorxmaz