Modern.az xəbər verir ki, bu gün Şuşa rayon Mədəniyyət və Turizm şöbəsində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib. Tədbirdə millət vəkilləri Fəzail İbrahimli, Fuad Muradov, Azərbaycan Gənclər Təşkilatı Milli Şurasının üzvləri, Şuşa rayon ictimaiyyətinin nümayəndələri və digər şəxslər iştirak ediblər.Tədbirin keçirilməsində məqsəd Xocalı faciəsində Azərbaycan xalqının birliyini ictimaiyyətə çatdırmaq olub.
Mərasim Azərbaycan Gənclər Təşkilatı Milli Şurasının təşkilatçılığı ilə keçirilib.
Millət vəkili Fəzail İbrahimli bildirib ki, Xocalı soyqırımı iyirminci əsrdə Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli faciədir: “Tarixə nəzər salsaq görərik ki, o yenə təkrar olunur. Buna görə də xalqımız düşmənə qarşı daim ayıq olmalıdır. Daim təbliğat aparmalıyıq. Dünya ölkələrinin bu məsələdə öz maraqları, məkirli niyyətləri var. Azərbaycan dövləti öz tarixi problemini özü həll etməlidir”.
Azərbaycan Gənclər Təşkilatı Milli Şurasının sədri, millət vəkili Fuad Muradov isə qeyd edib ki,erməni vəhşiliklərini dünyaya çatdırmaq üçün müəyyən tədbirlər görürlər:
- Biz çalışırıq ki,beynəlxalq təşkilatlar Azərbaycan həqiqətlərini dünyaya çatdırsın. Ancaq reallıqda bu təşkilatların mövqeyi bəllidir. Həmçinin, Xocalı soyqırımına hüquqi qiymət verilməsinə çalışmalıyıq. Qətnamələr qəbul edilir ,amma yenə də onların həyata keçirilməsində problemlər yaranır. Beynəlxalq ictimaiyyət bizim addımlarımıza hazır olmalıdır.
Gənclər Təşkilatı Milli Şurasının üzvü Vüsalə Hüseynova vurğulayıb ki, qisasa-qisasla cavab verilməlidir: “Azərbaycan xalqı həmişə humanist olub. Biz ermənilərə güzəştə getməməliyik. Həddəflərimizi uzunmüddətə hesablamalıyıq”.
Tədbirin sonunda Xocalı həqiqətlərini əks etdirə videoçarx göstərilib. Bununla yanaşı, Şuşa rayon Malıbəyli kənd musiqi məktəbi şagirdlərinin Xocalı soyqırımı ilə bağlı hazırladıqları şeirlər də dinlənilib.
Təhminə Paşayeva