Modern.az

Bələdiyyələrə əlavə səlahiyyətlər veriləcəkmi?

Bələdiyyələrə əlavə səlahiyyətlər  veriləcəkmi?

Ölkə

1 Mart 2010, 11:48

AVCİYA-nın eksperti

Bələdiyyə seçkisindən iki aydan artıq vaxt keçir. Milli Məclisdə mütəmadi olaraq bələdiyyə sistemi ilə bağlı qanun layihələrinin müzakirəsi ümumi işin xeyrinə atılan addım sayila bilər.  Ancaq müzakirəyə çıxarılan məqamlara nəzər yetirdikdə görürsən ki, bu hec də belə deyil. Yəni, düzəlişlərin müəyyən bir  qismi simvolik xarakter daşıyır. Bunu düzəliş xətrinə düzəliş kimi də qəbul etmək olar.

Beləliklə, Milli Məclisdə (MM)  bələdiyyələrlə bağlı müzakirəyə çıxarılan hüquqi sənədlər arasında hələki  səlahiyyət məsələsi müzakirəyə çıxarılmasa da, bələdiyyə qanunvericiliyinə edilməsi nəzərdə tutulan dəyişikliklər ümumi işə cüzi də olsa köməyi dəyə bilər. Ancaq bu  məqamları əsaslı dəyişiklik kimi cəmiyyətə təqdim etmək yanlışlqıqdan başqa bir şey deyil. Yeni seçilmiş bələdiyyə üzvləri isə bu gün MM-dən daha geniş səlahiyyət və maliyyə istiqamətləri, habelə qanunvericilikdəki çoxsaylı boşluqların aradan qaldırılmasını gözləyir, desək, yanılmarıq. Maraqlı görünən isə odur ki, rəsmilər tərəfindən belə dirənişinin göstərilməsi başa düşülmür.

MM rəsmiləri qeyd edir ki, bələdiyyələrin parlamentdə hesabat verməsi onlara ayrılan vəsaitin qanunsuz məqsədlər üçün sərf olunmasının qarşısının alınmasında mühüm rol oynayacaq. Əgər söhbət dövlətin ayırdığı dotasiyadan gedirsə, qanunvericiliyə görə, bu proseslərə həm metodiki, həm maliyyə nəzarəti məhz Maliyyə Nazirliyinin səlahiyyətinə aiddir. Belə çıxmırmı ki, MM üzərinə daha bir səlahiyyəti götürür?

İkinci bir məqam: düzəlişə görə, “bələdiyyələrə inzibati nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim olunan bələdiyyə aktlarının Konstitusiyaya və qanunlara, Azərbaycan Prezidentinin fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına zidd olması faktını müəyyən edən məhkəmənin qərarı qüvvəyə mindikdən 1 ay ərzində həmin aktların dəyişdirilməsi və ya ləğv edilməməsi faktı müəyyən edildikdə bələdiyyələr vaxtından əvvəl buraxıla bilərlər”.  Əgər biz bələdiyyələrin məsuliyyət yükünü artırmaq istəyiriksə onda  onun səlahiyyət müddətini məhdudlaşdırmaqla vaxtından əvvəl buraxılması hökmən vacibdirmi?  Və bu nə qədər  ümumi işə səmərə verəcək? Prosesin həyata keçirilməsi əlavə vəsait tələb etməyəcək ki? Qeyd edək ki, bu məqamı  MSK-nın işinin artırılması kimi də qəbul etmək olar. Düzəlişdə bələdiyyə üzlərinin üzərinə bu və ya digər formada məsuliyyət yükü qoymaq, həmçinin proseslə baglı hər hansı bir formada cərimə sanksiyasının tətbiqi, fikrimizcə yerinə düşərdi.

Üçüncü məqam: “Bələdiyyələrin iclaslarının azı 3 ay keçirilməməsi və ya 3 iclasında dalbadal bələdiyyə üzvlərinin yarıdan çoxunun iştirak etməməsi faktı müəyyən edildikdə də bələdiyyələr vaxtından əvvəl buraxıla bilərlər”. Bu duzəliş də simvolik xarakter daşıyan düzəlişlər sırasına aid etmək  olar. Belə ki, özünə hörmət edən bələdiyyə üzvü fikrimizcə, belə addım atmaz. Atdığı halda, bələdiyyəyə qarşı  yenə də cərimə sanksiyasının tətbiqi məqsədəuyğun olardı. Düzəlişlərə diqqət yetirdikdə bələdiyyələrin buraxılması əsas “cəza” tədbiri kimi önə çəkilir. Lakin bu prosesin hansı formada həyata keçirməsi hələ ki, sual altında qalır. Belə hesab etmək olar ki, düzəlişlər tam və əhatəli şəkildə müzakirəyə çıxarılmayıb.  

Bəs biz  sələhiyyət və maliyyə istiqamətlərinin  olduğu halda, onu yerli orqanlara verməkdən niyə çətinlik çəkirik? Bu gün mediada Mənzil Kommunal İstismar sahələrinin (MKİS) səlahiyyətlərinin bələdiyyələrə verilməsi müzakirə obyektinə çevrilib. Ancaq rəsmilər bu məsələdədə qəti qərar verməyə tələsmirlər. Paytaxtın mənzil kommunal xidmət sahələrinin vəziyyətinə toxunaq. Bu gün adı çəkilən sistemdə 11 rayon olmaqla 7000 nəfərdən artıq dalandar, 3000 nəfərə yaxın isə rəhbər vəzifəli şəxs çalışır. Nəzərə alsaq ki, dalandarların sayı “ölü canların”  hesabına artırılma ehtimalı da az deyil. Maraqlı görünən odur ki, sistemdə  dalandarların orta əməkhaqqı rəsmi 75-80 manatı, vəzifə maaşları isə 85-90 manatı  keçmədiyi halda, onda bu sistemdəki vəzifə sahiblərinin 70%-i 30 min manatlıq maşını necə əldə ediblər? Bizdə olan məlumata görə, Yasamal rayonunda əhalidən kommunal xidmət haqlarının yığım səviyyəsi il ərzində 230 min manata bərabərdir. Ümumi  Baki üzrə isə bu rəqəmin 1,7 milyon manata bərabər olduğu deyilir. Dövlətin ayırdığı dotasiyaını da bura şamil etsək, onda yəqinki, son rəqəm xeyli artmış olacaq. Bu istiqamətdə apardığımız müşahidələr bir daha təsdiq edir ki,  hazırda adıçəkilən sahədə çalışanların əsas məqsədi və “çörəyi” məhz paytaxda aparılan qanunsuz tikintilərdən çıxır.  Rayon Mənzil Kommunal birliklərində “süpürgə” əməliyyatları ilə xeyli miqdarda vəsait silindiyi, bu sahənin mərkəzləşdiyi barədə də mediada tez-tez məlumatlar yayılmaqdadır. Qeyd edək ki, Bakıda digər strukturlarin MKİS-ləri də daxil 200 yaxın “JEK” fəaliyyətdədir. Bu sahədə şəffalığın olmaması, çoxsaylı neqativ halların baş verməsi məhz adıçəkilən sahədə korrupsiya hallarının mövcudluğunu inkar etmir. Bunu bir sıra QHT-lərin keçirdiyi rəy sorguları da təsdiq edir. Demək belə nəticəyə gələ bilərik ki, qeyd olunan sahədə müəyyən maraqların olması bu sahənin bələdiyylələrə verilməsini əngəlləyir.

Göründüyü kimi, keçmiş sovet dönəmindən qalmış sistemdə artıq çürümələr başlayıb. Və bu prosesi saxlamaq mümkün deyil. Odur ki, vəziyyətdən çıxış yolu yalnız onun ləğvi, maddi texniki bazasının isə bələdiyyələrə verilməsi daha düzgün addım ola bilərdi. Hər halda prosesə nəzarətin bələdiyyələrə verilməsini nəzərə almaqla bu strukturun əsasında Səhmdar Cəmiyyət yatadıb onu tam təsərrüfat hesablı bir müəssisəyə çevirmək də olar. Söz yox qeyd olunan hər iki təklif  həm keçərli, həm də  sahənin inkişafına səbəb olan amillərdəndir. Hər iki halda, bu sistemdə çalışan dalandar nəticə etibari ilə 75-80 manat əməkhaqqı almayacaq.  

Yuxarıda deyilənlərdən belə nəticəyə gələ bilərik ki, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsini nə qədər ləngitsək, bu sistemin inkişafı da bir o qədər geri qalacaq. Bələdiyyə sisteminin dolayısı ilə inhisara alınması uğrunda isə mübarizə davam etməkdədir.      

  

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?