Vaqif Səmədoğlu: “Vətənpərvərlik mövzusunda yazılan əsərlərlə heç bir parça torpağı belə, almaq olmaz”
Modern.az saytı Vaqif Səmədoğludan aldığı müsahibənin 3-cü hissəsini təqdim edir. İlk müsahibələr şairin ictimai-siyasi vəziyyət haqqında fikirləri və ov sərgüzəştləri ilə bağlı idisə, bu dəfəki söhbət Vaqif bəyin ədəbiyyat barədə düçüncələrindən ibarətdir. Müsahibəni sizə təqdim edirik.
- Vaqif müəllim hazırda nə ilə məşğuldur? İstər şeir, istərsə də dramaturgiya sahəsində təzə nə yazıb-yaradır?
- Hələ ki, heç nə yazmıram. Nə şeir, nə də pyes. Amma istəyirəm xatirələr yazım. Tezliklə başlamaq fikrim var. İstəyirəm öz xatirələrimi yazım, keçmişə boylanım. Yəqin ki, xeyli maraqlı faktlar olacaq orda. Bir də istəyirəm ki, Hüseyn Ariflə bağlı ayrıca xatirələr yazım. Məndə bloknotlar var. Hər dəfə Hüseyn Ariflə səfərə çıxanda, bir yerə gedəndə maraqlı sərgüzəştlər baş verərdisə yaxud o zarafat edərdisə, hamısını bloknota yazardım. Biz onunla çox səfərdə olmuşuq. Xeyli maraqlı qeydlərim var. Düzdü, İsmayıl Şıxlı onun haqqında yazdı. Yəni lətifələrini bir kitaba yığdı. Amma Hüseyn Arifin öz dili yox idi orda. Amma mən olduğu kimi, necə varsa, o cür də yazacam.
- Vaqif müəllim, hazırda gənc nəslin yaratdığı poeziyaya baxanda orada sizin təsiriniz də hiss olunur. Belə ki, indi yazılan bəzi şeirlər sizin 63-64-cü illərdə yazdığınız şeirlərə çox bənzəyir...
- Mənim ən xoşuma gəlməyən şey nəyisə cəm halında deməkdir. Heç nəyi tam götürmək olmaz. Bəlkə eləsi var ki, mən onu oxumamışam, amma onda tamam başqa nəsə var.
- Amma Vaqif müəllim, fakt öz faktlığında qalır ki, gənc poeziyanın əksər nümunələrində sizin və Ramiz Rövşənin təsiri daha çox hiss olunur. Nəyə görə bugünkü poeziya Ramiz Rövşən və Vaqif Səmədoğlu təsirindən çıxa bilmir?
- Bəzən elə vaxtlar olur ki, özüm özümdən təsirlənirəm. Bayaq siz 63-64-cü illər dediniz. Mən son zamanlar olub ki, şeir yazmışam, bir də baxıb görmüşəm o illərdə yazdığım şeirin təkrarıdı. Yəni özümdən özümə oğurluq etmişəm. Özümdən özümə plagiata yol vermişəm. Mən yazanda bilməmişəm ki, bunları necə yazmışam. Sonra baxmışam ki, bu cür şeirləri, ordakı ifadələri, mücərrədliyi həqiqətənmi mən yazmışam? O ki, qaldı gənclərin məndən plagiatlığına. Belə deməzdim. Adəmdən və Həvvadan başqa dünyada yeni heç nə yoxdu. Yeni yaradıcılıq axtarışında hər şey ola bilər.
- “Mahmud və Məryəm” romanınını oxumusunuz?
- Bəli, oxumuşam.
- Hazırlaşırlar ki, o romanı Nobel mükafatına namizədlərin siyahısına salsınlar. O roman buna layiqdir?
- Niyə də layiq olmasın? Nobel tamam başqa kriteriyalara hesablanıb. O ki, qaldı istedad baxımından həm bu, həm də bizim çox yazıçılarımız və onların əsərləri Nobelə layiqdir. Burda tamam başqa şeylər var. Orxan Pamukun özü 4-5 dəfə Nobelə namizəd göstərilmişdi. Amma ala bilməmişdi. Sonda ermənilərlə bağlı yalan faktları ona dedizdirəndən sonra Nobeli verdilər. Nobel tamam siyasi məsələdir. Həm də burda xristianlıq amili də əsas rol oynayır. Mən sizə bir şey deyim, nə qədər ki, Qafqaz xalqlarından gürcü və və ermənilər Nobel almayacaq, o vaxta qədər də Azərbaycandan heç kimə Nobel verilməyəcək. Əgər sırf bacarığa qalsaydı, onda gərək bizdə hələ 60-70-ci illərdə bir nəfər yüzə yüz Nobel almalıydı.
- Kimdi o bir nəfər?
- Akademik Yusif Məmmədəliyev. Müharibənin taleyini həll edən adamlardan biri. Alkinləşdirilmiş benzini icad etdi bu adam. O boyda Almaniyada, Amerikada bunu edə bilmədilər. Amma bir azərbaycanlı balası, ordubadlı balası bunu bacardı. Onu da sizə deyim ki, Yusif Məmmədəliyevin yetişməsində əsaslı rol oynayanlardan biri də Səməd Vurğun olub. O vaxt Yusif Məmmədliyev şeir də yazırmış və bir gün yazdıqların Səməd Vurğuna göstərib. O da baxıb deyib ki, “yazdıqların çox “bezdarnıdı””. Beləliklə də onu tam olaraq elm tərəf istiqamətləndirib.
- Yusif Məmmədəliyev elm sahəsində Nobelə layiq idi, bəs ədəbiyyat sahəsində buna layiq olan var?
- İstedad baxımından deyirsizsə, bəli, var və əvvəl də olub. Məsələn, götürək elə Cəlil Məmmədquluzadəni, Mirzə Ələkbər Sabiri. Onlar Nobel alan Bunindən, Pasternakdan nəyi ilə əskikdirlər? Və yaxud başqa yazıçılarımız Brodskidən, Nobokovdan nədə geri qalırlar? Sadəcə olaraq başqa məsələlər var.
- Son zamanlar Qarabağ mövzusunda yazılan əsərlər sizi qane edir?
- Bilirsiniz, vətənpərvərlik mövzsunda yazılan əsərlərlə gedib heç bir parça torpağı belə, almaq olmaz. Bunun başqa yolları var. Əgər ədəbiyyatla torpaq almaq olsaydı, tək Xəlil Rzanın şeirləriynən nəinki Qarabağı, hətta Avropanın yarısını da almaq olardı...
Elmin Nuri