Modern.az

Bakıda reklamların yazılışında dövlət dilinin monitorinqi aparılıb

Bakıda reklamların yazılışında dövlət dilinin monitorinqi aparılıb

Ölkə

3 Mart 2010, 10:59

Reklam lövhələrinin 37%-nin ingilis, 11%-nin türk dillərində yazıldığı, 18%-də isə rus sözlərinin latın qrafikası ilə yazıldlğı aşkarlanıb

Söz Azadlığını Müdafiə Fondu (SAMF) reklamlarda, xidmət obyektlərində, o cümlədən  media qurumlarında Azərbaycan dilinin qorunması ilə bağlı monitorinqlərə start verib. Fonddan Modern.az-a verilən məlumata görə, ilk tədbir kimi reklam lövhələrinin yazılışı zamanı 30 sentyabr 2002-ci il tarixli “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə necə əməl olunmasını aydınlaşdırmaq istiqamətində monitorinqlərə başlanılıb. Fond yaxın vaxtlarda isə media qurumlarında analoji durumla bağlı ölkə ziyalılarının, mütəxəssislərin, əlaqədar dövlət qurumları təmsilçilərinin, dilçi alimlərin iştirakı ilə geniş müzakirələrə və tədbirlərə başlayacaq.

İlk monitorinq  Bakı şəhərinin 10  mərkəzi küçə və prospektində mövcud olan  442  xidmət sahəsindəki  reklam xarakterli  lövhələri əhatə edib.  Araşdırmalar nəticəsində bəlli olub ki,   reklamların dili, konkret olaraq reklamlar hazırlanarkən dövlət dilinin tələblərinin qorunması ilə bağlı problemlər bir neçə il öncəki vəziyyətlə müqayisədə nisbətən  yaxşılaşsa da, qənaətbəxşlik çərçivəsindən hələ xeyli kənardadır. Belə ki, monitorinq zamanı reklam xarakterli lövhələrin 52% -də  Azərbaycan dili, 37% ingilis dili, 11% isə turk dilində olan sözlərdən istifadə olunub.  Bununla yanaşı müşahidə aparılan  lövhələrin  yazılışının 23% -də qrammatik  səhvlərə rast gəlinib. Lövhələrin  18%-də isə rus mənşəli sözlərin latin qrafikası ilə verildiyi aşkarlanıb. 

Qeyd edək ki, reklamların yazılışı zamanı adıçəkilən qanunun 7.1.-ci maddəsinin nəzərdə tutduğu  “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər, lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir” kimi çox vacib prinsipin tələbləri bir çox parametrlərinə görə pozulub. Əksinə bir sıra soydaşlarımızın “dəblə danışmaq” xəstəliyinin reklam lövhələrinə də sirayət etdiyi məlum olub. Azadlıq prospekti boyu sıralanan “Boçka”, “Başmaçok”, “Çudo Peçka”, İstiqlaliyyət küçəsində “Tetradka”, R.Behbudov küçəsində “Bon Apetit” şirniyyat mağazası, S.Vurğun küçəsində “Merkez Lahmacun”, “İnce Göl” və s. bu tipli adlar Azərbaycan dilində heç bir qarşılığı olmadan paytaxtın küçələrini “bəzəyir”. Bir çox qadın salonlarının üzərində yalnız ingilis dilində “Beaty salon” ifadələrinin həkk olunduğunu da nəzərə alsaq, Bakıya gəlmiş əcnəbinin və ya əyalət insanının hansı hissləri keçirəcəyini təsəvvür etmək o qədər də çətin olmaz.

Söz Azadlığını Müdafiə Fondu (SAMF) Azərbaycan dilinin müxtəlif səviyyələrdə qorunmasına həsr olunan monitorinqləri bundan sonra da davam etdirəcək. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?