Azərbaycanda uşaq əməyi geniş yayılıb. Nəqliyyat sahəsində pulyığan, maşınyuyan, bazarlarda araba çəkən, yükdaşıyan, yeməkxana və çayxanalarda ofisiant, çaypaylayan, qabyuyan, kənd təsərrüfatında çoban, pambıqyığan, küçələrdə boş şüşə yığan, zibilxanalarda metal toplayan oğlan və qız uşaqları az deyil. Amma bunlar uşaq əməyinin yayıldığı bütün sahələr deyil.
Bəzi hallarda uşaq əməyinin istismarını yoxsulluq səviyyəsinin yüksək olmasıyla əlaqələndirirlər. Yəni yoxsul ailələrin uşaqları valideynlərinə kömək üçün işləyirlər. Sahibkarlar isə uşaq əməyindən istifadədə maraqlıdırlar, çünki, uşaqlar öz hüquqlarını bilmirlər.
Azərbaycanda əməyə cəlb edilən uşaqların sayı ilə bağlı fərli rəqəmlər səslənir. Rəsmi statistika isə yoxdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli Modern.az-ın əməkdaşı ilə söhbətdə bildirib ki, ötən ilin sonlarında Milli Məclis Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikilik edib. Ölkə başçısının müvafiq sərancamına əsasən, 15 yaşına çatmamış şəxslərin sahibkarlarla bağladığı müqavilə etibarsız sayılır. 15 yaşına çatmamış şəxslərin əməyini istismar edənlər isə inzibati qaydada cəzalandırılmalıdırlar. Ancaq E.Kələntərli deyir ki, 16 yaşına çatmış şəxslər valideynlərinin icazəsi ilə sahibkarla müqavilə bağlayaraq çalışa bilər.
Modern.az-a daxil olan məlumata görə, martın 3-dən hüquq-mühafizə orqanları Bakıda uşaq əməyinin istismarına qarşı reydlərə başlayıblar. Reydlər zamanı uşaq əməyinin istismar edildiyi yerlərin siyahısının tutulduğu, belə sahibkarlara qarşı inzibati qaydada cəzaların tətbiq olunduğu bildirilir. Artıq əməyə cəlb olunan uşaqların saxlanıldığı da qeyd olunur. Belə uşaqlar ailələrinə təhvil verilirlər. Məsələ ilə bağlı DİN-dən suallarımıza cavab almaq cəhdlərimiz nəticəsiz qalıb. Modern.az