Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin (Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən) əməkdaşları tərəfindən Siyəzən rayonu ərazisində nərəcinsli balıqların qanunsuz ovlanması və satılması hallarının qarşısının alınması məqsədilə operativ reyd keçirilib.
Reyd zamanı Bakı-Quba magistral yolunun Siyəzən rayonu ərazisində 40 BG 086 dövlət nömrə nişanlı “VAZ 001” markalı avtomobilə baxış keçirilərkən 16 ədəd nərə, 1 ədəd nərəcinsli uzunburun və 50 BN 951 dövlət nömrə nişanlı “Moskviç” markalı maşında isə 11 ədəd nərə, 2 ədəd nərəcinsli uzunburun balıq aşkar edilib.
Qeyd olunan faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən akt tərtib olunmuş və qanunsuz ovlanmış 30 ədəd balıq götürülərək orqanoleptik müayinə olunması üçün Siyəzən rayon Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib. Müayinə olunmuş balıqların uzun müddət yüksək temperaturda saxlanıldığı üçün istifadəyə yararsız olduğu müəyyən edilib.
Təbiətə dəymiş 6300 manat ziyanın ödənilməsinin təmin olunması və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Nazirlik tərəfindən Siyəzən rayon polis şöbəsinə müraciət olunub.
Hazırda sözügedən ərazi Nazirliyin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən nəzarətdə saxlanılır.