Xocalı soyqırımından artıq bizi 21 il ayırır. 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə... O dəhşətli gecədə 25 uşaq (indi onlardan ən kiçiyinin 21 yaşı var-red.) hər iki valideyni itirdi.
Milli Qəhrəmanın Tofiq Hüseynovun övladları da bu “25-lər” arasındadırlar. Milli Qəhrəmanın indi Xocalı məktəbində ibtidai sinif müəlliməsi işləyən qızı Yasəmən Həsənova başına gələnləri, atası ilə bağlı xatirələrini Modern.az-la bölüşüb.
Yasəmənin bir bacısı və bir qardaşı var. Hər üçü ailəlidir. Y.Həsənova hazırda “Qızılqum” sanatoriyasında məskunlaşıb. Hadisə törədiləndə onun 12 yaşı varmış..
“12 yaşlı uşağın yadından heç nə çıxmaz”
- Fevral ayı bizim üçün çox ağırdır. Ümumiyyətlə, hər bir rayonun işğalı bizim üçün dözülməzdir. Görün nə qədər torpağımız əldən gedib. Amma orada əzizlərini itirmək daha ağırdır. Valideynlərimin ikisini də Xocalıda itirmişik. Bütün qohum-əqrabamızı itirmişik. Ümumilikdə belə desək, bir gecədə 49-a yaxın doğmamızı itirdik.
Mənim həmin vaxt 12 yaşım var idi. Belə deyirlər ki, 12 yaşlı uşağın yadında nə qalır ki? Amma belə deyil. Uşağın yadında hadisələr daha çox qalır. Bugünkü kimi yadımdadır. Biz Xocalı soyqırımı törədiləndə Xocalıda deyildik, atam bizi xalamgilə - Ağcabədinin bir kəndi var, ora gətirdi, amma anam Xocalıda qaldı.
“Mənə yalandan dedilər ki, bu atanın yox babanın tabutudur”
- Üstündən bir neçə gün keçməmiş o dəhşətlər baş verdi. Atamın meyitini gətirəndə mənim başımı aldatdılar. Gecə yatmışdım, dayım yuxudan oyatdı ki, “qızım dur gedək, deyirlər ki, erməni əsirləri ilə azərbaycanlıları dəyişiblər, anan da oradadır”. Amma ürəyimə dammışdı ki, hər şey başqa cürdür. Həyətə girəndə gördüm ki, mağar qurulub. Dedim yəqin başqa adamındır. İçəri girəndə gördüm ki, evdə tabut var. Mənə dedilər ki, bu, babanın tabutudur. Arxaya çevrilib möhkəm dayımı qucaqladım. Dedim “dayı bu kimin meyitidir? Kimdir bu qutudakı?” Mənə dedi ki, “qorxma atan deyil”. Sonra yanımda kimsə dedi ki, “uşaq bilmir ki, atası ölüb”. Birdən ayıldım, inanın dırnaqlarımla o tabutu açmaq istəyirdim.
Xocalı soyqırımı fevralın 25-dən 26-a keçən gecə olmuşdu. Atam isə fevralın 29-da meşənin ən sıx yerində özünü qumbara ilə öldürmüşdü. Martın 19-u günü bayram axşamı idi, insanlar bayramı qeyd edəndə, mən əzizlərimin tabutunu qucaqlamışam. Çünki martın 19-da atamın meyitini gətirdilər. Onun meyitini 22 gündən sonra tapıb gətirmişdilər.
“Atam deyirdi ki, Şəhidlər xiyabanında yatanlar xoşbəxtdirlər”
- Qardaşım Murad məndən 3 yaş balacadır. O da elə bilmişdi ki, ölən babamdır. Atam üçün Ağcabədidə qəbir qazılmışdı. Amma atamla bir yerdə vuruşan Familə xanım dedi ki, “nə danışırsınız, mənim komandirim burada dəfn olunmamalıdır. Onun yeri Şəhidlər xiyabanıdır”. Atam dəfn olunanda insan əlindən iynə atmağa yer yox idi.
Mənim atam həmişə deyirdi ki, Şəhidlər xiyabanında yatanlar xoşbəxtdirlər. O tez-tez silah aparmaq üçün Bakıya gəlirdi. O vaxt silah aparmağa icazə vermirdilər, o da un kisələrinin altında silahları gizlədərək aparırdı. Əsgəran deyilən balaca bir şəhər yolu bağlanmışdı, buna görə də helikopterlə gedib-gəlirdilər. İndiyə kimi yadımdır ki, atamgil un kisələrin içində silahı paketlərə büküb unun altında gizlədirdilər. Axırıncı dəfə mən atamı bizi Ağcabədiyə gətirib qoyanda gördüm. Həyətdə əlini yuyurdu, kənardan atama baxdım və öz-özümə dedim ki, mənim atamdan gözəli yoxdur (ağlayır). Onda elə bil atam daha da gözəlləşmişdi. Onun kürəyinə, çiyninə baxırdım. Ona “Mixaylo” ləqəbi verilmişdi. Atamı qucaqladım, dedim ki, “ata ya bizi də özünlə Xocalıya apar, ya da anamı yanımıza gətir”. Dedi ki, “gedirəm, imkan olsa, ananı göndərəcəm”. Elə bil ürəyinə dammışdı ki, öləcəklər. Dedi ki, “evin böyük uşağı sənsən, bacından, qardaşından muğayat ol”. Atam çox bikef idi. Kədərli görünürdü. Gəldi oturdu, bibim dedi ki, “Tofiq, ağlın nə kəsir bu olanlardan? Ola bilər ki, Xocalını işğal etsinlər?” Atam dedi ki, “Xocalını heç vaxt ala bilməzlər”. Atam elə o gedən getdi.
“Anamı barmağındakı üzükdən və ayağındakı corabdan tanıdım”
- Xocalıdan gələn adamlar dedilər ki, ananı orada görmüşük, burada görmüşük. Amma mən 16 ildən sonra internet vasitəsilə anamın həyətdə yıxılmış vəziyyətdəki şəklini gördüm. Anamı barmağındakı üzükdən və ayağındakı corabdan tanıdım. Övlad üçün çox ağırdır, amma mən anamın ölümünə sevinirdim. Bilirsiz nəyə görə sevindim? Mənim üçün sanki yerlə göy birləşdi. Mən sevinirdim ki, valideynlərim erməni əsirliyində deyil.
Qardaşım məndən 3 yaş, bacım isə iki yaş balacadır. Bacım atamı daha çox istəyirdi. Atamın meyitini basdırıb geri qayıdanda bacım mənə dedi ki, atamızı itirdiyimizə inanmır. O atamla nəfəs alırdı, daha çox içimizdə bacım atama bənzəyir. Anam da qardaşımı çox istəyirdi. Bizə gələn qonşularımız deyir ki, anam son nəfəsində “Murad, Murad” deyib, Muradı görmək istəyib.
Bütün bunlar da bizim taleyimizdir.
Mən fəxr edirəm ki, Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun qızıyam. Atamın Xocalıda getdiyi əməliyyatların hər biri - Meşəli, Cəmilli əməliyyatı mənim yadımdadır...
Bu günə qədər yadımdadır ki, biz məktəbə qədər qorxa-qorxa gedirdik. Gecə zirzəmidə qalırdıq, sabah məktəbə gedirdik. Evdə görürdük ki, o yandan yana-yana nəyisə uçub gəlir. Uşaq olduğumuza görə əvvəllər biz bunu başa düşmürdük. Daha sonra bildik ki, bu yana-yana gələn alovlar insanları öldürürmüş. Sən demə bunlar mərmi imiş...
Bir gün məktəbə gedəndə gördüm ki, başımızın üstündə helikopter uçur. Anam dedi ki, atangil gedirlər. Atamla bərabər 12 nəfər əsgər də Meşəliyə gedirdi. Meşəli əməliyyatından sonra atam evə gəlmişdi. Gördüm ki, çiyni göyərib. Atam orada olanları bizə danışdı, biz sanki nağıla qulaq asırmış kimi onu diqqətlə dinləyirdik. Atamın ayağına su gətirib qoydum. Onun ayaqları 3 gün buzun içində qaldığından donmuşdu... Ayağında çəkmələrin izi qalmışdı. Biz atamdan çiyninə nə olduğunu soruşduq. Dedi ki, orada görüb ki, bir ev yanır, içəridə də bir gəlin qalıb, o, ölsə də, yanındakı uşaq sağ qalıbmış. Atam həmin uşağı qucağına götürüb özünü pəncərədən atanda çiyni yerə dəymişdi. İndi o uşaq böyüyüb. Atam bir insanı xilas elədiyinə çox sevinirdi. Həyatını qurtardığı o qədər insan var idi ki, amma tək o uşaq onun gözünə görünürdü.
“Qohumlar məsləhətləşdilər ki, bu üç uşağı kim saxlasın?”
- Artıq atam, anam həyatda yox idi. Bütün qohumlar bir yerə yığılmışdı. Ağır zamanlar idi. Bizi necə saxlamaq, harada saxlamaq məsələsini müzakirə edirdilər. Son qərar bu oldu ki, bizi əmim götürüb saxlasın.
Xocalıdan gəlib ilk məskunlaşdığımız yer Ağcabədinin Hindarx kəndi idi. Daha sonra Ağdama gəldik. Burada bir az yaşadıqdan sonra Bakıya köçdük. Çox yerdə məskən salmışıq.
Bizə əmimin yoldaşı baxıb. Onun da 3 övladı var idi. Əmim rayonda sahə müvəkkili işləyirdi. Biz isə Bakıda qalırdıq. Həftədə bir dəfə gəlib bizə baş çəkirdi. Amma onlar bizi öz övladlarından ayırmırdılar. Altı uşağı şəhər yerində saxalmaq o qədər də asan deyildi. Səhər tezdən durub çörək növbəsinə dayanırdı ki, bu altı uşaq yuxudan oyananda hazır olsun. Mən həm bibimə, həm də əmimə minnətdaram. Bibim həmişə mənə deyirdi ki, sən mənim evimin böyük qızısan. Mən onlara minnətdaram ki, ali təhsil almağıma kömək ediblər.
Bəlkə də əmim bizi saxlamasaydı, bizə yaxın durmasaydı, indi bizim vəziyyətimiz çox çətin olardı.
“Ramil Usubov nəinki eloğlumuzdu, hətta atamızdı”
- Mən öz dayım oğlu ilə ailə qurdum. Qardaşım da ailəlidir. O, Yasamal rayonunda rəis müavini işləyir. Bacım BDU-nun filologiya fakültəsini bitirsə də, işləmir. O da ailəlidir. Əmimin bizim təhsil almamızda böyük köməyi olub. Onun sayəsində biz ailə qurmuşuq.
Qardaşım Murad Türkiyədə təhsil alıb. Ona daxili işlər naziri Ramil Usubov çox kömək eləyib. O bizim nəinki eloğlumuz, həm də atamızdır. Bu yaxınlarda qardaşımın işi ilə bağlı çağırıb, söhbət ediblər. Qardaşım bir neçə cinayət işinin üstünü açdığına görə onu işini özü dəyişdi. Hələ bu bir ildə o qədər cinayət işini üstünü açan olmamışdı. Amma mənim qardaşım bunu etmişdi. Mən onun etdiklərini dana bilmərəm. Burdan Türkiyəyə oxumaq üçün Xocalı uşaqları göndərildi, onlardan biri də mənim qardaşım idi. Sağ olsun, qardaşım atamın adına layiq oğuldu.
“Xocalı məktəbinə Tofiq Hüseynovun adıverilməlidir”
- Bizim işlədiyimiz bu məktəb bir vaxtlar atamın adını daşıyıb. İndi isə onun adına nə məktəb, nə başqa nəsə var. Heç abidəsi də ucaldılmayıb. Çox yerə müraciət etmişik, amma heç bir nəticə əldə etməmişik.
Mənim ürəyim onda rahat ola bilər ki, atamın, anamın və eləcə də bütün Xocalı şəhidlərinin ruhu onda sakit ola bilər ki, Xocalı hadisəsi rəsmən soyqırımı kimi tanınsın.
Xocalıda çox uşaq valideynsiz qaldı. Onlardan Xəzangülü, Mehdi və Vəsiləni tanıyıram. Hətta Mehdinin əsgər aparılmasını eşidəndə çox pis oldum. Birdən onun başına bir hadisə gəlsəydi nə olacaqdı. Biz hər il Xocalının ildönümdə atama ehsan veririk. Qəbrini ziyarət edirik.
Sevinc İltifatqızı
Pərvin Arzuqızı