Modern.az

Azərbaycanlı alıcılar hansı məhsullara üstünlük verirlər?

Azərbaycanlı alıcılar hansı məhsullara üstünlük verirlər?

Ölkə

9 Mart 2010, 11:49

Son zamanlar ölkədə müxtəlif sahələr üzrə istehsal müəssisələrin qurulması sürətlə inkişaf etməkdədir. Bu müəssisələrin bir qismi yerli xammal, digər qismi isə xarici xammal əsasında emal prosesini həyata keçirir.

Yeni və keyfiyyətli istehsal sahələrinin inkişafına baxmayaraq, hələ də yerli məhsulların daxili bazarda rəqabət qabiliyyəti zəifdir.

“Virtual satış mərkəzi” portalının keçirdiyi “Məhsul alarkən hansı istehsala üstünlük verirsiniz?” sorğusunun nəticələri də bu qənaətə gəlməyə əsas verir.

Portalın rəhbəri Cəsarət Hüseynzadənin sözlərinə görə, əhali məhsul seçərkən 2 əsas amilə diqqət yetirir. Birinci amil istehlakçıların maddi imkanı (ailə büdcəsi), digər amil isə məhsulun keyfiyyətidir. Təəssüf ki, çox vaxt bu amillər bir-biri ilə tərs mütənasib olur. Bu isə keyfiyyətsiz və sağlamlığa mənfi təsir edən xarici məhsulların daxili bazarda genişlənməsinə səbəb olur.

Sorğuda iştirak edən respondentlərin 25,21 %-i maddi imkanına uyğun gələn məhsullara üstünlük vermək məcburiyyətində qaldıqlarını bildirirlər. 27, 73 % isə qiymət amilinə deyil, yalnız  məhsulun keyfiyyətinə üstünlük verirlər. Bu qrupa əsasən brendlərə və istifadə etdikləri məhsula təkrarən müraciət edən istehlakçıları aid etmək olar.

Bugünkü istehlakçılarımız arasında məhsulun xarici istehsalçıya mənsubluğunu, yəni idxalat məhsulu olduğunu nəzərə alıb, bu məhsullara üstünlük verənlər də var (18,07 %). Sorğuda iştirak edənlərin 10,92 %-i isə yerli məhsullara güvəndiklərini və onlara üstünlük verdiklərini qeyd edirlər. 18,07 % respondent isə imkan çərçivəsində (yəni keyfiyyəti və qiyməti nəzərə almaqla) yerli məhsullara üstünlük verdiklərini bildiriblər. 

Sözügedən sorğu “Virtual satış mərkəzi” (www.vsm.az) portalı istifadəçiləri tərəfindən cavablandırılıb. Bu portal 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən və “Şəmsi Əsədullayev”  Xeyriyyə İctimai Birliyi tərəfindən həyata keçirilən “Yerli məhsulların təbliği və virtual satış mərkəzi” layihəsi çərçivəsində yaradılıb. Özəl sektora dəstək verilməsini nəzərdə tutulan layihə çərçivəsində, virtual satış mərkəzinin bazarına 200-ə yaxın yerli şirkət tərəfindən 450-ə yaxın məhsul haqqında informasiya daxil edilib. Həmçinin həmin şirkətlər öz elanlarını müstəqil sürətdə sayt vasitəsi ilə yayımlaya bilirlər. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?