Azərbaycan ərazisində son məcburi köçkünlüyün tarixi 20 ili adlayıb. Bu müddət ərzində yurd-yuvalarından köçkün düşənlər demək olar ki, ölkənin hər rayonunda, hər kəndində məskunlaşmalı olublar. Məskunlaşma məsələsini yola verdikdən sonra bu insanlar işsizlik məsələsini həll etmək üçün yollar axtarıblar və bu axtarış onların bir hissəsini Bakıya gətirib. Nəticədə sənəddə rayonlarda müvəqqəti məskunlaşan, reallıqda isə Bakıda daimi iş yeri tapan bəzi məcburi köçkünlər dilemma qarşısında qalaraq ikinciyə üstünlük veriblər. İndi isə ayılıblar ki, məskunlaşdıqları yataqxanaları, ayrı-ayrı inzibati binaları tərk etməlidirlər. Çünki rayonlarda müvəqqəti məskunlaşanlara Bakıda qeydiyyata düşmək yasaq olub. Məskunlaşma yerlərində qeydiyyatı olanlar “Dövlətqaçqınkom” tərəfindən yeryəyer ediləcəklər. Bakıda qeydiyyatı olmayan, lakin daimi iş yerləri olan məcburi köçkünlər isə... Onlarla bağlı məsələnin necə olacağı bilinmir. Özlərinin dediyinə inansaq, havadadırlar. Bakı daimi iş yerləri olsa da, (bir çoxu dövlət idarələrində çalışır) da, paytaxtda müvəqqəti qeydiyyata alınmırlar. Nəticədə kommunal güzəştlərdən də istifadə edə bilmirlər. Beləcə, əl uzadan olmasa, onları yenidən məcburi köçkün olmaq halı gözləyir.
İşğal olunmuş rayonların deputatları da belə seçicilərinə kömək etmək gücündə olmadıqlarını deyirlər (?). Cəbrayıl rayonundan olan deputat Astan Şahverdiyev Modern.az saytına bu məsələni “Dövlətqaçqınkom”dan soruşmağı tövsiyyə edib.
Agdamlıların parlamentdəki təmsilçisi Aqil Abbas
isə deyib ki, bu məsələnin içindədır: “Yataqxanalardan çıxarılanların hamısına mənzil veriləcək. Amma kimsə qeydiyyatda rayondadırsa, onunla bağlı məsələ çətindir. Niyə məcburi köçkünlər qeydiyyatda olduqları rayonda işləmirlər? Niyə qaçıb gəlib Bakıda zirzəmilərdə məskunlaşırdılar? İş məsələsi problemdir, bilirəm, amma bunu da həll etmək olardı. Mən bu məsələni dəfələrlə qaldırmışam, bir neçə qaçqın qəsəbəsində xalça sexi, başqa iş yerləri açılsın. Belə problemləri həll etmək lazımdır. Yoxsa rayonlarda qeydiyyatda olanlara gəlib Bakıda mənzil tikməyəcəklər...”.
Modern.az