Bakı metrosu paytaxtımızda sərnişinlərin ən çox istifadə etdiyi nəqliyyat vasitəsidir. Hər gün minlərlə Bakı sakini yeraltı nəqliyyatda düşüb-çıxır. Metrodan istifadə edənlər yəqin ki, aradabir vaqonlarda kimlərinsə halının pisləşməsinin şahidi olurlar. Xüsusilə qatar hansısa problemlər üzündən tuneldə qalanda özünü piss hiss edən, ürəyi gedənlər olur. Belə hallarda vaqondakıların hamısı istəyir ki, qatar növbəti stansiyaya daha tez çatsın ki, halı pisləşən sərnişinə bir çarə qılınsın. Maşinist stasiyada qapıları açan kimi xəstənin yaxınları, dostları, ya da onu tanımayıb kömək edənlər təcili metrodan çıxarırlar ki, ən yaxınlıqdakı tibb məntəqəsinə çatdıra bilsinlər. Bəs görəsən bizim metro stansiyalarının özündə tibb xidməti varmı?
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva Modern.az-a bildirib ki, metroda özünü pis hiss edənlərə ilkin olaraq onun ətrafındakı insanlar yardım göstərirlər: “Ancaq elə hal müşahidə olunmayıb ki, tibbi yardıma ehtiyac olanlara tibbi xidmət göstərilməsin. İlkin tibbi xidmətdən sonra ehtiyac yaranarsa, təcili yardımla da əlaqə saxlayırıq”.
Nəzakət Tanrıverdiyevanın sözlərinə görəə, Bakı Metropoliteninin bütün stansiyalarda tibbi xidmət məntəqəsi olmasa da, bəzi stansiyalarda onlar fəaliyyət göstərir: “Ola bilsin ki, kimsə bu barədə məlumatsızıdır. Amma stansiyalarımızın əksəriyyətində tibbi xidmət briqadası fəaliyyət göstərir və müraciət olunduğu təqdirdə onlar xəstə sərnişinlərə yardım göstərirlər”.
Təhminə Paşayeva