Modern.az

“Bəzi iş yerlərində qadınlar cinsi istismara təhrik edilir”

“Bəzi iş yerlərində qadınlar cinsi istismara təhrik edilir”

Ölkə

12 Mart 2010, 19:52

BUNUNLA BAĞLI QADIN KRİZİS MƏRKƏZİNƏ XEYLİ MÜRACİƏT DAXİL OLUB

Qadın Krizis Mərkəzinin rəhbəriMətanət Əzizova bildirir ki, Azərbaycandakı bəzi iş yerlərində qadınlar cinsi istismara təhrik edilir: “Bununla bağlı bizə tez-tez müraciətlər daxil olur”. Mətanət Əzizova qeyd edib ki, cinsi istismara təhrik edilən xanımların çalışdıqları iş yerləri müxtəlif sahələri əhatə edir: “Bizə müraciət edən xanımlar özlərini müdafiə üçün psixoloqlarımızla məsləhətləşirlər. Faktlar göstərir ki, həm dövlət, həm də özəl müəssisələrdə bu problem yaşanır. İşlə bağlı müraciət edən xanımlar müəssisə rəhbərləri tərəfindən müxtəlif yollarla cinsi istismara təhrik edilir”.

Mərkəz rəhbərinin sözlərinə görə, qadınların cinsi istismara təhrik olunduğu iş yerləri sırasında hətta hüquq-mühafizə orqanları və müxtəlif telekanallar da var. O, həmin iş yerlərində işləyən qadınlardan şikayət qəbul etdiklərini deyib.  

Mətanət Əzizova vurğulayıb ki, 2009-cu ildə Qadın Krizis Mərkəzinə iş yerlərində cinsi əlaqəyə təhrik edilən 13 qadın müraciət edib. Onlardan 3-ü jurnalist olub. 2010-cu ilin ötən dövründə isə mərkəzə belə hallarla qarşılaşan 3 qadın müraciət edib.

“Avropa ölkələrində iş yerlərində cinsi istismara təhrik edilən qadınları müdafiə edən qanunlar var. İş yerində əgər qadına cinsi əlqəyə girmək təklif olunursa, o, müvafiq quruma müraciət edə bilər. Fakt sübut olunsa, qarşı tərəf məsuliyyətə cəlb edilir”,-deyə M.Əzizova qeyd edib.

Müsahibimiz təəssüflə bildirib ki, Azərbaycanda bu cür qanun nəinki qəbul edilməyib, heç müzakirəyə belə çıxarılmayayıb: “Cinayət Məcəlləsinin 151-ci maddəsində deyilir ki, cinsi istismara təhrik edilən qadın məhkəməyə müraciət edə bilər. Ancaq məhkəmə qarşı tərəfi cərimə etməklə kifayətlənir. Ona görə də qadınlar məhkəməyə müraciət etmirlər. Qadınlar bildirirlər ki, əksinə onlar məhkəməyə müraciət edəndə rüsvay olurlar. Hesab edirəm ki, bununla bağlı müvafiq qanunun qəbulu çox vacibdir”.

Günay Musayeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı