Modern.az

İki ayda 10 müəssisənin fəaliyyətinin dayandırılması barədə tədbir görülüb

İki ayda 10 müəssisənin fəaliyyətinin dayandırılması barədə tədbir görülüb

Ölkə

15 Mart 2010, 15:41

“İstehlakçı hüquqlarının qorunması Azərbaycan dövlətinin prioritet vəzifələrindəndir. İstehlak bazarında son dövrlər müşahidə olunan keyfiyyət və kəmiyyət dəyişiklikləri bu sahədə dinamik inkişafın təsdiqidir”. Modern.az-ın məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 15 mart Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə bağlı açıqlamasında belə deyilir.

 

Komitədən bildiriblər ki, 1995-ci ildə təsdiq edilmiş “İstehlakçıların hüqüqlarının müdafiəsi haqqında” Qanunu ilə tənzimlənən istehlakçı hüquqlarının qorunması bu gün də diqqət mərkəzindədir. “Yeyinti məhsulları haqqında”, “Reklam haqqında”, “Əhalinin sağlamlığınıın qorunması haqqında” Qanunlar da məhz istehlakçıların hüququnu müdafiə edən normaları nəzərdə tutur.

“İnzibati xətalar məcəlləsinə 2009-cu ildə edilmiş dəyişikliklər, istehlakçı hüquqlarının pozulmasına görə cəza sanksiyalarının sərtləşdirilməsi isə ilk növbədə istehsal, idxal və xidmət sahələrindəki qanun pozuntularının minimuma endirilməsinə və əhalinin daha sağlam və keyfiyyətli məhsullarla təmin edilməsinə səbəb olub”-deyə komitənin açıqlamasında qeyd olunub.

Bildirilib ki, təkcə standartlara və keyfiyyətə dövlət nəzarəti idarələri tərəfindən 2009-ci ildə ciddi nöqsanlara və pozuntulara, o cümlədən istehsal olunan məhsulların insan həyatı və sağlamlığı, habelə ətraf mühit üçün təhlükə yaratdığına, normativ sənədlərin tələblərinə cavab vermədiyinə və digər səbəblərə görə 100-ə yaxın müəssisədə məhsul istehsalı dayandırılıb, ümumi dəyəri 381 975 min manat olan 340 məhsul partiyasının satışı qadağan olunub, həmin təsərrüfat subyektlərinə 277 iradnamə və 433 tələbnamə verilib. Ciddi nöqsanlara yol vermiş müəssisələr üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydada 118 protokol tərtib olunub və 76 475 manat məbləğində cərimə sanksiyaları tətbiq edilib.

Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan dövlət nəzarətinin nəticəsində fiziki-kimyəvi və mikrobioloji göstəricilərinin insan həyatı və sağlamlığı, habelə ətraf mühit üçün təhlükəli olduğu üçün ölkədə istehsal olunan və idxal yolu ilə gətirilən 39,7 ton qənnadı məmulatları, 888,4 ton düyü, 9,8 ton balıq konservləri, 56,3 min litr alkoqolsuz içkilər və meyvə şirələri, 7,3 ton un, 10,1 ton süd məhsulları, 8,5 ton tərəvəz məhsulları və bir sıra digər ərzaq məhsulları dövriyyədən çıxarılaraq məhv edilib. Ötən il uşaq qidasının və uşaq oyuncaqlarının müvafiq normativ sənədlərə uyğunlaşdırılması və idxal edilən uşaq istehlak mallarının ölkə ərazisinə uyğunluq sertifikatı olmadan gətirilməsi faktları araşdırılıb və Çin Xalq Respublikasında istehsal olunan 25 adda uşaq oyuncaqları toksiki elementlərin miqdarına görə normativ sənədlərin tələblərinə cavab vermədiyi üçün satışdan çıxarılaraq məhv edilib.  

İstehlakçıların çoxsaylı haqlı şikayətlərini nəzərə alaraq Bakı şəhəri ərazisində yerləşən 45 yanacaqdoldurma məntəqələrində və 2 Neft bazasında neft məhsullarının keyfiyyətinə dövlət nəzarəti həyata keçirilib. Aparılmış araşdırmaların nəticəsində 26 yanacaqdoldurma məntəqəsində satılan yanacağın keyfiyyət göstəricilərinin standartların tələblərinə cavab verməməsi və miqdarının normaya uyğun olmaması faktları aşkar olunub. Bununla əlaqədar olaraq qanunvericiliyə müvafiq qaydada protokollar tərtib edilmiş və inzibati qaydada məsul şəxslər cərimələnib. Hazırda bu iş Respublikanın digər ərazilərində də aparılır.

Qış mövsümü ilə əlaqədar olaraq vətəndaşların mənzillərində və iş yerlərində yanğın təhlükəsizliyini təmin etmək məqsədi ilə texniki təhlükəsizlik qaydalarına uyğun olmayan, müvafiq qaydada sertifikatlaşdırılmamış, kustar üsulla hazırlanmış və primitiv qızdırıcıların, sobaların və digər məişət cihazlarının idxal olunmasının və satılmasının qarşısının alınması üçün tədbirlər görülür. Aparılan araşdırmaların nəticəsində 156 belə cihaz ticarət şəbəkəsində satışdan çıxarılıb, texniki təhlükəsizlik qaydalarına uyğun olmayan cihazlara uyğunluq sertifikatı verilməsi barədə 3 təsərrüfat subyektinin müraciəti isə rədd edilib. 2010-cu ilin ilk aylarında da istehsal prosesinin norma və tələblərini pozan, keyfiyyətsiz məhsul istehsal edən və tələblərə uyğun olmayan şəkildə fəaliyyət göstərən 10-a yaxın müəssisənin fəaliyyətinin dayandırılması barədə müvafiq tədbirlər görülüb

. Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi