Paytaxtımızda günbəgün dəbdəbəli, yaraşıqlı mağazaların sayı artır. Bu mağazalarda hər zövqə uyğun geyim-keçim tapmaq olar. Hətta bəzən çeşid o qədər çox olur ki, seçim etmək çətinləşir. Bəs görəsən bu mağazalarda qiymət, xidmət və keyfiyyət nə yerdədir?
Belə mağazaların qarşısından keçərkən böyük rəqəmlərlə yazılımış endirim elanları nəinki diqqəti cəlb edir, az qala gözə girir: 30%, 50%, 70%... Bu rəqəmlərin nə dərəcədə həqiqətə uyğun olması isə naməlumdur. Çox vaxt yaraşığına, rahatlığına uyub mağazalardan aldığımız eyni firmanın, eyni model geyiminə “Binə”, yaxud “Sədərək” ticarət mərkəzində qat-qat ucuz qiymətə rast gəlirik. Sonra da başlayırıq ah-vay etməyə. Əvvəlcə 100% gəlir əldə etmək istəyən mağaza sahibləri, sonda 30%-lə də qane olurlar. Ancaq bu məqamı tutub, istifadə edənlər də var. Mövsüm sonunda çox ucuz alan alıcılar mövsüm başlayanda həmin geyimlərə bürünüb başlayırlar özlərini dartmağa.
Ümumiyyətlə, son zamanlar firma geyimlərinə üstünlük verən alıcılar çoxalıb, xüsusilə də türk tekstilinə. Elə mağazalar var ki, bundan sui-istifadə edirlər. Hətta vəziyyyət o yerə gəlib ki, bəzən üzərində hər hansı tanınmış firmanın adı yazılmış mağazada həmin firmadan başqa hansı adda geyimi desən görmək olur. Bir az diqqətli olub geyimin Çin istehsalı olduğunu deyəndə isə satıcı zorla sübut etməyə çalışır ki, “ay sən səhvsən, bəs bu filan ölkənin istehsalıdır”. Dediyin sözdən az qala peşman olub çarəsiz tərk edirsən mağazanı.
Əsəbləri tarıma çəkən bir məqam da satıcı-alıcı münasibətləridir. Bəzən mağazaya elə addım atdığını görürsən. Satıcı qırsaqqız olub yapışır yaxandan. Ölçüsü belə sənə uyğun gəməyən paltarın sənə çox yaraşdığını deyəndə, cin vurur lap adamın təpəsinə. Başın o qədər şişir ki, ya birtəhər mağazadan çıxırsan, ya da xoşun gəlməyən nəyisə almalı olursan. Evə gəlib güzgünün önünə keçəndə isə iş-işdən keçmiş olur. Bəzən də xata olur ki, nəyisə geyinib bəyənməyəsən. Satıcı sifətini elə turşudur ki, az qalırsan çıxarıb geyinmək haqqı verəsən. Bir-iki paltarı manikendən düşürüb əziyyət çəkiblər axı.
Satıcılar da elə alıcıların əlindən ah-vay edirlər ki, mal bəyəndirmək olmur. Deyən lazımdır ki, xoşu gələn bəyənəcək də, alacaq da. Sən satıcısan. Satıcının işi alıcını xoş üzlə qarşılamaq, müvafiq bölməni ona göstərmək, qiymətlərlə tanış etmək, istədiyini verib yola salmaqdır. Nəinki, yapışmaq yaxasından ki, “almalısan vəssalam”.
Sadaladığımız hallarla yanaşı, qeyd etmək lazımdır ki, öz mükəmməl xidməti, satıcılarının mədəniyyəti, keyfiyyətli malları ilə müştərilərini daim saxlayan firma mağazaları da var. Ümid edək ki, bu tipli mağazaların sayı artacaq. Belə olduqda rəqabətə tab gətirə bilməyən aşağı xidmətli mağazalar iş sistemlərini dəyişməyə məcbur olar. Alıcılar da alış-verişdən zövq alıb daha həvəslə və dəblə geyinməyə çalışarlar. Şəfanə İbrahimova BDU-nun jurnalistika fakültəsinin III kurs tələbəsi