Modern.az

3 manatlıq ödəmə kartı abituriyentlərə 3 manat 50 qəpiyə satılır

3 manatlıq ödəmə kartı abituriyentlərə 3 manat 50 qəpiyə satılır

Ölkə

18 Mart 2010, 12:14

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi sınaq imtahanlarında iştirak üçün gərək ödəmə kartı əldə edəsən. Ödəmə kartının qiyməti 3 manata olsa da, bəzi abituriyentlər onu 3 manat 50 qəpiyə almalı olurlar. Abituriyent Atlas Hüseynli də belələrindəndir.

A.Hüseynli deyir ki, 3 manatlıq ödəmə kartını 3 manat 50 qəpiyə alıb:

“Sinif yoldaşlarımla birgə ödəmə kartları almaq üçün Bakıxanov qəsəbəsində yerləşən 132 nömrəli poçta getmişdik. Kartın üzərində böyük işarə ilə 3 manat yazılsa da, poçt işçisi onu bizə 3 manat 50 qəpiyə satdı. Etirazımızı da bildirəndə dedi ki, “get rəisdən soruş niyə belədi”. Poçt rəisi də işdə olmadığından sualımız cavabsız qaldı. Biz də məcbur olub aldıq”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Modern.az-a bildirib ki, ödəmə kartının qiyməti 3 manatdır. Bu qiymətdən artıq abutriyentlərə satıla bilməz: “Çox təəssüf  ki, belə neqativ hallar indi də var. Keçən ildə də belə hal olmuşdu. Həmin şəxslər cəzalandırıldı. Bu məsələni indi araşdıracağıq”.

Elnur Nağızadə onu da qeyd edib ki, TQDK Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əməkdaşlıq edir. “Ödəmə kartları Rabitə və İnformasiya Nazirliyinin xətti ilə poçtlara göndərilir ki, bu cür halların qarşısı alınsın. Ticarətçilərin əlinə keçməsin.Ümumiyyətlə, ödəmə kartların poçtlara göndərilməsi daha çox rayon məktəblərinə yardımçı olur”.

Martın 16-dan sınaq imtahanlarına yazılış başlayıb, aprelin 4-dən isə sınaq imtahanlarına start veriləcək. Təhminə Paşayeva

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı