Modern.az

İtkin düşmüş şəxslərin ailələrinə sığorta haqqı ödənmir

İtkin düşmüş şəxslərin ailələrinə sığorta haqqı  ödənmir

Ölkə

18 Mart 2010, 16:04

Deputat problemi Milli Məclisdə qaldırılacaq 

Bu gün Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin (HVA MK) ofisində “Qarabağ müharibəsində itkin düşmüş hərbi qulluqçuların ailələrinin problemləri” mövzusunda dəyirmi masa keçirilib. Modern.az xəbər verir ki, tədbirdə çıxış edən HVA AMK-nin Qərb bölgəsi üzrə nümayəndəsi Aslan Vəliyev bildirib ki, mövcud qanunvericiliyə əsasən, Qarabağ müharibəsində itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə dövlət sığorta kommersiya şirkəti birdəfəlik sığorta ödənişi həyata keçirməlidir.

Aslan Vəliyev qeyd edib ki,  şirkət əksər halda həmin ödənişi həyata keçirməkdən imtina edir. İmtinanın səbəbini isə şirkət heç bir ağlabatan çərçivədə izah edə bilmir. Nəticədə həmin kateqoriyadan olan ailələr, onların timsalında bir çox cəmiyyət üzvləri dövlət idarəetməsindən narazı qalır.

Millət vəkili Fazil Mustafa isə problemlə bağlı parlamentdə məsələ  qaldıracağını deyib. “Sığorta şirkətləri bir nəfərin mülkiyyətidir və məqsəd də ancaq öz yaşayışını  təmin etməkdir. Mən bu problemi Milli Məclisdə qaldıracam. Həmçinin burada səslənən qanun layihəsini, abidə məsələsini də gündəmə gətirəcəm. Bu gün rəsmi qaydada Şəhidlər Xiyabanı ziyarət edilərkən yalnız 20 yanvar şəhidlərinin məzarına gül qoyulur. Heç kim onların əməlini azaltmır, amma onlara edilən hörmət Qarabağ uğrunda şəhid olanlara edilmir. Bu mexanizmin özü yanlışdır, tendensiyanı dəyişmək lazımdır”.

Millət vəkili öz təkliflərini də verib: “Yaxşı olar ki, itkin düşmüş şəxslərin ailələri arasında maarifləndirmə işi aparılsın”. Fazil Mustafa qeyd edib ki, onların ailələrinə bilgiləndirici məktublar göndərib qanunla haqları başa salınmalıdır. “Bildirilməlidir ki,  sığorta haqqı 11 min manatdır. Bundan sonra hər kəs öz haqqının müdafiəsinə qalxacaq və məhkəməyə ehtiyac olmayacaq”.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin mətbuat katibi Gülnaz Quliyeva  isə vurğulayıb ki, itkin düşmüşlərlə bağlı ayrıca qanun qəbul olunsa daha yaxşı olardı. “Artıq bununla bağlı təkliflərimizi də, model qanun layihəsi də vermişik”. Gülnaz Quliyevanın sözlərinə görə, hazırda komitənin siyahısında 4500 nəfərdən artıq adam var.

Təhminə Paşayeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir