Modern.az saytı xəbər veriri ki, martın 18-də Bakı Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib. AMEA-nın Rəyasət Heyətinin, BDU-nun elmi şura üzvlərinin, tanınmış alimlərin iştirak etdiyi və 2009-cu ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş iclasda Əlavə Təhsil Mərkəzinin yaradılması, «Neft sənayesində nanotexnologiya: fundamental elmi araşdırmalar, ixtira və tətbiq» mövzusunda işin Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatına təqdim edilməsi (Namizədlər: A.X.Mirzəcanzadə, A.M.Məhərrəmov, R.İ.Abdullayev, X.B.Yusifzadə, E.Q.Şahbazov, R.Ə.Qurbanov, S.F.Əhmədov, M.Ə.Ramazanov, Ş.Ş.Şəfiyev, E.A.Kazımov) və 2009-cu ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında elmi işlər üzrə prorektor, professor İsmayıl Əliyevin hesabatı kimi məsələlər müzakirə olunub.
Elmi işlər üzrə prorektor, professor İsmayıl Əliyev bildirib ki, Bakı Dövlət Universitetinin 16 fakültəsinin 125 kafedrasında, 2 elmi-tədqiqat institutunda, 4 elmi-tədqiqat mərkəzində və 19 elmi-tədqiqat laboratoriyasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılıb. O, professor-müəllim heyəti və əməkdaşlar tərəfindən 82 monoqrafiya, 64 kitab, 73 dərslik, 86 dərs vəsaiti, 2732 məqalənin hazırlandığını qeyd edib.
2081 məqalənin respublikada, 651 məqalənin xaricdə, 1874 tezisdən 769-nun respublikada, 1105-nin xaricdə, 101 metodik göstərişin, 377 proqramın nəşr edildiyi xüsusi vurğulanıb. İ. Əliyev qeyd edib ki, xaricdə nəşr olunmuş 651 məqalənin 380-ı təbiət elmləri, 271-i isə humanitar elmlər üzrədir. “Məqalələrin 103-ü, yəni bütün xaricdə nəşr olunmuş məqalələrin 15,8%-i, A, B və C-kateqoriyaları jurnallarda çap olunub”.
Prorektorun çıxışından məlum olub ki, BDU əməkdaşları tərəfindən 12 ixtiraya müsbət rəy və 12 patent alınıb ki, onlardan 8-i BDU-nun sahibliyi ilə alınmış patentlərdir: “Hesabat ilində universitetin əməkdaşları 30 ölkədə keçirilmiş bir sıra beynəlxalq konfrans və simpoziumlarda iştirak edib. Həmçinin universitetdaxili 50+50 qrant proqramından, 32 beynəlxalq qrant proqramından istifadə edilib”.
Sonda «İlin alimi», «İlin fakültəsi», «İlin kafedrası», «İlin laboratoriyası» elan olunub. Coğrafiya, Kitaxanaçılıq və İnformasiya fakültələri «ilin fakültəsi», «İnkişaf» Respublika ETM və Metalkompleks katalizatorları ETL, o cümlədən yüksək molekullu birləşmələr və gömrük işinin təşkili və idarəedilməsi kafedrası «ilin kafedrası», beynəlxalq münasibətlər kafedrasının müdri, professor Ağalar Abbasbəyli, nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri, dosent Məmmədəli Ramazanov isə «ilin alimi» adına layiq görülüblər. 2009-cu təqvim ilində elmi uğurlarına görə isə botanika kafedrasının müdiri, professor Elşad Qurbanov, Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professoru Cəmil Həsənli «fəxri fərman»la təltif olunublar. Qaliblərə kompyuter və pul mükafatları təqdim edilib.
Elmi Şura üzvləri gündəlikdə duran məsələlərə yekdilləklə səs veriblər.
Aqil Aslan