Azərbaycan telekenallarında hər gün müxtəlif yerli və xarici reklam çarxları nümayiş etdirilir. Tamaşaçılar yəqin ki, yerli reklam çarxlarının bəzilərinə azyaşlı uşaqları görməmiş olmazlar. Uşaqlar müxtəlif əmtəə məhsullarını reklam edirlər. Bəs bu nə dərəcə də doğrudur?
“Reklam haqqında” Qanunun 21-ci maddəsində deyilir ki, reklamın istehsalında, yerləşdirilməsində və yayımında yetkinlik yaşına çatmayanların müdafiəsi məqsədilə onların təcrübəsizliyindən, sadəlövhlüyündən sui-istifadə edilməsi yol verilməzdir. Qanunda o da qeyd edilir ki, yetkinlik yaşına çatmayanların şüuruna təsir göstərməklə, onların öz valideynlərini və ya digər şəxsləri reklam olunan əmtəənin alınmasına vadar etməsi yasaqdır.
Uşaqlar Hüquqlarının Müdafiə Liqası rəhbəri Yusif Bəkirov deyib ki, reklamlara çəkilən uşaqların səhhəti, təhsili daim nəzərə alınmalıdır:
“18 yaşına qədər şəxslər uşaq hesab edilir. Əmək Məcəlləsinə görə də 15 yaşından yuxarı şəxslər reklama çəkilən zaman sahibakarla, yəni reklam çəkən şəxslə müqavilə bağlamalıdır. Digər yaşda olan uşaqlar isə valideynlərin icazəsi ilə reklama çəkilməlidirlər. Ancaq həmişə uşağın təhsili, səhhəti nəzərə alınmalıdır”.
Yusif Bəkirov qeyd edib ki, reklamlarda uşaqlardan istifadə dünya praktisında istifadə olunur. “Filmlərə çəkilmək özü də bir reklamdı. Burda diqqət yetirilməlidir ki, uşaqların hüquqları pozulmasın. 10-15 dəqiqəlik reklam roliklərinə azyaşlı uşaqların çəkilməsi düzgün deyil".
Milli Teleradio Şurası sədrinin köməkçisi Toğrul Məmmədov bildirib ki, hazırda televiziyalarda uşaqlarların reklama çəkilməsi ilə bağlı heç bir qanun pozuntusu müşahidə edilməyib.
“Məsələn, uşaqların hər hansı bir yuyucu tozun və yaxud köynəyin kefyiyyətli olduğunu görüntülüyən reklamlarda çəkilməsi qanun pozuntusu deyil”.
Toğrul Məmmədov qeyd edib ki, biznesə çağrış tipli reklamlarda uşaqların çəkilməsi yolverilməzdir. “Bu qanuna ziddir. Əvvəllər bu kimi hallar mövcud olub. Mobil operatorlar konturların satışı ilə bağlı uşaqlardan istifadə etmişdilər. O zaman bunun qarşısı alınmışdır”. Təhminə Paşayeva