Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına kursant qəbulu elan edilib. Nazirlikdən Modern.az-a verilən məlumata görə, sənədlər 2010-cu il aprelin 1-dən 30-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi) qəbul ediləcək.
Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olmaq istəyən namizədlər–boyu azı 160 sm, tam orta təhsilli və ya orta məktəbin buraxlış sinfində oxuyan 16 yaşından yuxarı (“Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə isə 01.09.2010-cu il tarixinədək 17 yaşı tamam olan) yaxud, müddətli həqiqi hərbi xidmət keçmiş və ehtiyatda olan 23 yaşınadək Azərbaycan Respublikasının vətəndaşları sırasından seçiləcəklər.
Namizədlər Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara müvafiq olaraq nazirliyin xüsusi həkim ekspertiza komissiyasından, həmçinin, fiziki hazırlıq və seçmə komissiyalarında sınaq və yoxlamalardan keçməlidirlər.
Sınaq və yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin ərizələri rəsmiləşdiriləcək və onlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş cədvəl üzrə mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edəcəklər.
Qəbul imtahanı yayda I ixtisas qrupuna daxil olan fənlər üzrə keçiriləcək.
Akademiyaya qəbul olunan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunacaq və təqaüd alacaqlar. Azərbaycan dilində verilən təhsilin müddəti 4 ildir.
Akademiyanın məzunlarına “Yanğın təhlükəsizliyi mühəndisliyi”, “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə bakalavr dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilir, onlar Fövqəladə Hallar Nazirliyi sistemində müvafiq vəzifələrə təyin edilirlər.
Akademiyaya qəbul olmaq istəyənlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- tərcümeyi–hal;
- şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin dövlət notariusu tərəfindən təsdiq olunmuş surəti;
- tam orta təhsil haqqında sənədin əsli və surəti, yaxud orta məktəbin buraxılış sinfində oxuması haqqında arayış;
- orta məktəbdən, iş yerindən və ya hərbi hissədən xasiyyətnamə;
- yaşayış yeri üzrə tibb müəssisəsindən sağlamlıq haqqında arayış;
- hərbi xidmətə çağırış məntəqəsinə təhkim edilmə vəsiqəsinin əsli və surəti;
- 2 ədəd 9x12 sm ölçüdə, 4 ədəd isə 4x6 sm ölçüdə fotoşəkil (başıaçıq, rəngli).
Sənədlər 2010-cu il aprelin 1-dən 30-dək (bazar günləri istisna olmaqla) saat
10-dan 17-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi) qəbul edilir.
Modern.az