Son vaxtlar Bakı şəhərindəki köhnə binaların zirzəmilərində, zibilliklərdə və antisanitariyanın hökm sürdüyü digər yerlərdə siçan və siçovulları sayının artdığı müşahidə edilir. Yaranmış vəziyətdən narazılıq edən bəzi şəhər sakinləri zirzəmilərdəki gəmriricilərin yavaş-yavaş mənzillərə də yol tapdığını bildirirlər.
Xatırladaq ki, Bakı şəhərinin meri Hacıbala Abutalıbov hələ 2005-ci ilin yanvarında paytaxtdakı binaların zirzəmilərinin çirkab sularından təmizlənməsilə bağlı müvafiq sərəncam verib. Sərəncama əsasən, Mənzil İstismar sahələri binaların zirzəmilərinə yığılan çirkab suları qurutmalıydılar. Həmin müddətdən bir neçə il keçməsinə baxmayaraq zirzəmilərin qurudulması üçün lazımi tədbirlər görülməyib. Bu vəziyyət zirzəmilərdə siçovulların çoxalmasına şərait yaradıb.
Siçan və siçovullara qarşı mübarizə tədbirlərinin həyata keçirilməsinə məsul olan Respublika Gigiyenva və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyyədin Kazımov deyir ki, sözügedən məsələyə görə əsas məsuliyyət Mənzil-İstismar sahələri, Mənzil-kommunal Təsərrüfatı birlikləri, kooperativ binalara rəhbərlik edənlərin üzərinə düşür. Siçan və siçovulların məhvi edilməsi işini mərkəzin Respublika Dezinfeksiya şöbəsinin ərazi idarələri həyata keçirir. Amma qanunla paytaxtadakı bütün «JEK»-lər, Mənzil-Kommunal Təsərrüfatı birlikləri, kooperativ binalar hər ilin sonunda ərazidə fəaliyyət göstərən rayon dezinfeksiya şöbələri ilə müqavilə bağlamalıdırlar. Rayon dezinfeksiya şöbələri isə həmin müqavilələr əsasında binaların zirzəmilərində dezinfeksiya tədbirləri görməlidir. Dezinfeksiya şöbələri tam təsərrüfat hesablı idarələr olduğundan müqavilə ilə işləyirlər. Belə müqavilələr bağlanılan rayonlarda siçan və siçovullarla mübarizə tədbirləri effektli nəticələr verir. Z.Kazımov deyir ki, maliyyə çatışmazlığını bəhanə gətirən bəzi JEK-lər, Mənzil-Kommunal Təsərrüfatı birlikləri, kooperativ binalar müqavilə bağlamaqdan yayınırlar ki, bu da hansısa ərazidə gəmiricilərin sayının artmasına səbəb olur.
Uğur Əmrahov
BDU-nun tələbəsi