Modern.az “Bu milli qəhrəmanı tanıyırsanmı?” adlı təbliğatı çərçivəsində oxucularımıza Azərbaycanın bütün Milli Qəhrəmanlarının ömür yolunu qısaca da olsa, tanıtmağa çalışır. Xatırladaq ki, Azərbaycanın 210 Milli Qəhrəmanı var, onlardan 19 nəfəri sağdır. Beləliklə, bu Milli Qəhrəmanı tanıyırsanmı?
Aznaurov İsgəndər Söhrab oğlu 16 avqust 1956-cı ildə Özbəkistan Respublikası Buxara vilayətində dünyaya gəlib. 1963-cü ildə burada orta məktəbə gedib, 1973-cü ildə həmin məktəbi bitirib. 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olan İsgəndər 1983-cü ildə ali təhsilini başa vurub. İsgəndər 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçüb. O, burada cihazqayırma zavodunda çalışıb. Erməni faşistlərinin torpaqlarımıza basqınları İsgəndəri narahat edir və o, 21 aprel 1992-ci ildə Milli Ordu sıralarına könüllü yazılıb. İsgəndər Aznaurovu "N" saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin edirlər. Tezliklə o, igid döyüşçü kimi ad-san qazanır. 18 aprel 1993-cü ildə isə vətən uğrunda mərdliklə həlak olur.
Evli idi. Üç qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə baş leytenant Aznaurov İsgəndər Söhrab oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Bakının Şəhidlər xiyabanında dəfn edilib.
Onun adına Şınıx bölgəsində "İsgəndər qalası" var. Kür qəsəbəsindəki 1 saylı məktəb qəhrəmanın adını daşıyır. Məktəbin girişində büstü qoyulub. 2 saylı orta məktəbdə isə onun şərəfinə xatirə guşəsi yaradılıb.