Modern.az

“Soyqırım” adlı sənədli filmin təqdimatı olub

“Soyqırım” adlı sənədli filmin təqdimatı olub

Ölkə

30 Mart 2010, 15:10

Bu gün Hökumət Evində 31 mart 1918-ci – azərbaycanlıların soyqırımı gününün ildönümü ərəfəsində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin hazırladığı “Soyqırım” adlı sənədli filmin təqdimat mərasimi keçirilib. Film 1918-ci il martın 31-də erməni daşnaklarının Qubada törətdiyi soyqırımdan bəhs edir. Filmdə erməni vəhşiliklərinin şahidi olmuş, valideynlərini, doğmalarını, yaxınlarını itirmiş yaşlı insanlar, o cümlədən yəhudilər danışıblar. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri Günel Paşayeva deyib ki, Qubada 3 min dinc insan, 1918-1920-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində ümumilikdə 700 min nəfərə yaxın insan qətlə yetirilib: “Erməni daşnakları tərəfindən valideynlərini, yaxınlarını, doğmalarını itirən, uzun illər onların qəbirlərini axtaran və indi Quba məzarlığına əzizlərini yad etmək üçün üz tutan insanların yaşadıqları acılar onların öz xatirələri ilə filmdə əksini tapır. Ömürlərinin yaşlı dövrlərini yaşayan bu insanlar filmdə dünya ictimaiyyətindən 1918-ci ilin mart-may aylarında erməni daşnakları tərəfindən onların yaxınlarına, azərbaycanlılara qarşı törədilmiş cinayətlərə, soyqırıma hüquqi qiymət verilməsini tələb edirlər". İctimai Birlik tərəfindən hazırlanmış filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov, redaktoru Kəmalə Paşayeva, elmi rəyçisi tarix elmləri doktoru, professor Musa Qasımlıdır. “Soyqırım” sənədli filminin baş məsləhətçisi millət vəkili Qənirə Paşayevadır. Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb. Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, millət vəkili Qənirə Paşayeva, Quba rayonundan seçilmiş millət vəkilləri və digərləri film barədə danışıb, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımın, erməni vəhşiliklərinin dünyaya çatdırılması istiqamətində bu cür filmlərin sayının çox olmasının vacib olduğunu bildiriblər. Filmin Azərbaycan televiziya kanallarında nümayiş etdirilməsi nəzərdə tutulur. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi “Soyqırım” sənədli filminin ingilis dili variantının aprel ayında ABŞ-da və Avropanın bəzi ölkələrində təqdimatını həyata keçirəcək. Filmin minlərlə nüsxə çoxaldılaraq Azərbaycan Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, bir çox dövlət və qeyri-hökumət təşkilatları, diaspor təşkilatları vasitəsilə beynəlxalq ictimaiyyətə yayılması da nəzərdə tutulur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir