Modern.az

TQDK aprelin 4-də 18 bölgədə sınaq imtahanı keçirəcək

TQDK aprelin 4-də 18 bölgədə sınaq imtahanı keçirəcək

Ölkə

1 Aprel 2010, 12:02

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 4-dən başlayaraq  abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə sınaq imtahanları keçirir.

TQDK-dan Modern.az-a verilən məlumata görə, ilk sınaq imtahanı Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şəmkir,  Ağstafa, Yevlax, Kürdəmir, İmişli, Şirvan, Lənkəran və Biləsuvar şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarında  keçiriləcək. Bu imtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə martın 16-dan aparılıb və 31538 abituriyent qeydiyyatdan keçib. İmtahanlarda istifadə olunan sual kitabçaları TQDK-nın aparıcı mütəxəssisləri və ekspertləri tərəfindən hazırlanıb və orta məktəb dərsliklərinə, qəbul imtahanları proqramlarına tamamilə uyğun hesab olunur.

Bu imtahanlar abituriyentlərə biliklərini yoxlamağa, ümumi hazırlıq səviyyələrini müəyyən etməyə,  tədris materiallarının qavranılmasında güclü və zəif tərəflərini üzə çıxarmağa kömək edəcək. Sınaq imtahanlarının başlıca cəhətlərindən biri də onun ali məktəblərə qəbul imtahanlarının metod və texnologiyalarına tamamilə uyğun keçirilməsidir. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşmaq, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirə bilərlər.

Növbəti sınaq imtahanı aprelin 11-də keçiriləcək və hazırda həmin imtahanına yazılış davam edir. Qeyd edək ki, aprel ayının 4 və 11-də sınaq imtahanı iştirakçılarına eyni test kitabçası təqdim olunacaq.

Sınaq imtahanlarının növbəti həftələrdə də keçirilməsi nəzərdə tutulur. Bu imtahanların tarixi, keçiriləcəyi bölgələrin siyahısı müntəzəm olaraq TQDK-nın internet səhifəsində yerləşdiriləcək. Modern.az

 

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir