Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadalarındakı tibb işçilərinin xidməti elədir ki, onlar daim gözlənilməz hadisələrə hazır vəziyyət alırlar. Çağırış daxil oldumu, dərhal hadisə yerinə yollanmalıdılar. Amma bəzi hallarda Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə yalançı çağırış zəngləri də daxil olur. Bu xidmətdə çalışanlar deyirlər ki, bir sıra hallarda çağırılan yerə gedirlər, həmin ərazidə yaşayanlardan təcili tibbi yardımın kimin çağırdığını soruşanda “burada xəstə yoxdur” deyirlər. Əvəllər belə çağrışlar adi günlərlə yanaşı, 1 aprel tarixlərində də qeydə alınırmış. Bəs indi necə? Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev Modern.az-a deyib ki, son illər yalançı çağırışların sayı kəskin azalıb: “Əvvəllər yalan, səbəbsiz çağrışlar çox olurdu. İndi komputer sisteminə keçilib. Bütün nömrələr dərhal qeydə alınır. Buna görə də əvvəlki illərə nisbətən belə zənglər kəskin azalıb. Əvvəllər belə hallar çox olurdu”. R.Nağıyev deyir ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası yalan, səbəbsiz zənglərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyib: “Həmin nömrələrə zəng edəndə də bildirirlər ki, uşaq zəng edib, üzr istəyirlər və s. İndi çox nadir hallarda belə zənglər olur. Yalançı insanlar bilirlər ki, artıq onların nömrələri bizim tərəfdən qeydə alınır, ona görə də yalan, səbəbsiz çağrışlar etməkdən çəkinirlər”. Təhminə Paşayeva