Modern.az

Niyyətlərin hasil olduğu yer-Babagil piri

Niyyətlərin hasil olduğu yer-Babagil piri

Ölkə

2 Aprel 2010, 17:58

Lənkəran-Lerik şosesi üstündə, Lerikin Babagil kəndində XV-XVI əsrlərdən sitayiş edilən bir pir var. Qəbiristanlıqda yerləşən pirin adı kəndin adı ilə eynidir-Babagil. Babagil pirdə dəfn olunmuş möminin adıdır. Lənkəran və Lerikin yaşlı sakinlərinin dediyinə görə “Babagil” sözünün mənası gilanlı Baba deməkdir. Gilanlı Babanın başqa adının Sultan baba olduğu deyilir. Sultan baba ruhani alim olub. O, vaxtilə İran ərazisindəki Gilan şəhərindən Azərbaycan Astarasına gəlib, Dəmirçilər kəndində yaşayıb və burada vəfat edib. Babagil məqbərəsində yazılı kitabə qalmayıb. Milli Elmlər Akademiyası Tarix İnistutunun elmi arxivində Babagil məqbərəsindən götürulmuş bir kitabə saxlanılır. Kitabə ziyarətgahın üç yuzillik (1509-1788) tarixinə dair maraqlı məlumat verən 6 sənəddən ibarətdi.

Sənədlərdə göstərilib ki, vaxtilə Azərbaycana gələn Sultan baba imamları təbliğ edirmiş.

Yuxarıda qeyd elədiyim Sultan baba, Babagil, Gilanlı baba məqbərədə dəfn olunmuş mömin bəndənin əslində ləqəbləri olub. Lakin öz adı isə məlum deyil.

Babagil piri məscid hökmündə olmadığına görə onun imamı yoxdur. Bunu buzə ziyarətgahın qeyri-rəsmi baxıcısı Mirəşrəf Vəliyev dedi: “Ola bilsin gələcəkdə pirə rəsmi şəkildə imam təyin eləsinlər, hələki belə bir söhbət yoxdu”. 

Mirəşrəf Vəliyevdən Babagil pirinə toplanan vəsaitin hara sərf olunmasını soruşduq. Dedi ki, pirdə toplanan vəsait əsasən onun təmizliyinə, yetim-yesirə sərf olunur. Seyid Mirəşrəfin sözlərinə görə, pir əvəllər yaxşı vəziyyətdə olmayıb. “1998-ci ildə Babagil kənd sakini Kərimov İslam Sadıq oğlu bir xeyriyyətçi kimi  pirin əsaslı təmiri üçün pul ayırdı. Onun sayəsində pir əsaslı təmir olundu, dəstəmazxana, ziyarətçilər üçün istirahət yeri, qurban kəsimi üçün yer düzəldildi, işıqlandırma sistemi quraşdırıldı, bulaqlardan su xətti çəkildi. Biz burada kimisə gətirib işlətmirik, özümüz-kənd camaatı növbə ilə hər gün təmizliklə məşğuluq. Kəndin isə cəmi 45 evi var”. Cənub bölgəısinin sakinləri deyirlər ki, Babagil piri çox inanılmış və sınanmış ziyarətgahdı. Ziyarətçilər əsasən yaz və yay aylarında çox olurlar. Seyid Mirəşrəfin sözlərinə görə, vaxtilə niyyət tutub pirə pənah gətirənlər sonralar diləkləri hasil olduğuna görə Babagili dəfələrlə ziyarət edirlər.

Mirəşrəf Vəliyev dedi ki, pirə ziyarətə gələnlərin niyyətinlərinin hasil olması Sultan babanın hikmətidir: “Mən belə düşünürəm ki, bura gələn hər bir ziyarətçinin niyyəti Allahın hökmü, Sultan babanın hikməti ilə qəbul olunur”.

 

 

 

 

Mail Ağaxanov Lerik

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir