Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda digər məsələlərlə yanaşı, son zamanlar müdafiə üçün dissertasiya şuralarına təqdim olunmuş dissertasiyalarda rast gəlinən plagiatlıq faktları müzakirə olunub və buna dair qərar qəbul olunub. Modern.az xəbər verir ki, bu barədə Ali Attestasiya Komissiyasının məlumatında bildirlib.
Məlumatda bildirlib ki, son zamanlar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Milli Aviasiya Akademiyasının nəzdində alimlik dərəcəsi almaq üçün yaradılmış N.06.011 Dissertasiya Şurasında (sədr: hüquq elmləri doktoru İbrahim Quliyev) aparılmış araşdırmalar və təhlillər nəticəsində şuraya daxil olmuş dissertasiyaların bir qismində plagiatlıq faktları aşkar edilmişdir. Plagiatlıq faktlarının aşkar olunduğu dissertasiyalara AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda yerinə yetirilmiş və hüquq üzrə müdafiə üçün təqdim olunmuş altı dissertasiya işində plagiatlıq faktlarının olması müəyyən edilmişdir. Bu isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Alimlik dərəcələrinin və elmi adların verilməsi qaydaları haqqında” Əsasnaməsinin tələblərinin kobud şəkildə pozulması deməkdir.N.06.011 Dissertasiya Şurasına daxil olan dissertasiya işlərinin ilkin ekspertizası zamanı aparılmış araşdırmalar, aşkar olunmuş faktlar və təhlillər nəticəsində müəyyən olunmuşdur ki, müdafiə üçün təqdim olunmuş dissertasiya işlərinin çox hissəsi Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin, xüsusilə Rusiya Federasiyası alimlərinin dissertasiya işlərindən və əsərlərindən eynilə tərcümə olunaraq köçürülüb və ya iddiaçı tərəfindən rus dilində hazırlanmış dissertasiya işləri isə Rusiya Federasiyasında müdafiə olunmuş dissertasiyalardan birbaşa köçürülərək hazırlanır və Şuraya müdafiə üçün təqdim olunur. Hətta bir çox hallarda mövzu ilə bağlı təqdim olunmuş plan, fəsillər və paraqraflar, o cümlədən dissertasiya işlərinin məzmunları eynilik təşkil edir. Belə dissertasiya işlərində fərqli cəhət təkcə ondan ibarətdir ki, iddiaçılar rus dilindən rus dilinə köçürdükləri və ya Azərbaycan dilinə tərcümə yolu ilə təqdim etdikləri dissertasiya işlərinə yalnız bəzi əlavələr edərək Rusiya Federasiyasının normativ-hüquqi aktlarının yerinə ancaq Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının adlarını daxil etməklə Azərbaycan elmi qarşısında iddiaçı kimi öz vəzifələrini yerinə yetirmiş hesab edərək dissertasiya işini başa çatdırmiş sayırlar. Narahatçılıq doğuran hal odur ki, elmə gəlmək istəyənj belə təsadüfi şəxslər üçün doktorant və dissertant olduqları ali təhsil və elm müəssisələrində çalışan, “elmin keşiyində” duran bəzi alimlər məqsədli surətdə və bilərəkdən əlverişli şərait yaradırlar.
Belə elmi rəhbərlər həqiqətən elmi tədqiqatları biznesə çevirərək layiq olmayan şəxslərin qeyri-qanuni yollarla elmi adlar almaları üçün cəhd göstərirlər. N.06.011 Dissertasiya Şurasının yaratdığı Komissiya tərəfindən aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bütün bu işlərin həyata keçirilməsində elm və təhsil müəssisələrinin, xüsusilə AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun bəzi əməkdaşları və iddiaçıların elmi rəhbərləri dissertasiya işlərinin müzakirəsi zamanı lazımi səviyyədə tələbkarlıq göstərmirlər. Komissiya tərəfindən əldə olunmuş faktlar bunu bir daha təsdiqləyir. Təbii ki, layiq olmayan təsadüfi şəxslərin elmi adlar alması Azərbaycan elmi və Azərbaycan cəmiyyəti üçün son dərəcə zərərlidir və Azərbaycan elminə xəyanətdir.
Qeyd etmək lazımdır ki, belə yararsız dissertasiya işlərinin bu vəziyyətə gəlib çatmasında əsas məsuliyyət iddiaçının təhkim olunduğu elm və ali təhsil müəssisəsinin və eyni zamanda, onların elmi rəhbərlərinin və ya elmi məsləhətçilərinin üzərinə düşür. İddiaçıların təhkim olunduğu təhsil və elm müəssisələrində, o cümlədən uyğun şöbə, kafedra və laboratoriyalarda dissertasiya işlərinin ilkin müzakirəsi zamanı lazımi səviyyədə prinsipiallıq və tələbkarlıq göstərilmir, dərindən araşdırmalar aparılmır və nəticədə səviyyəsiz və keyfiyyətsiz dissertasiya işlərinin vaxtında qarşısı alınmır. Burada dissertasiyaların ilkin müzakirəsinin keçirilməsi üçün yazılı rəy təqdim etmiş mütəxəssis alimlərin, dissertasiyaya dair elmi məqalə və tezisləri dərc etmiş jurnal və məcmuələrin redaksiya heyətlərinin və uyğun rəyçilərin üzərinə böyük məsuliyyət düşür.
N.06.011 Dissertasiya Şurası tərəfindən yaradılmış Komissiya müdafiə üçün təqdim edilmiş dissertasiya işlərinin ekspetizası zamanı adları aşağıda çəkilən iddiaçıların digər müəlliflərin dissertasiya işlərindən köçürmə faktlarını aşkar etmişdir.
1. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı Əliyeva Esmira Çərkəz qızının (elmi rəhbəri: hüquq elmləri doktoru Mais Əliyev) 12.00.05 - “Əmək hüququ; sosial təminat hüququ” ixtisası üzrə hüququ elmləri namizədi (hazırda hüquq üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almaq üçün “Televiziya və radio işçilərinin əməyinin hüquqi tənzimlənməsinin xüsusiyyətləri” mövzusunda müdafiə üçün təqdim etdiyi dissertasiya işi 2003-cü ildə Moskva Dövlət Universitetində hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş Aristova Svetlana Viktorovnanın eyni adlı (“Особенности правового регулирования труда работников телевидения и радиовещания”) tərcümə olunaraq köçürülmüşdür.
2. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı Əliyev Əhəd Həmzə oğlunun (elmi rəhbəri: hüquq elmləri doktoru Mais Əliyev) 12.00.05 – “Əmək hüququ; sosial təminat hüququ” ixtisası üzrə hüququ elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim etdiyi”Dövlət qulluqçularının əməyinin və sosial müdafiəsinin hüquqi tənziminin nəzərri və praktiki məsələləri” mövzusunda dissertasiya işi Kirpatenko Vladislav Vladimiroviç tərəfindən 2005-ci ildə Moskva şəhərində Moskva Dövlət Sənaye Universitetində müdafiə edilmiş dissertasiya işindən (“Особенности правового регулирования труда и социальной защиты государственных служащих: вопросы теории и практики”) tərcümə olunaraq köçürülmüşdür.
3. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı Cəfərov Müşfiq Ələkbər oğlunun (elmi rəhbəri: hüquq elmləri doktoru Mais Əliyev) 12.00.05 – “Əmək hüququ; sosial təminat hüququ” ixtisası üzrə hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Miqrantların əmək münasibətlərinin hüquqi tənzimlənməsi” mövzusunda təqdim etdiyi dissertasiya işi 2002-ci ildə Yekaterinburq şəhərində Ural Dövlət Hüquq Akademiyasında “Правовое регулирование трудовых отношений работников-мигрантов” mövzusunda müdafiə etmiş Jiltsova Yuliya Vladimirovnanın dissertasiya işindən tərcümə olunaraq köçürülmüşdür.
4. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı Mustafayev Adil Şöhrət oğlunun (elmi rəhbəri: hüquq elmləri doktoru Mais Əliyev) 12.00.05 – “Əmək hüququ; sosial təminat hüququ” ixtisası üzrə hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim etdiyi “Социальное обеспечение как государственная система защиты населения от социального риска” mövzusunda dissertasiya işi Rusiya Federasiyasının aşağıda göstərilən iki ayrı-ayrı ali təhsil müəssisəsində müxtəlif iddiaçılar tərəfindən müdafiə olunmuş dissertasiya işindən tərcümə olunaraq köçürülmüşdür:
- «Право социального обеспечения в условиях рыночной экономики: теория и практика правового регулирования» mövzusunda 12.00.05 – “Əmək hüququ; sosial təminat hüququ” ixtisası üzrə Maçulskaya Yelena Yevqeniyevnanın 2000-ci ildə hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün Moskva şəhərində müdafiə etdiyi dissertasiya işindən;
- «Теоретические проблемы правового регулирования социального страхования» mövzusunda 12.00.05 – “Əmək hüququ; sosial təminat hüququ” ixtisası üzrə Fiyodorova Marina Yuryevnanın 2003-cü ildə Sankt-Peteburq şəhərində Sank Peterburq Dövlət Universitetində hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün müdafiə etdiyi dissertasiya işindən.
5. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı Səfərəliyev Rüstəm Rasim oğlunun (elmi rəhbəri: hüquq elmləri doktoru, professor İbrahim İsmayılov) 12.00.05 – “Əmək hüququ; sosial təminat hüququ” ixtisası üzrə hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim etdiyi “Sosial təminat məsələləri üzrə mübahisələrin baxılmasının hüquqi aspektləri” mövzusunda dissertasiya işi eyni mövzuda olan («Правовые аспекты рассмотрения споров по вопросам социального обеспечения») və 2002-ci ildə Moskva şəhərində Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda Serebryakova Yelena Alekseyevna tərəfindən müdafiə edilmiş dissertasiya işindən köçürülmüşdür.
6. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı Mahmudov Emin Vidadi oğlunun (elmi rəhbəri: hüquq elmləri doktoru, professor İbrahim İsmayılov) 12.00.05 – “Əmək hüququ; sosial təminat hüququ” ixtisası üzrə hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim etdiyi “Bazar iqtisadiyyatı şəraitində əməyin ödənilməsinin hüquqi təminatları” mövzusunda dissertasiya işi Rusiya Federasiyasının aşağıda göstərilən üç müxtəlif ali təhsil müəssisəsində ayrı-ayrı iddiaçılar tərəfindən müdafiə olunmuş aşağıdakı dissertasiya işlərindən tərcümə yolu ilə köçürülmüşdür.
- «Правовое регулирование оплаты труда в Российской Федерации (вопросы теории и практики)» mövzusunda 12.00.05 – “Əmək hüququ; sosial təminat hüququ” ixtisası üzrə 2003-cü ildə Yekaterinburq şəhərində Ural Dövlət Hüquq Akademiyasında Salikova Natalya Mixaylovnanın müdafiə etdiyi doktorluq dissertasiyası işindən;
- «Правовое регулирование заработной платы в России (некоторые проблемы истории, теории и практики») mövzusunda 12.00.05 – “Əmək hüququ; sosial təminat hüququ” ixtisası üzrə 2003-cü ildə Perm şəhərində Perm Dövlət Universitetində Çexmister Pyotr Borisoviçin müdafiə etdiyi namizədlik dissertasiyası işindən;
- «Методы регулирования заработной платы в России на современном этапе (правовые проблемы)» mövzusunda 12.00.05 – “Əmək hüququ; sosial təminat hüququ” ixtisası üzrə 2001-ci ildə Moskva şəhərində Moskva Dövlət Hüquq Akademiyasında Ponomaryova Qalina Anatolyevnanın müdafiə etdiyi dissertasiyası işindən.
Faktlar əsasında və təhlillər nəticəsində müəyyən edilmişdir ki, iddiaçılar müstəqil elmi araşdırmalar aparmamış, əslində Rusiya Federasiyasından olan müəlliflərin ayrı-ayrı vaxtlarda müdafiə etdikləri dissertasiya işlərindən tərcümə və ya birbaşa köçürmə yolu ilə dissertasiya işləri hazırlamışlar.
Aşkar olunmuş bu plagiatlıq faktları ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin iclasında geniş müzakirə aparılmış və Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti ciddi narahatçılıq doğuran bu cür neqativ halların qarşısını almaq məqsədilə aşağıdakıları qərara almışdır:
1. AMEA rəhbərliyinə çatdırılsın ki, bu cür neqativ halların vaxtında qarşısını almaq üçün lazımi tədbirlər görsün və bu məsələ ilə bağlı görülən tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinə məlumat versin.
2. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun adları yuxarıda qeyd olunan dissertantlarına həmin mövzular üzrə təkrar müdafiə etmək hüququ, o cümlədən üç il müddətinə digər hər hansı bir mövzu üzrə dissertasiya müdafiə etmək hüququ verilməsin.
3. Hüquq elmləri doktoru Mais Əliyevə və hüquq elmləri doktoru, professor İbrahim İsmayılova beş il müddətinə elmi rəhbər olmaq icazəsi verilməsin. Adı çəkilən şəxslər tərəfindən bu cür faktlar bir daha aşkarlanarsa, onların doktorluq elmi dərəcəsinin geri alınması məsələsinə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin iclasında baxılsın.
4. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun adları yuxarıda qeyd olunan dissertantlarının təqdim etdikləri dissertasiyaların ilkin müzakirəsinin keçirilməsi üçün rəy təqdim etmiş rəyçilərə aşkar olunmuş faktla bağlı ciddi xəbərdarlıq edilsin.
5. Aşkar olunmuş plagiatlıq faktlarının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qəbul etdiyi qərar elm və təhsil müəssisələrinin və dissertasiya şuralarının rəhbərlərinin nəzərinə çatdırılsın.
Modern.az