Modern.az

Fala inanma...

Fala inanma...

Ölkə

7 Aprel 2010, 14:48

Yazımın əsas mətləbinə keçməzdən öncə bu mövzunu yazmağa vadar edən səbəblə oxucuları tanış etmək istədim.

4 aprel 2010-cu il. Bazar günü. Boş vaxtdan istifadə edib özümə geyim-keçim almağı qərara aldım. Adətən nəsə almağa gedəndə anamla gedirəm. Çünki qiyməti aşağı salmağa üzüm yoxdur. Anam evdə olmadığından məcburən tək getməli idim. Bu dəfə ailəmə yük olmaq istəmədiyimçün tələbə büdcəmi (təqaüdü) işə salacaqdım. Qapıdan çıxmaq istəyəndə atam hara getdiyimi soruşdu. Paltar almağa deyəndə atam təəccüblə gülümsündü: “Hansı pulla?”  Bir az lovğalanaraq, bir az da zarafatyana: “Qazancımla”, - dedim. Atam cibindən on manat çıxarıb “şorbada mənim də duzum olsun” misalı mənə uzatdı. Sevinclə minnətdarlıq edib evdən çıxdım. Küçədə ozümü rahat və sərbəst aparsam da, əslində içimdə bir qorxu, qəribə bir hiss vardı. Hisslərimə hər zaman etibar edirəm. Çünki məni yanıltmır. Əvvəlcə yaxınlıqda yerləşən mağazalara baxmaq istədim. Bir az getmişdim ki, bir səs gəldi. Üzümü çevirdim. Bir anda üstümə qara kölgə çökdü sanki. Bu, simsiyah geyimdə, vahiməli baxışlı bir qadın idi. Ətrafda o qədər insan olduğu halda məni hədəf seçmişdi. Lap yanımda dayanıb rus dilində  həyatım, gələcəyim barədə əcaib sözlər söyləməyə başladı. Belə şeylərdən həmişə uzaq durmağa çalişmişam. Ancaq uzaqlaşmaq istəsəm də, ayaqlarım getmirdi. Sanki ovsunlanmışdım. Onun sözləri sadəcə pıçıltı kimi gəlirdi. Ürəyimdə dediklərinə ancaq gülürdüm. Şeytanın əsiri olan bir insanın Allahın adını çəkməyi, məni Allah göndərib deməsi əsəblərimi pozurdu. Sonra “ürəyindən nə qədər gəlir mənə pul ver sənə sirr açım” dedi. Mənsə üstümdə pul olmadığını dedim. “Heç qara qəpik də verməyəcəm” , - deyə ürəyimdə kinayə də etdim ona. Ancaq ona variant keçmirdi. Yenə elə dediklərini təkrar edirdi. Gördü ki, danışmaqla bir şey çıxmır, keçdi öz üsullarına. Gözlərimin içinə baxıb “səndə pul var, amma lazımdır” , - dedi. Susub qaldım, tutuldum elə bil. Cəld saçımdan bir tel çəkdi. Atamın verdiyi on manatı pencəyin cibindən qeyri- ixtiyari çıxarıb ona uzatdım. Saçımı pula bağlayıb üfürdü. Pul da, saç da yox oldu. Şeytanın qulu olan bu qadın pulu şeytanın apardığını, yarım saat sonra cibimə qayıdacağını dedi. Dərindən qəhqəhə çəkib dediklərinə güldüm. O isə yavaş-yavaş çıxıb getdi. Arxasınca qışqırmaq istəsəm də, səsim də çıxmadı. Yalnız o gözdən itəndən sonra ayıldım. Bu, sehrin, maqiyanın təsiri idi. Əhvalım tamam dəyişdi. Təkcə ayaqqabı alıb evə qayıtdım.

Bu yazını yazmaqda məqsədim nə o qara donlu iblisi tapmaq, nə də pulumu geri qaytarmaqdır. Heç bu mümkün də deyil. Belə fırıldaqçıların kökünü kəsmək çətindir. Məqsədim insanlara özlərini falçı, ekstrassens, görücü adlandıran mövhumatçılardan uzaq durmağı, ehtiyatlı olmağı tövsiyyə etməkdir. Maqiya adlanan bu cadügərliyin kökü çox qədimə gedir. Qürurverici olmasa da qeyd etməliyəm ki, maqiya sözünü Xəzər dənizi sahilində mövcud olmuş maq tayfalarının adı ilə bağlayırlar. Nə ağ (guya xeyirxah), nə də qara magiya ilə məşğul olmaq olmaz. Müqəddəs kitabımız Qurani – Kərimdə də bu məsələ öz əksini tapıb. “Sehrbazlar (dünya və axirətdə) nicat tapmazlar”. Sehr düyünlər, oxumalar, söylənən sözlər, yazılan ifadələr, edilən şeylər sehr edilən kimsənin bədəninə, qəlbinə və ya ağlına təsir edir. Həyatlarında uğursuzluq, bədbəxtlik baş verəndə bəzi insanlar falçılara üz tuturlar. Ancaq falçı yanına gedənlər, onu dinləyənlər Allahı inkar etmiş, küfr etmiş olurlar. Bu yerdə deyə bilərsiniz ki, “fala inanma, faldan da qalma”.  Bilin ki, yalnız maraq üçün, dinləmək üçün gediriksə belə, qırx gün namazlarımız qəbul olmaz. Çox vaxt insanları falçılara inanmağa vadar edən söylədikləri bəzi doğru sözlər olur. Bir dəfə Aişə (radiyallahı anhə) Peyğəmbərimizə (sallahu aleyhi və səlləmə) deyir: “Ya Rəsulallah, kahinlər bizlərə bəzi şeyləri söyləyirlər ki, onların dedikləri doğru çıxır”. Həzrəti Məhəmməd belə cavab verir: “Bu doğru (sabit) olan kəlimələdir ki, cinlər oğrun - oğrun qulaq asaraq (bu kəlmələri) oğurlayaraq öz dostlarının (sehrbazların, falçıların, kahinlərin) qulağına sözlərə yüz dənə yalan əlavə edərək pıçıldayarlar”. Odur ki, əziz oxucularım nə çətinliyiniz olursa olsun, yalnız Allaha, onun mərhəmətinə sığının. Dua edin. Ürəkdən edilən dualar hər zaman qəbul olar. Allah hər birimizi şeytanın, ruhunu şeytana satanların şərindən qorusun. Amin!         

Şəfanə İbrahimova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir