Modern.az

İşdən çıxarılan direktor: “Böhtan kampaniyası üzündən az qalıram Goranboyu tərk edəm”

İşdən çıxarılan direktor: “Böhtan kampaniyası üzündən az qalıram Goranboyu tərk edəm”

Ölkə

7 Aprel 2010, 21:07

Goranboy rayonundakı 3 nömrəli orta məktəbdə direktorun işdən uzaqlaşdırılması üzündən yaranan qalmaqal davam edir. Məktəbin kollektivi hələ də işdən kənarlaşdırılan keçmiş direktor Nüşabə Əhmədovanın vəzifəsinə qaytarılmasını tələb edir.

Qeyd edək ki, Goranboy rayon Təhsil Şöbəsinin müdiri İlham Hüseynov saytımıza bildirib ki, 3 nömrəli orta məktəbdə aparılan yoxlama nəticəsində maliyyə pozuntuları aşkarlanıb. O, Nüşabə Əhmədovanın məsələsinin pedaqoji şurada müzakirə edildikdən sonra işdən çıxarılması barədə əmr verdiyini deyib. İ.Hüseynov qeyd edib ki, yoxlamanın nəticələri prokurorluq orqanına təqdim olunub ki, ona hüquqi qiymət verilsin.

Nüşabə Əhmədova isə ona qarşı irəli sürülən ittihamlarla razılaşmır. Sabiq direktor Modern.az-a açıqlamasında aprelin 7-də Goranboy rayon Prokurorluğuna çağırıldığını deyib: “Prokurorluqda mənimlə normal tərzdə davranıb ifadəmi aldılar”.

N.Əhmədovanın sözlərinə görə, rayon Təhsil Şöbəsi ona qarşı böhtan kampaniyasını davam etdirir: “Ayıbdır, məktəbin müəllimləri mənə zəng vurub deyirlər ki, onlara təzyiq göstərilir ki, əleyhimə ifadə versinlər.

Məktəblilər, müəllimlər, valideyinlər mənim işə bərpamı istəyirlər, rayon Təhsil Şöbəsi isə guya işimin öhdəsindən gələ bilmədiyimdən vəzifədən çıxarıldığımı bildirib. Elə böhtan kampaniyası başlayıblar ki, az qala bu rayondan çıxıb gedəm. Bütün bu işlərin arxasında icra başçısı Nizaməddin Quliyev dayanır. Təhsil Şöbəsi mənə şər atıb, öz qorxularından mənə qara yaxmağa çalışırlar, müllimlərə təzyiq edirlər. Çox acınacaqlı vəziyyətdir. Hələ mənə cinayət işi də açdırmaq istəyirlər. Bu cür haqsızlıq görməmişəm”.

“Təhsil naziri ilə əlaqə saxlamısızmı” sualına N.Əhmədova “məgər nazirin olanlardan xəbəri yoxdur? Neçə gündür mətbuat bu hadisədən yazır” deyə cavab verib.

Modern.az  

 

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir