Fəhlə, sən də özünü insanmı sanırsan,
Pulsuz kişi insanlığı asanmı sanırasan? ( Mirzə Ələkbər Sabir )
Xəbər : "Azərbaycanlı iş adamı Mübariz Mənsimov təkcə "Beşiktaş"ın televiziyasına 500.000 dollar verəcək". Bu xəbər məni elə şoka saldı ki, 500.000 dollar rəqəmini təkrar-təkrar gözdən keçirdim, çaşmayım deyə sıfırları da saydım. Maraqlıdı, görəsən, Mübariz müəllimin aylıq gəliri nə qədərdir ki, büdcəsindən yarım milyon dollarlıq məbləği azarkeşlik etdiyi komandanın televiziyasına yatırır?! Deyəsən, xalqımız düz deyib ki, pul əl çirkidir. “Palmali”nin prezidenti də əlinin çirkini təmizləmək üçün yarım milyonundan keçəsi olub. Rəhmətlik Sabirin iki misrası yadıma düşdü: Adəmi adəm eləyən paradır, Parasız adəmin üzü qaradır. Sabirin dövrün deyə bilmərəm, bu gün bu sözlər zəmanəmiz üçün keçərlidir. İndi pul əsridir. "Arşın mal alan" filmində qulluqçuların arasındakı bir epizodla pulun nələrə qadir olduğunu dahi Üzeyir Hacıbəyov elə bil bu gün üçün ifadə edib. Qulluqçu Telli : "Pulun var, gələrəm" Nökər: "Bilirəm, gələrsən" ”Pul əl çirkidir” deyənlər məndən inciməsin, Vallah, pul əl çirki deyil. Hara baxırsan mövzudu, problemdi. Hər problemi də həll etmək üçün pul lazımdır. İrəli getmək istəyirsən? Puluna minnət, pulunu ver keç qabağa, əks halda çəkil dur qırağa. Pulun yoxdursa, ən azından pullu adamın (el arasında deyildiyi kimi “day-day”) olmalıdı. Öz aramızdı, “adamın adamı” ifadəsi tək bizim xalqa məxsusdur. Dünyaya gəlirik pulla, həyatımız boyu yeməyimiz, içməyimiz, geyimimiz, işə düzəlməyimiz, ən əsası da ölməyimiz belə, pulla "kontakt"da olur. O zaman belə çıxır ki, pulsuzun, kasıbın nə dünyaya gəlməyə, nə yaşamağa, nə də ölməyə haqqı yoxdur. Ölümdən bəhs etmişkən, belə zəmanədə adam lap uzanıb ölməyə də utanır. Öləndən sonrakı xərclər yaşadığın müddətdəki xərclərini üstələyir. Kəfən, mürdəşir (ölüyuyan), tabut, qəbirqazan pulu, qəbir daşının pulu, cümə axşamları, 3, 7, 40 və s. say, say ki qurtarsın. Yaxşı ki, bəzi bölgələrdə sadaladıqlarımdan son dördü ləğv olunub, indi heç olmazsa adam utana-utana da olsa ölə bilər.
Dövrümüzün şairi şeir yazır, bəstəkarı bəstələyir, müğənnisi də oxuyur, mövzu nədir? PUL. Yazıçı yazır, əsər tamaşaya qoyulur və ya ssenari əsasında film çəkilir. Mövzu nədir? Yenə də PUL. "Hacı qara", " Arşın mal alan", "Məşədi İbad" və başqaları.
Statistika göstərir ki, 10 milyon dollara görə hər 14 adamdan biri istənilən şəxsi öldürməyə hazırdır. Allah bizi belələrindən qorusun. Pul barədə Eterson gözəl bir fikir bildirib : "Pul insanı hər cür əmələ sövq edən bir mələk və ya şeytandır". Deməli insanlar heç nə etmir, nə edirsə pul edir. Pul hesabına adam öldürtmək, hansısa cinayəti ört-basdır etmək, kiminsə mənəviyyatını alçaltmaq da mümkündür.
Xülasə, çox uzatmaq istəmirəm. Neçə müddətdir ki, əlimə pul gəlmirdi, ona görə də yazımı pula həsr elədim. Yuxarıda qeyd etdiyim kimi, hara baxırsan, mövzudu, problemdi. Bu problemi də həll etmək üçün də pul lazımdır. Hötenin bir aforizmi var, “pul itirmisənsə, az itirmisən, vicdanını itirmisənsə, çox itirmisən, qeyrətini itirmisənsə, hər şeyini itirmisən”. Sonda bunu qeyd etmək istərdim ki, nə qədər pul qazanmış olsaq da, təki mənəviyyatımızı itirməyək. Dürrə Həsənova