Modern.az-ın məlumatına görə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov bu gün YAP-ın qərargahında mətbuat konfransı keçirib. "Dövlətqaçqınkom”un sədri bildirib ki, bu ildən yataqxanalarda məskunlaşan qaçqın və məcburi köçkünlərin köçürülməsinə başlanılacaq. Ə.Həsənov deyib ki, yataqxanalarda məskunlaşanlar üçün yaşayış binalarının tikilməsindən ötrü torpaq sahələri ayrılıb. Onun sözlərinə görə, artıq Masazır ərazisində 15 hektar ərazi ayrılıb və orada 12-13 doqquzmərtəbəli binanın tikintisi nəzərdə tutulur. Təkcə Bakıda yataqxanalarda 216 min qaçqın və məcburi köçkün yaşayır. Onlardan 60 yataqxana Təhsil Nazirliyinin balansındadır və həmin yerlərdə 16 min ailə yaşayır. Ə.Həsənov deyib ki, yataqxanalardan sonra mərhələli şəkildə uşaq bağçaları və digər dövlət qurumlarında yaşayan qaçqın və məcburi köçkünlərin köçürülməsinə başlanılacaq.
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri bildirib ki, ötən il 1416 ailə yeni mənzilə köçürülüb. Komitə tərəfindən isə 50 binada təmir işləri aparılıb. Ötən il 2 min qaçqın və məcburi köçkün işlə təmin olunub. Komitə sədrinin sözlərinə görə, ötən il olduğu kimi, bu il qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün 310 mln. manat ayrılıb: “Onun 203 mln-u büdcənin, 8 mln-u Dövlət Neft Fondunun, 27 mln-u isə beynəlxalq humanitar təşkilatlarının vəsaitidir”. Ə. Həsənov bu il İmişli, Şəki, Ağcabədi, Yevlax, Mingəçevir və digər rayonlarda məcburi köçkünlər üçün mənzillərin inşa olunacağını da deyib. Komitə rəhbərinin sözlərinə görə, Bakı şəhərinin Ramana qəsəbəsində beşmərtəbəli 70 mənzilli bina hazırdır və yaxın günlərdə ora köçürmə başlanacaq: Goranboyda da 3 ədəd beşmərtəbəli bina tikilir və yaxın 2-3 aya işlər başa çatdırılacaq. Bu binalara Naftalandakı müxtəlif sanatoriyalardan məcburi köçkünlər yerləşdiriləcək. Yevlaxda 612 ailə üçün 10 ədəd beşmərtəbəli binanın tikintisi nəzərdə tutulur və bura həm Aran fin qəsəbəsindən, həm də digər yaşayış massivlərindən köçkünlər köçürüləcək. Ağdam rayonunda da 689 ailənin köçürülməsi üçün torpaq sahəsi götürülüb və tikinti üçün vəsait ayrılıb. "Azərbaycan hökuməti hər bir məcburi köçkünün problemlərinin həlli üçün ildə 720 dollar vəsait sərf edir"-deyən Ə.Həsənov bildirib. Baş nazirin müavini deyib ki, hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli ilə Azərbaycanda fəaliyyət göstərən 60 beynəlxalq təşkilat məşğul olur: "Məcburi köçkünlərə bu və ya digər şəkildə yardım edən humanitar təşkilatların 40-ı isə yerli təşkilatlardır". Modern.az