Bakı Funikulyorunun qəzalı vəziyyətdə olması ilə bağlı yenə də məlumatlar yayılıb. Belə məlumatların yayılmasına səbəb isə funikulyirun bir müddət öncə təxminən iki həftəliyə bağlanması və açılması olub. Deyirlər funikulyorun ərazisi sürüşmə zonası hesab olunur. Dünən sözügedən obyektdə olan əməkdaşımız deyilənləri aydınlaşdırmağa çalışıb.
Bakı Funikulyorunun rəhbərliyindən Modern.az-a bildiriblər ki, bu obyektin bir müddət öncə iki həftəliyə bağlanmasının səbəbi “Lifttəmir” İstehsalat Birliyi tərəfindən aparılan təmir-bərpa işlərilə əlaqədar olub.
Bakı Funikulyorunun sürüşmə zonasında yerləşdiyi barədə məlumatlar da təkzib olunub. Obyektin işçiləri Modern.az-ın əməkdaşına bildiriblər ki, burada qəzalı vəziyyətin yarandığı barədə yayılan söz-söhbətdən sonra Fövqəladə Hallar Nazirliyi Bakı Funikulyorunu yoxlayıb. Nazirlik mütəxəsislərinin yoxlaması nəticəsində heç bir təhlükəli vəziyyətin ortaya çıxmadığı bildirilirb.
Qeyd edək ki, funikulyor turistlərin diqqətini daha çox cəlb edən nəqliyyat vasitəsi sayılır. Səyahətə çıxan, macəra axtarışında olan turistlər kanatlar vasitəsilə hərəkətə gətirilən və çətin relyefli yerlərdən keçən vaqonlarla gəzməyi, oradan təbiət mənzərələrinə tamaşa etməyi çox sevirlər. Bəzi ölkələrdə funikulyor dağ yamacındakı tunellərdən keçir.
Bakı Funikulyoru isə elə də böyük ərazi qət eləmir. Bu obyekt 1960-cı ilin mayında istifadəyə verilib. Yaşlı nəslin dediyinə görə, o zaman Azərbaycanda belə bir nəqliyyat vasitəsinin istifadəyə verilməsi keçmiş Sovet İttifaqına əməlli-başlı səs salıbmış. Bakı funikulyoru ötən əsrin 90-cı illərinin əvvələrində bağlanmışdı. Bu nəqliyyat vasitəsi ikinci dəfə Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə 2001-ci ilin dekabrın 31-də yenidən istifadəyə verilib.
Hazırda MDB-də Bakı, Tbilisi, Kiyev, Soçi, Kanuas, Odessa, Nijni Novqorod və Vladivostok şəhərlərində funikulyorlar işləyir. Fəaliyyət göstərdiyi illər ərzində Bakı Funikulyorunda heç vaxt qəza baş verməyib.
Mail Ağaxanov