Modern.az

Azərbaycan vətəndaşları öz hüquqlarını bilmirlər

Azərbaycan vətəndaşları öz hüquqlarını bilmirlər

Ölkə

13 Aprel 2010, 16:13

 

 

Azərbaycan vətəndaşları öz hüquqlarını bilmir. Evi haqsız yerə sökülən, mülkiyyəti əlindən alınan insanlar məhkəməyə getmək əvəzinə xarici qurumlara,  ən yaxşı halda prezidentə müraciət edirlər. Bu fikirlər bu gün Media Mərkəzində “Yeni Nəsil” Jurnalistlər Birliyinin təşkil etdiyi debatda səsləndi. Debatda tərəf kimi çıxış edən millət vəkili Fuad Muradov və hüquq müdafiəçisi İradə Cavadova əsasən bir məsələdə razılığa gəldilər – haqları pozulan vətəndaşlar hara və necə müraciət etməyi bilmirlər.

 

İradə Cavadova bildirdi ki, dövlət ehtiyacları üçün torpaqların alınması zamanı  çox vaxt vətəndaşlara ədalətli kompensasiya hesablanmır. İnsanlar da hüquqlarını bilmədiklərinə görə, özlərini müdafiə edə bilmirlər:

“Bir çox vətəndaşlar var ki, mülkiyyət hüquqları pozulur. Onlar da məhkəmədən başqa hər yerə müraciət edirlər. Soruşuram, hara getmisiz? Deyirlər, prezidentə yazmışıq, Mehriban xanıma yazmışıq, ATƏT-ə, Avropa Şurasına məktub göndərimişik. Amma məhkəməyə, hüquq-mühafizə orqanlarına getmirlər”.

 

Fuad Muradov məhkəmə qərarı olmadan kiminsə evinin söküldüyünə inanmadığını dedi: “Məhkəmə qərarı olmadan heş kimin mülkiyyəti əlindən alına, heç kimin evi sökülə bilməz. Qanunlar birmənalı olaraq bunu deyir”.

 

Millət vəkilinin fikrincə, vətəndaşlarımızın maariflənməsinə ehtiyac var: “Hammerberq gəlib Nəsimi rayon sakininin problemini həll edəcək? Bunun üçün yerli instansiyalara müraciət etmək lazımdır”.  

 

Tədbirdə Füzuli küçəsinin sakini Hikmət bəy çıxış edib polisin bu ərazidə özbaşınalıqla məşğul olduğunu dedi. Onun sözlərinə görə, polis işçiləri ər-arvadı öz evindən çıxarıb idarəyə aparıblar və həmin vaxt evdə azyaşlı uşaq olmasına baxmayaraq, ailənin əşyalarını çölə töküblər.

 

İradə Cavadova bu halda da polisə, həmin əməkdaşların rəisinə, prokurorluğa müraicət etməyi məsləhət gördü. Onun fikrincə, vətəndaşlarda hüquq-mühafizə orqanlarına inam olmadığı üçün onlar beynəlxalq təşkilatlara müraciət etməyə üstünlük verirlər.

Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı