2010/2011-ci tədris ili üçün Türkiyə Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul elan edilir. Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissyasından məlumat verilib. Türkiyə Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavriat səviyyəsini bitirmiş və ya cari ildə bakalavriat səviyyəsinin sonuncu kursunda təhsil alan, 1 yanvar 2010-cu il tarixinədək yaşı 27-yə çatmamış, bakalavriat səviyyəsi üzrə orta balı 5 ballıq qiymət şkalasında 4-dən (100 ballıq şkalada - 70-dən) aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları qəbul oluna bilərlər. Dövlət hesabına təhsil alan magistrantlar və magistrlər, həmçinin hərbi xidmətdən möhləti olmayan şəxslər bu hüquqa malik deyillər.
Türkiyə Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq istəyən bakalavrlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini müvəffəqiyyətlə keçdikdən sonra 11-14 may 2010-cu il müddətində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına şəxsiyyət vəsiqəsini və hərbi mükəlləfiyyəti olanlar hərbi xidmət haqqında sənədini təqdim edib qeydiyyatdan keçməlidirlər.
Türkiyə Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün qeydiyyatdan keçən bakalavrlar ixtisaslaşma seçimi mərhələsində Azərbaycan Respublikasının ali məktəblərinin magistratura səviyyəsinə qəbul olunmaq üçün nəzərdə tutulmuş elektron ərizədə Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə ixtisaslaşmalarının kodları ilə yanaşı, Türkiyə Respublikası ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə ixtisaslaşmalarının kodlarını da göstərə bilərlər.
Türkiyə Respublikasının ali təhsil müəssisələrinin magistratura səviyyəsində təhsil almaq hüququ qazanan Azərbaycan Respublikası vətəndaşları imtahanın nəticələri elan olunduqdan sonra üç gün ərzində Azərbaycan Respublikasının Təhsil Nazirliyində qeydiyyatdan keçməlidirlər.
Türkiyə Respublikasının ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar bir tədris ili ərzində Türkiyədə hazırlıq kursu keçdikdən sonra orada təşkil olunacaq buraxılış-qəbul imtahanlarını müvəffəqiyyətlə verdikləri təqdirdə seçdikləri ixtisaslaşmalara uyğun olaraq Türkiyə Respublikası Yüksək Öyrətim Kurulu tərəfindən ali təhsil müəssisələrinə yerləşdiriləcəklər.
Modern.az