Macarıstanın Budapeşt şəhərindəki həbsxanada ömürlük cəza çəkən azərbaycanlı zabit Ramil Səfərovun atası Sahib Səfərov Modern.az-a bildirib ki, oğlu ilə
sonuncu dəfə 2 həftə öncə danışıb: “Əvvəllər tez-tez, həftədə bir dəfə zəng edirdi. Ancaq indi bilmirəm nəyə görəsə iki həftədir zəng etmir. Sonuncu dəfə danışanda heç bir narazılığı olmamışdı. Vəziyyətinin normal olduğunu demişdi. Çox güman yaxınlarda zəng edər. Çünki biz də çox narahatıq”.
Xatırladaq ki, Ramil Səfərov 2004-cü il yanvarın əvvəlində Macarıstanın paytaxtı Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kursa göndərilmişdi. O, həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını təhqir elədiyinə görə öldürdüyündən ömürlük həbs cəzası alıb. Günay Musayeva