Azərbaycanda 16 yaşdan aşağı uşaqların saat 21:00-dan sonra müəyyən əyləncə mərkəzlərinə girişi qadağan olunacaq. Bu barədə Modern.az-a Milli Məslisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, sözügedən məsələ ilə əlaqədar qanun layihəsi hazırlanacaq.
Musa Quliyev bildirib ki, axşam saat 21.00-dan sonra 16 yaşa çatmayan uşaqların əyləncə mərkəzlərində əylənmələri onların tərbiyəsinə mənfi təsir göstərir. “Azyaşlı uşaqlar axşam saat 21.00-dan sonra müəyyən məkanlarda kitab oxuyacaqlarsa, bu başqa məsələdir. Əsas məqsədimiz uşaqları onların əxlaqına zidd məkanlardan uzaqlaşdırmaqdır. Onlar bu saatdan sonra da faydalı işlərlə də məşğul ola bilərlər”.
Musa Quliyev onu da qeyd edib ki, qanun layihəsi hazırlanarkən dünya təcrübəsinə istinad olunacaq: “Məsələn, Rusiyada yeniyetmələr üçün komendant saatı elan edilib. Rusiyanın bütün şəhərlərində yerli vaxtla gecə saat 22:00-dan səhər 06:00-dək komendant saatııdır. Qanuna görə yeniyetmələr həmin vaxtda oyun salonlarında, restoranlarda, kafe və barlarda, klub və kinoteatrlarda, konsert zallarında, diskoteka, küçə və parklarda, stadionlarda və ictimai nəqliyyatda olmamalıdırlar. Bu qanun bizdə niyə olmasın….?
Qeyd edək ki, Almaniyaya da belə bir qanun var. Orada 16 yaşdan aşağı uşaqlar üçün komendant saatına ciddi şəkildə əməl olunur. Təhminə Paşayeva