Milli Məclisin komitə sədri Əli Hüseynovdan təkzib gəldi
“Mətbuatda Milli Məclisin yaxın vaxtlarda məhkumlarla bağlı amnistiya aktı qəbul edəcəyi barədə yer alan məlumatlar əsassızdır və həqiqətə uyğun deyil”. Bu fikirləri Modern.az saytına açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov deyib. Onun sözlərinə görə, komitənin sədr müavini Rövşən Rzayevlə əlaqə saxladığını və ikincinin mətbuata belə bir açıqlama vermədiyini söyləyib: “Bu, məlumat dezinformasiyadır. Hesab edirəm ki, belə məlumat jurnalistlərin təxəyyülünün məhsuludur və populist bir şeydir”.
Komitənin üzvü Fəzail Agamalı da onda Milli Məclisin yaxın vaxtlarda məhkumlarla bağlı amnistiya aktı qəbul edəcəyi barədə məlumatın olmadığını söyləyib.
Komitənin digər üzvü Rafayel Cəbrayılov isə şəhərdən kənarda olduğunu və bu barədə danışa bilməyəcəyini deyib: “Mənim də şəxsi həyatım var. İmkan verin buna da vaxt ayırım”-deyə o, fikrini tatmamlayıb.
Xatırladaq ki, parlamentəamnistiya aktına dair layihənin daxil olduğu haqda ilk məlumat “Yeni Müsavat” qəzetinin 15 aprel sayında dərc edilib. Qəzet yazıb ki, uzağı mayın 10-dək qəbul olunacaq amnistiya aktı layihəsi əvvəlki amnistiyalardan daha əhatəlidir. Bu gün “Media forum” da deputat Rövşən Rzayevə istinadla hazırda Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin amnistiya aktı layihəsinə baxdığı barədə məlumat yayıb. Sonuncu amnistiya aktı 2009-cu ilin mart ayında Heydər əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilib.
Modern.az