Modern.az

Əmək müqaviləsi bağlayan işçi nələri tələb etməlidir?

Əmək müqaviləsi bağlayan işçi nələri tələb etməlidir?

Ölkə

16 Aprel 2010, 11:00

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 48-ci maddəsinə əsasən işəgötürənlə işçi arasında “Əmək müqaviləsi” tərtib olunarkən  işçi dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim etməlidir. Bu o deməkdir ki, işləyən vətəndaşlar iş yerində əmək müqavilələrinin bağlanması zamanı son dərəcə diqqətli olmalıdırlar və “Əmək müqaviləsi” tərtib edilərkən işəgötürən tərəfindən dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsinin dəqiq göstərilməsinə çalışmalıdırlar. “Çünki respublikamızda işləyənlərin sosial müdafiəsi məcburi sosial sığortalanması əsasında aparılır”-deyə Dövlət Sosial Müdafiə Fondunun İtimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Məlumatda bildirilib ki, təyin edilən sosial ödənişlərin miqdarı sığorta stajından və vətəndaşın fərdi şəxsi hesabında toplanmış məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır Ona görə də şəxs işləməyə başlayarkən:

 

mütləq "Əmək müqaviləsi" imzalamalı;

aldığı əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmalı;

işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır.

  

Bununla sosial sığortaolunan şəxslər həm də qanunvericiliyin verdiyi üstünlüklərdən bəhrələnmək imkanı əldə edirlər. Xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilən şəxslər sosial risklərlə qarşılaşdıqda (əlil olmaq, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq və s.) sosial sığorta ödəmələrini almaq hüququna malik olurlar. Dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqinin digər üstünlükləri də vardır. Şəxsi fərdi hesablarda toplanmış məbləğ daim inflyasiya göstəricilərinə uyğun indeksləşdirilir, gələcəkdə daha böyük məbləğ şəklində həmin insanların təminatında rol oynayır. 

Araşdırmalar göstərir ki, bu gün bir sıra hallarda işçilərlə əmək müqavilələrinin bağlanmamasına, yaxud  əksər hallarda müəssisələrdə əmək haqlarının minimum səviyyəsində göstərilməsinə işçilərin öz hüqüqlarını müdafiə etməməsi və ya bu hüquqları dərindən bilməməsi də bilavasitə təsir göstərir. “Nəzərə çatdırırıq ki, gələcək pensiya və müavinət təminatında işçilərlə əmək müqaviləsinin bağlanılması, əmək haqlarının leqallaşdırılması mühüm rol oynayır. İşçilər bu prosesdə fəal iştirak etməlidirlər ki, gələcəkdə onların sosial hüquqları təmin edilmiş olsun”.

Dövlət Sosial Müdafiə Fondu əhalini məcburi dövlət sosial sığorta haqlarını vaxtlı-vaxtında və tam məbləğdə ödənməsində maraqlı olmağa çağırır. “Vətəndaşlar bilməlidir ki, onların sosial təminatının  gələcəyi öz əlindədir”. Modern.az           

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı