Modern.az

Azərbaycanda problemli kreditlərin payı 4,3%-ə yüksəlib

Azərbaycanda problemli kreditlərin payı 4,3%-ə yüksəlib

Ölkə

16 Aprel 2010, 15:48

Fevral ayında vaxtı keçmiş kreditlərin həcmi yanvarla müqayisədə 27 milyon manat artaraq 358,4 milyon manata çatıb. Mərkəzi Bankın statistik məlumatları əsasında aparılan hesablamalara görə, yanvar ayında bu göstərici 331,4 milyon manat olub.

2010-cu ilin fevral ayında ölkə iqtisadiyyatına yatırılan cəmi kredit qoyuluşlarının 4,3%-ni vaxtı keçmiş kreditlər təşkil edib. Əvvəlki ayda isə bu tipli kreditlərin payı 3,9% olub.

İlin 2 ayı ərzində problemi kreditlər 55 milyon manat artıb və 358,4 milyon manat təşkil edib. Bu göstərici son 10 ildə ən yüksək həddir.

Problemli kreditlərin artımı həm milli, həm də xarici valyutada qeydə alınıb. Milli valyutada olan vaxtı ötmüş kreditlər bir ayda 7,6 milyon manat artıb. Xarici valyutada isə vəziyyət daha gərgindir. Artım 19,4 milyon manat olub. Milli valyutanın 4,5%-i, xarici valyutaların isə 4%-i vaxtında qaytarılmayıb

Problemli kreditlərin həcminin artması səbəbindən əksər banklar tərəfindən kreditləşmə yenidən dayandırılıb. Çünki, yaranmış vəziyyət həmin bankların likvidlik (sərbəst pul) probleminin dərinləşməsinə gətirib çıxarıb. Hazırda sual doğuran məqam , banklarının qaytarılmayan kredit borcları problemini necə həll edəcəkləridir?

 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki,  problemli kreditlərin çoxalmasını yalnız borclananların ayağına yazmaq düzgün deyil: “İstehlak kreditlərinin qaytarılmasında müşahidə edilən problemlər və yubanmalar,  bu kreditlərdən istifadə edən vətəndaşların ödəmə qabiliyyətinin azalması ilə deyil, eyni zamanda, kommersiya banklarının uzun müddət kifayət qədər bahali kredit siyasəti həyata keçirməsi ilə bağlıdır”.

V.Bayramovun sözlərinə görə, 2009-cu ilin ortalarından başlayaraq problemli kreditlərin həcmində artımlar müşahidə edilir: “Ötən ilin ortalarında problemli kreditlərin payı bank aktivlərinin 2,7 faizini təşkil edirdisə, bu rəqəm artıq 5 faizə çatıb. Beynəlxalq standartlara görə problemli kreditlərin payı bank aktivlərinin 3 faizindən çoxdursa, bu artıq kritik həddir. Kommersiya bankları üçün ciddi başağrısıdır. Bu gün əslində  kommersiya bankları üçün ən ciddi problem kreditlərin qaytarılması və ya geri alınmasıdır”.

Ekspertin sözlərinə görə, məsələ yalnız problemli kreditlərin həcmi ilə bağlı deyil: “Problemin bir tərəfi də  kreditlərin məbləğində müşahidə edilən artımlardır. Problemli kreditlərin həll edilməsi üçün mexanizm yoxdur. Əvvəla problemli kreditlərin yaranmasının əsas səbəbi ondan iarətdir ki,  kommersiya bankları uzun müddət pramida prinsipindən istifadə ediblər. Banklar Qərb ölkələrindən daha ucuz kreditlər cəlb edərək həmin kreditləri daha yüksək faizlə fiziki və hüquqi şəxslərə veriblər. Praktiki qlobal maliyyə böhranı başlamazdan əvvəl kommersiya banklarının təklif etdikləri kredit faizləri təxminən 30 faiz intervalında idi. Bu izə kifayət qədər böyük faiz dərəcəsidir. Azərbaycan MDB-də yeganə dövlətdir ki, avtomobillərin alınması üçün verilən kreditlərin faiz dərəcəsi 20 faizdən artıqdır. Halbuki,  əksər Avropa ölkələrində bu cür kreditlər ya faizsiz, ya da kiçik faizlə verilir. Yəni bütün hallarda ikirəqəmli faizlə verilmir”.

Kommersiya banklarının problemli kreditlər məsələsinin həlli istiqamətində  addımlar atmadığını vurğulayan iqtisadçıının rəyinə görə, banklar əvvəllər buraxdıqları səhvləri təkrar edirlər:”Bu səhvlər daha yüksək faizlə kredit vermək və qısa müddətdə daha çox gəlir əldə etməkdir. Bankların kreditlərin verilməsi ilə bağlı qiymətləndirmələri qısa müddəti əhatə edir. Onlar uzunmüddətli dövr üçün  kreditlərin qiymətləndirmə və ya qaytarılma mexanizmini müəyyənləşdirə bilmirlər. Problemin digər tərəfi, banklar güman edirdilər ki, kreditlər qaytarıla bilməyəndə girov şəklində olan avtomobili və ya mənzili satacaqlar. Bununla dəyən ziyan ödəniləcək. Amma böhrandan sonra həm əmlak, həm də avtomobil bazarında müşahidə edilən durğunluq praktiki banklara imkan vermir ki, həmin girovu sataraq onlara dəyən ziyanı ödəyə bilsinlər”.

 

Məlum olur ki, kreditlərin verilməsi mexanizminin mükəmməl olmaması kommersiya banklarının  yüksək faizlə kreditlər təklif etməsi, bir sıra bankların kreditlər verilən zaman qeyri-rəsmi ödənişlər tələb etməsi kreditlərin daha bahalı olmasına gətirib çıxarıb: “Güman edilir ki, banklar  bahalı kredit siyasətini davam etdirərək qısa müddətdə gəlir əldə etməyə çalışdıqları müddətdə  problemli kredirlər məsələsini həll edə bilməyəcəklər. Bütövlükdə bank sektorunu qiymətləndirdikdə problemli kreditlər kommersiya banklarının ən ciddi problemi hesab edilir. Yaxın vaxtlarda problemli kreditlər  bir sıra kommersiya  banklarının rəsmi olmasa da qeyri-rəsmi fəaliyyətlərini dayandırmasına səbəb olacaq”.

V.Bayramov deyir ki, problemli kreditlər səbəbindən kommersiya banklarının əksəriyyətində kredit verilişi dayandırılıb. Banklar kredit verən zaman diğər meyyarlardan istifadə edirlər.Yəni müraciət edən bütün vətəndaşlara kredit verilmir. Kreditlərin verilməsi yönündə müəyyən limitlər, sərtləşdirici tədbirlər həyata keçirirlər.Bu da arzuolunan deyil. Çünkı, bankların  gəlirlərinin 70 faizini kreditlərin verilməsi və onların idarə edilməsindən əldə edilən gəlirlər təşkil edir.Vəziyyət belə davam etsə problemli kreditlər kommersiya banklarının fəaliyyətində problemlərin dərinləşməsinə, bir sıra kommersiya banklarının fəaliyyətlərini dayandırmalarına gətirib çıxaracaq”.  

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı