Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ilə Parlament Jurnalistlər Birliyi jurnalistlər arasında Qarabağla bağlı müsabiqə elan edib. Məlumatı Modern.az-a millət vəkili Fuad Muradov verib.
Deputat qeyd edib ki, münsiflərin qalib elan edəcəyi 4 yazıya xüsusi mükafat veriləcək: “Təbii ki, bu məsələdə pul mükafatları simvolik rəqəmdir. Əsas ölkə mətbuatının diqqətini bu məsələyə dərindən yönəltməkdir. Bundan başqa, daha 4 yaxşı yazıya həvəsləndirici mükafat veriləcək. Ümumilikdə 10 ən yaxşı yazı seçiləcək, həmin yazılar başqa-başqa dillərə tərcümə edilərək xarici mətbuatda yerləşdiriləcək. Müsabiqədə əsas üstünlük analitik, araşdırma yazılara veriləcək. Müsabiqənin digər şərti yazıların həcmcə kiçik, məzmunca böyük olmasıdır. Çünki xarici mətbuatda böyük yazılara o qədər də yer verilmir. Yazı müəllifləri yazılarını mayın 16-dək Gənclər Təşkilatları Milli Şurası yaxud Parlament Jurnalistlər Birliyinə təqdim etməlidirlər. Nəticələr mayın 20-də elan olunacaq”. Şərtlərə görə, yazıların həcmi A4 formatında 3 səhifədən çox olmamalı və elektron varinatda təqdim edilməlidir. Modern.az.