Qarşıdan ali məktəblərə qəbul imtahanları başlayır. Vaxt daraldıqca abituriyetnlərdə həyəcan da artır. Valideynlər müxtəlif dərmanlardan və psixoloq köməyindən istifadə etməklə, abituriyentlərdəki mənfi emosiyaları yox etməyə çalışırlar. Lakin başqa bir variant da var: abituriyentlərə elə ötən il abituriyent həyatı yaşamış indiki tələbələr daha yaxşı kömək edə bilər. Modern.az bu məsələdə vasitəçilik edərək ali məktəblərə hazırlaşan abituriyentlərə tələbələrin məsləhətlərini təqdim edir. Həm də ən yüksək bal toplayan tələbərin məsləhətlərini...
Rauf Zeynalov (BDU, tətbiqi riyaziyyat fakültəsi, topladığı bal 665, prezident təqaüdçüsü): “Abituriyentlərə məsləhətim odur ki, bu son iki ay müddətini yaxşı dəyərləndirsinlər. Abituriyentlərin çoxu bu dövrdə panikaya düşürlər, heç nə oxuya bilmirlər. Amma bu dövrü yaxşı dəyərləndirənlər öz ballarını xeyli artırırlar. Suallar mövzunun o qədər də dərinliyindən düşmür. Həyəcanlanmalı heç bir şey yoxdur. Sadəcə, imtahan zamanı diqqətli olmaq lazımdır. İmtahanlar yaxınlaşdıqca abituriyenytlər öz istirahətlərinə də diqqət ayırmalıdırlar. Bir çox abituriyentlər diqqətsizlik ucbatından aşağı bal toplayırlar. Əllərindən gələni etsinlər, gerisi qismətdi. Arzum odur ki, hər bir abituriyent öz istədiyi universitetə, fakültəyə daxil olsun”.
Leyla Bayramova (BDU, mexanika-riyziyyat fakültəsi, topladığı bal 665, prezident təqaüdçüsü ): “Hər bir abituriyent dərslərini vaxtında məktəb proqramlarına əsasən oxumalı, 10-11-ci siniflərdə hazırlığa getməyi gözləməməlidir. Repetitorun dərs metodu ilə yanaşı, özlərinin fərdi təkrarlama sistemi olmalıdır. Arzulara çatmaq, ali məktəbə qəbul olmaq üçün qarşılarına məqsəd qoymalıdırlar. Bu məqsədə çatmağı isə hər şeydən üstün tutmalıdırlar. Bütün abituriyentlərə istədikləri universitetə və sevdikləri fakültəyə qəbul olmalarını arzu edirəm”.
Abbasəli Əliyev (BDU, jurnalistika fakültəsi, topladığı bal 630 ): “Məqsəd insanı niyyətinə çatdıran əsas vasitədir. Müəlliməmin sözü mənə stimul verdi ki, mən sırf jurnalistikanın tələbəsi oldum. Mən imtahana həyəcansız girmişəm. Heç ağlıma belə gətirmirdim ki, dövlət imtahanındayam, düşünürdüm ki, əvvəlki sınaqların biridir. Abituriyentlərə məsləhətim odur ki, qarşılarına məsləhət qoysunlar. Əgər məqsədli olsalar ali məktəbə qəbul olacaqlar. İnanın ki, tələbə adını daşıyan zaman çəkdiyiniz bütün əziyyətlər sizə şirin gələcək. Düşünün ki, banka pul qoymusunuz, 2 aydan sonra o artacaq. Yəni nə qədər çox əziyyət çəksəniz, çəkdiyiniz zəhmət qədər Allah sizləri mükafatlandıracaq. Nə olursa olsun, vaxtlarını boş yerə itirməsinlər. Unutmasınlar ki, boş vaxt yoxdur, sadəcə boşa keçən zaman var”.
Məhəmməd Mürşüdov (BDU, tətbiqi riyaziyyat və kibernetika fakültəsi, topladığı bal 685, prezident təqaüdçüsü): “Çox oxumaq lazım deyil, əsas odur ki, nə oxuduğunuzu və niyə oxuduğunuzu biləsiniz. Oxumaqla yanaşı, gənc abituriyentlər öz istirahətlərinə də xüsusu fikir verməlidirlər. Bütün gənc abituriyentlərə uğurlar arzulayıram”.
Nigar Əliyeva (BDU, mexanika-riyaziyyat fakültəsi, topladığı bal 670, prezident təqaüdçüsü): “Abituriyentlərə tövsiyyə edirəm ki, bütün materialları yüksək səviyyədə təkrarlasınlar. Qarşılarına çıxan müəmmalı sualları mütləq müəllimlərdən soruşub təhlil etsinlər. Unutmasınlar ki, hər qaranlıq məsələ parlaq gələcəyə gedən yolda qarşılarına çıxa biləcək “Silahlı düşmən”dir. Yüksək nəticə bilikdən əlavə, diqqət və vaxta qənaət də tələb edir. Ona görə də onlara diqqətli olmağı məsləhət görürəm. Hər bir abituriyentə uğurlar diləyirəm”.
Əziz abituriyentlər, bu gün sizə arzu və məsləhət verən tələbələr, keçən il sizin kimi abituriyent olanlardır. Unutmayın ki, hər şey özünüzdən asılıdır, bütün bacarıqlarınızdan düzgün istifadə etməyi bacarmalısıniz. Əgər 2010 -cu ilin tələbəsi adını daşımaq istəyirsinizsə, hələ də gec deyil. Qarşıda sizi daha iki ay gözləyir. Hər birinizə uğurlarla
BDU-nun tələbəsi Dürrə Həsənova