Modern.az

Ucqar yerlərə işləməyə gedəcək gənc müəllimlər üçün yeni qərar

Ucqar yerlərə işləməyə gedəcək gənc müəllimlər üçün yeni qərar

Ölkə

19 Aprel 2010, 10:19

Nazirlər Kabineti pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında yeni qərar çıxarıb.

Hökumətin qərarına görə, pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisələrində davam etdirən gənc mütəxəssislərə bu müddət ərzində kommunal xidmətlərini ödəmək üçün ayda 40 (qırx) manat məbləğində kompensasiya verilməli və yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərilməlidir.                                                                         

Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində aylıq əməkhaqqına ayda 70 (yetmiş) manat məbləğində əlavə ödəniləcək.

Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, dövlət sifarişinə əsasən kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım ödəniləcək.

Qərarda göstərilib ki, Təhsil Nazirliyi hər il iyul ayının 1-dən gec olmayaraq, növbəti tədris ili üçün həvəsləndirmə tədbirləri tətbiq ediləcək kontingentin sayını müəyyənləşdiribbu barədə Maliyyə Nazirliyinə müvafiq məlumat təqdim etməlidir. Təhsil Nazirliyi gənc mütəxəssislərin dövlət sifarişinə uyğun real tələbat olan ümumi təhsil müəssisələrinə göndərilməsi, onlardan səmərəli istifadə edilməsi və tələbatın ödənilməsi istiqamətində əməli tədbirlər görməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında" 2004-cü il 22 iyun tarixli 85 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 500; 2006-cı il, № 4, maddə 376) və "Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyun tarixli 85 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi barədə" 2006-cı il 17 aprel tarixli 107 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 376) qüvvədən düşmüş hesab edilib.

  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı