
Bu il də Bakıda keçiriləcək bal yarmarkasına xeyli arıçı gələcək. Onlar öz məhsullarını kənd Təsərrüfatı Nazirliyinin təyin etdiyi qiymətə alıcılara təklif edəcəklər. 49 rayondan 200 nəfər arıçının təxminən 300 ton bal, 40 kq vərəmum, 1 kq arı südü, 25 kq çiçək tozu satışa çıxaracağı gözlənilir. Yarmarkada balın kq-ı isə 15 manata satılacaq. Amma mütəxəssislər Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşmır. Arıya baxmağın çətin olduğunu deyən arıçılar əsl balın 15 manata satılmadığını deyirlər. Tovuzda arıçı təsərrüfatı ilə məşğul olan müəllim Vasif Yolçuyev deyir ki, Kənd Təsərrüfatı Nazirliyinin hər il təşkil etdiyi bal yarmarkasına qoşulmaqdan imtina edib. Fermerin sözlərinə görə, yarmarkada paytaxt sakinlərinə saxta ballar satılır.
“Arı məhsulu olan bal insan üçün əvəzsiz qida olduğundan və arıçı təsərrüfatına baxmaq çətin olduğundan təbii balın ən aşağı qiyməti 30 manatdan başlayır. Odur ki, Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi bal yarmarkasında təbii baldan söhbət gedə bilməz. Arı təsərrüfatına baxmaq çox çətindir. Adicə bir misal deyim ki, şan listinin biri 80 manata başa gəlir. Ona görə də kəndlinin təmiz balı 15 manata verməsi heç inandırıcı deyil. Yarmarkada təmiz bal satılmasına ancaq baldan başı çıxmayanları inandırmaq olar. Heç belə bir qiymət fermerin özünə də sərf etmir. Odur ki, əksər fermerlər həmin yarmarkaya getməkdən boyun qaçırır”.
Arıçı bal əldə etməyin çətinliyindən də danışır. Onun sözlərinə görə, arıları daim diqqətdə saxlamaq, izləmək lazımdır. Ən xırda bir şey gözdən qaçsa, arı ailəsi məhv olar.
“Arı ailəsində gözətçi, kəşfiyyatçı, döyüşçü, hava haqqında məlumat verən, süd verən, dişi və erkək, arı şanını dəqiq yığan arılar var. İşçi arıların ömrü 30-40 gün, ana arının ömrü isə arı südü yediyinə görə 7-8 il olur. Əgər ana arı ölərsə, ailədə qanunsuzluq hökm sürər, arılar işləməyə getməz, yığdıqları balı yeyər və bir-birləri arasında ölümcül müharibəyə başlayarlar. Arı ailəsində gündə minlərlə arı ölür. Ölmüş arıları işçi arılar yuvadan bayıra atırlar. Maraqlıdır ki, ana arı ölərkən arılar 3 gün matəm edirlər. Onlar bal yığmağa getmir və bütün günü yuvada gəzişirlər”.
V.Yolçuyev dedi ki, vəhşi arı ilə bal arısının fərqini rəngindən və sancmasından bilir. Onun sözlərinə görə bal arısı sancanda onun iynəsi insan bədənində qalır, və buna görə də dərhal ölür: “Arılarda ciddi nizam-intizam var. Onların qanununa görə, hamı işləməlidir. İşləməyən arını öz ailələrinə buraxmırlar. May ayından sonra istədiyin vaxt bal götürə bilərsən. Amma tam olaraq sentyabr-oktyabr aylarında götürürlər. Qış aylarında isə arılar çölə çıxmırlar. Özləri hazırladıqları balla qidalanırlar. Onlardan balı götürəndə çox ehtiyatlı olmaq lazımdır. Hər hansısa xırda bir səhv arı hücumuna məruz qalmaq deməkdir”.
Balın saxlama şəraitinə də toxunan Vasif Yolçuyevin sözlərinə görə, bal ağzı möhkəm bağlanan şüşə bankalara və başqa növ şüşə qablara qablaşdırılaraq saxlanılır. Balı soyuq və tam qaranlıq olan yerdə saxlamaq daha yaxşıdır. Quru yerdə ağzı bağlı bal istənilən temperaturda saxlanıla bilər. Yüksək rütubət şəraitində isə +10º-dən aşağı, yaxud 30-32º temperaturda saxlamaq daha yaxşıdır. Bal kənar qoxuları tez götürmək qabiliyyətinə malik olduğundan onun saxlandığı otaq və qab təmiz olmalıdır. Balı dəmir və mis qablarda qətiyyən saxlamaq olmaz. Bu kimi qablarda bal kimyəvi reaksiyaya girir və nəticədə tərkibində zəhərli duzlar əmələ gəlir. Ağac çəllək və yeşiklərdə isə balı uğurla saxlamaq olar. Xalis balın rütubəti az olduğundan kristallaşır, xarlayır. Balın xarlaması onun keyfiyyətinə xələl gətirmir. Əgər xarlanmış balı əvvəlki vəziyyətinə gətirmək istəyirsinizsə, onu şüşə qabla birlikdə 35-40ºC temperatura qədər olan suyun içinə qoyun. Amma temperaturun bundan yuxarı olması balın tərkibindəki faydalı vitaminlərin itirilməsinə səbəb ola bilər. Müvafiq şəraitdə balın optimal saxlanılma müddəti 1 ildir. Bundan sonra o mikroblara qarşı olan xüsusiyyətlərini itirir. Qlükoza və fruktozanın həcmi 10-20% aşağı düşür. Tərkibindəki vitaminlər dağılmağa başlayır. Saxaroza və turşuların sayı artır.
Gültəkin ƏLƏSGƏR